“Heç kim zəmanət vermir ki, manatın məzənnəsi dəyişməyəcək”

“Heç kim zəmanət vermir ki, manatın məzənnəsi dəyişməyəcək”

İlham Şaban: “Hökumət qeyri-neft sektoru ilə bağlı addımlar atsa da, köklü bir dəyişiklik yoxdur”

 

Dünyanı bürümüş pandemiya və bu səbəblə ölkələrin elan etdiyi xüsusi karantin rejimləri ən böyük ölkələrin də iqtisadiyyatına böyük ziyan vurdu. İqtisadiyyatı neftdən asılı olan Azərbaycandan da bu ziyan yan keçmədi. Neftin kəskin ucuzlaşması ölkə iqtisadiyyatının yaxın gələcəyi barədə ciddi narahatlıqlar doğurur.

 

Bəs, pandemiyadan sonra ölkə iqtisadiyyatını nə gözləyir? Neftin aqibəti necə olacaq? Dünya bazarında neftin ucuzlaşması niyə yerli bazarda benzinin qiymətinə təsir etmir? Azərbaycan iqtisadiyyatı indiki halda neftdən nə qədər asılıdır və yaranmış problemləri aradan necə qaldırmaq olar?

 

AYNA-nın suallarını cavablandıran Neft Araşdırmalar Mərkəzinin (NAM) rəhbəri İlham Şabanın sözlərinə görə, əgər Çin aprel ayında karantin rejimindən çıxmağa başladısa, Avropada bu proses may ayından başlayıb: “O cümlədən də Azərbaycan. Hələ bütün dünya üçün də qaranlıqdır ki, necə olacaq. Lakin iyul ayına qədər bu problemdən tam qurtulmaq məsələsi gündəmdə deyil – bizim üçün də, başqaları üçün də, istehlak bazarı üçün də. Bu, o deməkdir ki, mart ayından bütün dünyanın karantin rejiminə keçməsi və dörd ay müddətində bu rejimdə qalması iqtisadiyyata ciddi təsir göstərir. Gediş-gəliş yoxdur, sənaye dayanıb. Azərbaycan kimi ölkə Avropa ilə müqayisədə çox mülayim keçir bu vəziyyətdən. Bizim sənaye müəssisələrinin dayanması ilə bağlı heç bir göstəriş verilməyib. Yəni, bizdə istehsalla məşğul olanlar öz işlərini davam etdirirlər. Qlobal şəkildə baxsaq, beynəlxalq maliyyə institutları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı bəyan edir ki, İkinci Dünya müharibəsindən bu günə qədər iqtisadiyyatın bu formada çöküşü baş verməyib. Bu baxımdan, 194 ölkədən 157-i üzrə iqtisadi eniş praqnozlaşdırılıb”.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban ...

“Həmçinin də Azərbaycanda. Azərbaycan hökuməti ümumi daxili məhsulda artım proqnozlaşdırmışdısa, Beynəlxalq Valyuta Fondu ilin axırına qədər 2.2 faiz eniş olacağını gözləyir. Bizim hökumətimiz, Qazaxıstandan, Rusiyadan, Gürcüstandan fərqli olaraq, ötən ilin sentyabr-oktyabr aylarına olan proqnozunu hələ də dəyişməyib. Çox güman ki, büdcəyə dəyişiklik zamanı bu göstəriciyə dəyişiklik ediləcək. Bizdə 2016-cı ildə 2.1 faiz eniş qeydə alınmışdı. O zaman bu hadisə yox idi, digər tərəfdən, neft 54 dollardan 41.9 dollara düşmüşdü. Devalvasiya da Azərbaycanın maliyyə sektorunu iflic vəziyyətə salmışdı. İndi isə biz bir neçə bankın bağlanmasını, bəzilərinin də vəziyyətinin qənaətbəxş olmadığını görürük”, - ekspert bildirib.

 

Ancaq istənilən halda, İ.Şaban maliyyə sektorunun iqtisadiyyatın qan damarı olduğunu deyib: “Yuxarıda qeyd olunan problemin simptomlarıdır ki, bu gün maliyyənin azalması səbəbindən eniş müşahidə olunur. Digər tərəfdən, heç kəs zəmanət vermir ki, ilin ikinsi yarısında, Azərbaycanın üç ildən artıqdır ki, sabit saxladığı manatın kursu dəyişməyəcək. Əgər Amerika, Avropa kimi ölkələr 5 faizlik enişə məruz qalacaqsa, Azərbaycan bunu 2 faizlə başa vura bilərmi? Sadəcə, bizim hökumətimiz pozitiv ruhludur və bu da o baxımından yaxşıdır ki, insanları panikadan qoruyur, iş adamlarını, sahibkarları qorxudan xilas edir. Ən yaxşı çıxış variantı informasiyanın özünün göstərdiyi həqiqəti cəmiyyətlə daha çox bölüşməkdir. Sonradan baş verə biləcək hadisələr daha çox fəsadlara yol aça bilər”.

 

NAM rəhbəri neftin ucuzlaşmasının yerli bazarda benzinin qiymətinə niyə təsir etmədiyini belə izah edib: “Azərbaycan müstəqilliyini əldə edəndən bəri bəzi kateqoriyada olan məhsulların qiyməti dövlət tərəfindən tənzimlənir, o cümlədən də yanacağın. Bizim yanacağımızın dünya bazarına heç bir aidiyyəti yoxdur. 2014-cü ilin 1 aprel tarixindən yüksək oktanlı benzin dövlətin tənzimlənməsindən çıxarılıb. Buna görə də biz müəyyən dövrlərdə onun qiymətinin dəyişməsini görürük. 19 martdan 1 maya qədər 40 qəpik ucuzlaşmasını da gördük. Daxili bazarda, Heydər Əliyev adına Neftqayırma Zavodu SOCAR-dan 1 bareli 10 dollara neft alır. Bu halda qiyməti hara aşağı salsın? Bir dəfə xarici bazarda neftin qiyməti 148 dollar olmuşdu, o zaman Azərbaycanda benzinin qiyməti on dəfə bahalaşmamışdı ki. Yenə həmin qiymətdir. Benzinin ölkə daxilində stabil qiyməti var və bu, xarici bazardakı neft qiymətindən asılı deyil. Bu da daxili bazar üçün müsbət amildir”.

 

İlham Şaban Azərbaycan iqtisadiyyatının hələ də böyük göstərici ilə neftdən asılı olduğunu vurğulayıb: “Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 20 ildir ki, dəyişmir. Ümumi neft məhsulları ilə birlikdə götürsək, 90-91 faiz valyuta gəlirlərimiz məhz enerji daşıyıcılarından qaynaqlanır. Hökumət nə qədər çox qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atsa da, hələlik köklü bir dəyişiklik yoxdur. Məsələn, 100 milyon dollarlıq pomidor ixrac edirdiksə, bunu çatdırmışıq 190 milyona. Ancaq bu, pomidorun gəliridir, mənfəəti deyil. Bizdə heç kəs pomidorun gətirdiyi mənfəəti açıqlamır. Neft isə 2019-a baxsaq, 2018-ə baxsaq, 10 milyard mənfəət gətirir. Keçən il 19 milyarddan artıq ümumi ixracımız olub, bunun 16 milyardı neft olub. Məsələ bundadır”.

Müəllif: Bünyamin      12 May 2020 10:31
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin