Neft böhranı: Tramp yanğını söndürməyə çalışır

Neft böhranı: Tramp yanğını söndürməyə çalışır

İlham Şaban: “Neft bazarında baş verənlər sürpriz sayıla bilməz

 

Aprelin 21-i gecə ABŞ-da WTI markalı xam neftin qiymətinin mənfiyə enməsinin ardınca “Brent” markalı xam neft də ucuzlaşmağa başladı. London İCE birjasında iyun fyuçerslərinin qiymətində, əvvəlki müqavilələrin bağlanış səviyyəsinə nisbətdə 28,55% azalma oldu və “Brent”in bir bareli 18.27 dollar səviyyəsinə düşdü. Sonuncu dəfə “Brent” 2002-ci ilin yanvar ayında 19 dollardan aşağı satılmışdı.

 

ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanından neft idxalının məhdudlaşdırıla biləcəyinə işarə vurdu: "Əlbəttə ki, çoxlu neftimiz var, ona görə də bunu nəzərə keçirəcəm".

 

Baş verənləri AYNA-ya şərh edən Neft Araşdırmaları Mərkəzi (NAM) rəhbəri İlham Şabanın sözlərinə görə, Donald Trampın Səudiyyə neftinin idxalını azaltmaqdan başqa yolu yoxdur: “O, nə etmək məcburiyyətində qalıb? İndi bazarı xilas etməliyik və bunun üçün istehsalçıları istehsal həcmini azaltmağa məcbur etməliyik. Bu atəşi necə söndürmək olar? Düşünürəm ki, Trampın yerində hər hansı digər prezident olsaydı, yenə eyni qərarı verərdi. Bu vəziyyətdən qismən xilas edəcək alternativ çıxış yolu yoxdur”.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban ...

O, hesab edir ki, neft bazarında baş verənlər sürpriz sayıla bilməz: “Çünki Beynəlxalq Enerji Agentliyi bunun siqnalını vermişdi. Agentliyin hesabatlarında deyilirdi ki, aprel ayında tələbat 29 milyon barel azalacaq və 1995-ci ildəki səviyyəyə düşəcək. Ancaq sual fərqlidir: Bundan sonra qiymətlərin düşdüyü bir şəraitdə tələbat olmayan nefti haraya yerləşdirmək lazım gələcək?”.

 

“Burada siyasi nüanslar axtarmağa ehtiyac yoxdur, ortada obyektiv səbəblər var. Məsələn, biz indi Azərbaycanda evdə otururuq. Ölkədə, təxminən 1,4 milyon avtomobil var, təəssüf ki, DYP yollarda hərəkət edən avtomobillərin sayına dair gündəlik statistik məlumat vermir, amma əminliklə deyə bilərəm ki, yollarda onların sayı 10 dəfə azalıb. Yəni benzinə, dizelə və digər neft məhsullarına tələbat xeyli azalıb. Həm Azərbaycanda, həm də dünyada istehsal müəssisələrində qaz istehlakı, elektrik enerjisi istehlakı və hər şeyə tələbat demək olar ki, sıfır səviyyəsindədir”, - İ.Şaban bildirib.

 

NAM rəhbəri OPEC+ sazişlərinin niyə neft bazarını xilas edə bilmədiyinə də aydınlıq gətirib: “Buna səbəb OPEC tərəfdaşlarının hasilatı 2016-cı ilin oktyabr ayından etibarən 10 milyon barel azaldacağını açıqlamasıdır. Məsələn, Rusiyanın hasilatı 2,5 milyon barel azaldacağı güman edilirdi, əslində bu, 1,8 oldu. Səudiyyə Ərəbistanı isə 2,5 milyon barel azaltmalıydı, amma 1,3 milyon barel oldu. Eyni şey Azərbaycana da aiddir - O zaman 218 min barel var idi, indi mart ayının sonunda 680 min bareldir”.

Müəllif: Nicat Hacıyev      22 Aprel 2020 20:10
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin