Operativ qərar gah elə, gah belə olmur – BİR QƏRARA GƏLİN

Operativ qərar gah elə, gah belə olmur –             BİR QƏRARA GƏLİN

İllərlə ölkədə “olar”larla “olmaz”ların çəkisi arasında o qədər yerli-yersiz fərqlər yaradılıb ki...

 

Martın 24-də ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsindən bu yana evdən (gündə 1 saatlıq alış-veriş xaric) çıxmırdım. Həm şəxsi (ailə), həm də ictimai təhlükəsizlik naminə “Evdə qal” aksiyasının tərəfdarlarındanam. Və hətta, qısamüddətlik fövqəladə vəziyyət rejiminə keçilməsindən yanayam.

 

Nəhayət, dünən (3 aprel) işimlə əlaqədar xüsusi zərurətdən dolayı 1-2 saatlıq şəhərə gedib-gəlməli oldum – Xırdalandan Bakıya. Nazirlər Kabinetinin aprelin 2-də ölkədə hərəkət məhdudiyyəti tətbiq edilməsinə dair qərarından da xəbərsiz deyildim, zatən o cür qərarlar ictimaiyyətə biz jurnalistlərin vasitəsilə çatdırılır.

 

Amma həmin qərar mənim hərəkətimi heç bir halda məhdudlaşdırmırdı:

 

1. Qərar aprelin 5-dən, yəni 2 gün sonra qüvvəyə minəcəkdi;

2. Hətta evdən çıxmalı olduğum gün aprelin 3-nə deyil, 6-na təsadüf etmiş olsaydı belə, Operativ Qərargahın “Xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir” dediyi kateqoriyaya kütləvi informasiya vasitələrinin əməkdaşları da daxildir.

 

Göründüyü kimi, tam sərbəst şəkildə işimi həll edib qayıda bilərdim. Bilərdim, lakin...

 

Məsələ hələ onda deyil ki, bizim idarəçilər heç vaxt heç bir işi düz-əməlli axıra çatdıra bilməyiblər, bilmirlər. Elə Nazirlər Kabineti yanında Operativ Qərargah kimi. Ciddi və operativ qərarlar qəbul edirdilər, cəmiyyəti yetərli arqumentlərlə inandırırdılar və əhalinin əksəriyyəti də onların tapşırıq-tövsiyələrinə əməl edirdi.

 

Sonra noldu bunlara belə? Yoruldularmı, bezdilərmi, ideyalarımı tükəndi? Məsələn, SMS-icazə nə deməkdir? Buna əməl və nəzarət etməyin nə dərəcədə mümkünlüyünü özləri təsəvvür edirmi? Təsəvvür etmirlərsə, heç olmasa, sosial şəbəkələrdə yayılmış lağ-lağıları, yenilənmiş lətifələri, yumoristik video-çarxları qabaqlarına qoyub düşünsünlər (Yeri gəlmişkən, sonuncu dəfə bu cür kütləvi məzə kampaniyası parlament seçkiləri ərəfəsində müşahidə olunmuşdu).

Azərbaycanda evdən çıxmaq üçün ödənişsiz SMS-i göndərməyin izahı ...

Demişdim axı, məsələmiz hələ qəbul olunan qərarların mahiyyətində deyil. Məsələ o qərarları daha da bataqlığa çəkən, öz ağıllarınca təfsir edən icraçıların təfəkkür tərzindədir. Bəzən insanın içindən onları qınamamaq keçir. Axı, illərlə ölkədə “olar”larla “olmaz”ların çəkisi arasında o qədər yerli-yersiz fərqlər yaradılıb, birinci subyekt o qədər gözümçıxdıya salınıb ki... İcraçılar da “olmaz”lar nəslinin nümayəndələri kimi yetişərək, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının müasir qəhrəmanlarına çevriliblər.

 

İcraçıları həm də ona görə qınamamaq hissi yaranır ki, məsələn:

- Tarif Şurası qiymət artımını gecə ilə həyata keçirdiyi halda, maaş artımına dair qərarların qüvvəyə minməsi gələn ilə nəzərdə tutulur;

- Cərimələr vətəndaşın canından kəlbətinlə qoparılarkən, borcların bağışlanması məsələsi üzərində uzun-uzadı düşünülür;

- “Kötəklər” indiki, “kökələr” gələcək zaman şəkilçisinə yapışdırılır.

 

Və bütün bunlar həmin aşağı məmuriyyət korpusunun gözü önündə baş verir. Görə-görə gəlirlər, belə-belə böyüyürlər!

 

Beləliklə, Bakı-Sumqayıt yolunda dözülməz tıxac. “Ekologiya postu”nun keşikçiləri avtomobillərin bir hissəsini buraxır, qalanları geri göndərirdilər (təkrar qeyd: hələ aprelin 3-dür). Narazılıq, mübahisə və cərimələr...

Ekologiya postu”na rəis təyin edildi

1.5 saatlıq tıxacdan sonra sıra mənə çatdı. “Olmaz”lar nəslinin nümayəndələri, sadəcə şəxsiyyət vəsiqəmə baxdılar: “Rayon qeydiyyatıdır, olmaz!”. Nə xidməti vəsiqəmə əhəmiyyət verən vardı, nə də ayın neçəsi olmasına. Ən əsası, vətəndaşlarla normal ünsiyyət, izahat, davranış yoxdur: “Olmaz, vəssalam!”

 

Onlara jurnalist olduğumu, iş ardınca yollara düşdüyümü, mənim hərəkətimə rəsmi icazə verildiyini, üstəlik Operativ Qərargahın məhdudlaşdırma qərarının 2 gün sonra qüvvəyə minəcəyini izah edənədək xeyli vaxtım getdi. Arxada uzun tıxac, öndə izdiham, əsəblər tarımda.

 

Axırı çox maraqlı qurtardı: “Yaz bunu, yaz! Sonra da burax, getsin!”

 

Serjant avtomobilimin dövlət seriya nömrəsinə baxıb, əlindəki planşetə nəsə yazdı və yolumu açdılar. İsrarıma rəğmən, nə yazdılar, niyə yazdılar, cavab verən olmadı.

 

Amma həmin gün axşam Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov efirdən mövzu ilə bağlı suala belə cavab verdi: “Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşları mağazaya, aptekə gedən zaman icazə üçün SMS lazım deyil. Həmin qurumun əməkdaşları fasiləsiz işləyirlər. İcazə almamalıdırlar. Xüsusi karantin rejimini tənzimləyən 124 nömrəli qərara görə, onlar 24 saat sərbəstdirlər. Yəni onların zəruri ehtiyacları üçün SMS-lə icazəyə ehtiyac yoxdur”.

 

P.S. Hörmətli İbrahim müəllim, olarmı ki, bu qeydi kiçik kağız parçalarında çoxaldıb, Dövlət Yol Polisi və Daxili Qoşunların əməkdaşlarına paylayasınız? Başqa cür alınmır, inanmırlar, inandıra bilmirik...

Müəllif: Tural Talehoğlu      4 Aprel 2020 18:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin