Muəllif:

VİZİT KARTI, ARPA ŞİRƏSİ

 (Almaniya Qeydləri – 4)

 Füssenin “Torqovaya” küçəsi Rayxenştrasse adlanır. Onun sağ və solundakı tarixi binalarda bir zamanlar zəngin tacirlər yaşayırmışlar. Qədim romalıların tarixi Via Klaudia Augusta adlanan ticarət yolu bu küçə üzərində salınıb. Bu yol indiki İtaliyanın şimal bölgələri ilə Dunay çayı ətrafındakı əyalətləri birləşdirirmiş. Hər daşı tarix olan küçədə gəzib, kafelərdən birində otururam. Bir parç Augustiner Dunkel sifariş verib telefonumdakı naviqatorda göllər bölgəsini işarələyirəm. Günün birinci yarısını bu füsunkar çoğrafiyanın təbiətinə həsr edəcəyik…

Bavariya deyəndə ağla ilk olaraq məşhur Bavariya pivələri gəlir. Mənə görə isə Bavariyanın vizit kartı onun füsunkar təbiətidir. May ayıdır, Alp dağlarının sürətlə yaşıla büründüyü bir mövsümdür. Bahar bu təkrarsız torpaqları ağuşuna alıb gözəlliklərə qərq edəndə bundan nəsibini ən çox sayı 300-ə çatan göllər alırlar. İlin bu gözəl vaxtında bahar Bavariyadakı hər gölə sanki başqa bir gözəllik qatır. Deyilənə görə bu gölləri bir-birilə qarışdırmaq mümkün deyil. Onları fərqli gecə qiyafəti geymiş prenseslərə bənzətdim.

Göllərin masmavi sularında yaxta gəzintisini tövsiyyə edirlər bura gələn qonaqlara. Ancaq zamanımız məhduddu, həm də günorta şəhərin tarixi mərkəzində idman avtomobillərinin açıq hava sərgisi olacaqdı. Bu fürsəti qaçırmaq istəmirdik. Odur ki, yaxta gəzintisini istəmədik, onun əvəzinə ən yaxın göllər bölgəsinə tərəf yürüşə çıxdıq. Meşə zolağının bakirə gözəlliyini seyr edərkən təbiətin səsindən – quşların nəğməsi və Leh çayının dəlisöv axınının şırıltısından cezv olurduq. Bülbüllər sanki alman dilində deyil, bizim dilimizdə oxuyurdular. Beynimiz bayram edirdi.

Lehin sağ sahilindən Alp dağlarının ətəkləri başlayır. Alpların Bavariya bölümü min metrdən yüksək meşəlik dağlardan ibarətdir. Bunların arxasından isə dik yüksəkliklər və platolar başlayır. Qərbdəki dağlar Allgau Alpları, şərqdəki isə Berchtesgaden Alpları adlanır. Bavariyanın ən uca zirvəsi 2962 metr yüksəkliyindəki Zugspitze həm də Almaniyanın ən yüksək nöqtəsidir. Ölkənin ən böyük gölü olan Kimzee (Chiemsee) gölü bu bölgədə yerləşir. 80 kvadrat km-lik sahəsi olan gölə böyük olduğu üçün “Bavariya dənizi” də deyirlər. Təbiət o qədər bənzərsizdir ki, buralar bir çox alman rəssamı üçün ilham mənbəyi olmuşdur. Göldə iki ada var – Fraueninsel (Qadın)Herreninsel (Kişi) adaları. Nağıllar Kralı II Lüdviqin Versal sarayına oxşadaraq inşa etdirdiyi şəhərkənarı iqamətgahı Herreninseldə burada yerləşir…

Bir ara söhbət Bavariya moruğu ilə buranın çiyələyindən düşür. Həyat yoldaşım bu torpaqda yetişən giləmeyvələrin dadına heç yerdə rastlanmadığını deyir. Meşəyə girib toplamaq üçün ərazini yaxşı bilmək lazımdı. Odur ki, qarşımıza çıxan ilk səyyar meyvə satıcısından moruq və çiyələk alırıq. Demə indiyə kimi çiyələk və moruq  yeməmişəmmiş, dadları hələ də damağımdadır. Bavariya özünün quşqonmazları (sparja) ilə də məşhurdur. Almanlar mövsümündə böyük miqdarda min bir dərdə dava olan quşqonmaz yeyirlər.

Səkkiz kilometr sonra qarşımıza çıxan ilk gölün sahillərini dolaşırıq. Xeyli balıqçı var, şıdırğı alabalıq (forel) ovu gedir. Hərdən fit səsinə bənzəyən qəribə səslər duyulur. Yaxınlaşınca bu səslərin gölə atılan tilovlardan çıxdığını anlayırıq. Təbiətin hüzurlu sükunətini pozan ancaq bu səslərdir. Alp dağlarının büllur kimi qar sularının axdığı göldəki balığın dadını artıq siz təxmin edin.

Göl kənarındakı kiçicik qəsəbədəki 2-3 mərtəbəli, fasadları müxtəlif rənglərə boyanmış binaların önündəki parkda tənəffüs edirik. Bir geyim mağazasının vitrinindəki cins şalvar maketinin böyüklüyü diqqətimi çəkir. Maraqdan içəri girirəm, dünyanın ən məşhur cins şirkəti olan Levi Strauss & Co şirkətinin qurucusu və sahibi Levi Strauss (Löb Strauss, 1853-1902) məgərsə Bavariyada yəhudi bir ailədə doğulub, 19 yaşında ailə üzvlərilə Kaliforniya ştatındakı San Fransiskoya  mühacirət edirlər. Levi Strauss markası da orada – Amerika torpaqlarında yaranır. Almaniyada ən çox satılan cins markası Levi Straussdur – nə də olmasa tanınmış cins markasını öz həmyerliləri yaradıb.

Yan tərəfdə idman ayaqqabıları satan mağaza fərqli dekoru ilə nəzərimdən qaçmır. İçəridəki divarda AdiRudolf Dassler qardaşlarının portretləri asılıb. “Dassler Qardaşları” şirkətinin qurucuları olan bu iki qardaş da Bavariyalı olublar. 1936-cı il Berlin Olimpiadasından sonra qardaşlar işlərini ayırırlar. Bir qardaş Adidas, o biri isə Puma şirkətini qurur. Alman xalqı, xüsusilə də bavariyalılar Dassler qardaşlarının həyatları, qurduqları iki nəhəng  idman malları imperiyası ilə fəxr edirlər…

Geriyə qayıdırıq. Dönüş yolu bir saatlıq uzun, amma mənzərəli marşrutdan ibarətdir. Füssenin girişində Leh çayı üzərindəki daş körpüdən çayın qarşı sahilinə keçirik. Bura turistlərin getmədiyi rayondur. Ölkənin hər yerində olduğu kimi yol polisinə rastlamaq çətin məsələdir. Kolun-kosun arxasında pusqu qurub, vətəndaşına xain tələ quran radarlı polislər də yoxdur. Zaman-zaman bizim yollarda yaşanan “radar tələlərini” almanlar anlaya bilməz. Əsrlər boyu formalaşan alman təfəkkürü namərd pusqu kimi çağdaş insana yaraşmayan metodlardan istifadə etmir. Problemin ən sadə və ən gözəl bircə yolu var – qanunlara hörmət. Bu qarışıq düşüncələrlə geri dönürük, şəhərin orta əsrlərdə inşa edilmiş  tarixi Brotmarkt (Çörək Bazarı) meydanına gəlmişik. Yoldaşım “Lyutye Fontanı”nı gəzərkən (Lyutye – oyuncaq damdabaca, Füssen bu oyuncaqları ilə tanınır) mən “Warsteiner Dunkel”lə yorğunluğumu çıxarıram. Bir parçdan sonra açıq havadakı sərgini gəzməyə hazıram.

Rayxenştrassedəki idman avtomobilləri insanı heyran edir. Çox sayda xarici qonaq var. Maşınlar isə sanki nümayiş edilmək üçün deyil, foto çəkdirmək üçün sərgilənirlər. Facebook, Instagram kimi sosial şəbəkələr çağdaş insanın zövq və istəklərini də dəyişib. Mən də bir-birindən gözəl bu fantastik avtomobillərin həm şəklini çəkdim, həm bəzilərinin önündə forslanaraq poz verdim. Hava günəşli idi və günəş şüaları Porshe, Jaguar, Mersedec, Bugatti, Ferrari kimi “bahalı oyuncaqların” korpusları üzərində bərq vururdu. Avtomobillər bir-birilə traslarda yarışmaq yerinə şəhərin qonaqlarının baxışları altında daha gözqamaşdırıcı görünmək üçün  bəhsəbəhsə girişmişdilər. Almanlara bu maşınlar adi görünür, “sovet həqiqətləri“ ilə böyümüş insanlar üçünsə onlar zənginlik və dəbdəbənin, lüks və cah-cəlalın göstəricisidirlər.

“Almanlar bircə kosmosda yoxdurlar” deyə düşünürəm sərgini gəzərkən. Zəngin tarixləri, nəhəng ədəbi, fəlsəfi mirasları, möhtəşəm musiqi, rəngkarlıq, memarlıq abidələri ilə alman xalqı dünya mədəniyyətinə əvəzsiz töhvələr verib. Birdən Verner fon Braun düşür yadıma və deyirəm ki, alman imzası elə kosmik texnologiyalar, raketqayırmada da var. Milliyyətcə alman olan bu görkəmli alim, mühəndis həm də Hitler ordusunun zabiti, SS şturmbannfüreri olmuşdu. Amerikaya mühacirət etdikdən sonra orada raketqayırmanın əsasını qoyur, ballistik raketlərin yaradıcısı və ABŞ kosmik proqramının banisi kimi tarixə düşür.

* * *

Günorta saat ikiyə yaxınlaşırdı, piyada on səkkiz km yol yerimişdik. Yemək üçün Drehergasse küçəsindəki Madam Plüş (Plüsch) restoranına yaxınlaşırıq. Əvvəlcədən yer ayırmadan bura düşmək çətindir. Bəxtimiz gətirdi, nostaljik restoran kimi tanınan Madam Plüşda bir neçə boş masa vardı. Açıq havada oturmağa qərar veririk. Milena adlı gülərüzlü ofisianta yeməkdən əvvəl Paulaner Salvator sifariş verirəm. Bu qeyri adi “arpa şirəsi”ni içə-içə restoranın menyusunu incələyirik. “Prensesin sevdiyi reseptilə şorba”dan imtina edirik – hava istidir. Mən yerli yeməklərə olan meylimə sadiq qalaraq qarniri turşulu kələm olan “Bavariya üsulu” sosis, yoldaşım isə portağal souslu ördək sifariş verir. Milena yeməkləri servis edərkən Paulanerdən qara pivəyə keçidə necə baxacağımı soruşur. Cavabımın nə olacağını təxmin etdiyi üçün nə deyəcəyimi gözləmədən mətbəxə qaçır. Milenanın Ayinger Celebrator seçimi mükəmməldir.

Madam Plüş buraların ən yaxşı restoranlarından biridir. Ancaq buradakı yeməklərin ləzzəti, məkanın ambiansı, Milenanın filiqran servisinə baxmayaraq yenə də söyləmək lazımdır ki, alman mətbəxi çox spesifikdir. Adamlar yeməyin ləzzətindən çox porsiyanın böyüklüyünə diqqət edirlər elə bil. Zatən pivə mədəniyyəti yüksək olan ölkələrin mətbəxi yoxdur ya da çox zəifdir, məsələn, Çexiya, Danimarka, İsveç kimi. Və ya əksinə — pivə az içən xalqların ləzzət fərqi yaradan mətbəxləri var, məsələn, fransız, italyan və s. Avropa qastranomiyasında damaq dadları arasındakı fərq o qədər barizdir ki, seçim etmək çox asandır – alman yeməklərini ya sevəcəksən, ya da ondan uzaq duracaqsan, ortası yoxdur. Pivə məsələsində isə hər şey o qədər birmənalıdır ki, əlavə şərhə və mübahisələrə ehtiyac yoxdur – Bavariya Dünyanın Pivə Paytaxtıdır

* * *

Bavariyanı pivə qədər heç nə məşhur etməyib. O, alman mədəniyyətinin ən ayrılmaz parçasıdır, almanların milli içkisidir. Alman insanına görə pivə 3 komponentdən ibarətdir: “Ənənəvi Bavariya buğda pivəsinin resepti, pivə bişirməyə olan ehtiras və Vətənə sevgi”.

Almanlar çex və avstriyalılardan sonra dünyada ən çox pivə içən 3-cü xalqdır. Alman pivələri dadına, ətrinə, hazırlanma texnologiyalarına görə bir-birindən fərqlənsələr də, hamısı bir standarta – 1516-cı ildə imzalanmış “Pivənin təmizliyi haqda” fərmana sadiqdirlər.

Pivənin ümumi tarixi çox qədimdir. Bavariya pivəsinin isə min yaşı var. Bavariyalılar “Arpa şirəsi”nin ilkin reseptini və istehsal texnologiyalarını günümüzə kimi mühafizə ediblər. Bunun əsası  1030-cu ildə Vayhenştefan (alm. Weihenstephan) pivə zavodu ilə qoyulub. Nəzdində pivə akademiyası olan zavod bu gün də çalışmaqdadır. XI əsrdən etibarən ticarətin inkişaf etməsi ilə istehsalı vahid qaydalara görə həyata keçirmək, qiymət və standartları reqlamentləşdirməyə ehtiyac yaranır. Digər tərəfdən dövlət pivə istehsalçılarının buğda yerinə ucuz arpadan istifadə  etməsini istəyirdi. 1434 və 1487-ci illərdə pivəyə müxtəlif əlavələrin qarşısını almaq üçün vahid standart gətirilməyə cəhdlər edilir.

Və ən nəhayət, 1516-cı ildə Bavariya Hersoqu Vilhelm (alm. Wilhelm IV Herzog von Bayern; 1493-1550) “Pivənin təmizliyi haqda” — Raynhaytsgebot (alm. Reinheitsgebot) fərmanını imzalayır. Bu fərmana görə istehsalçılar pivə bişirilməsində inqredient kimi ancaq bunlardan istifadə edə bilərdilər: arpa mayası, su və mayaotu (şərbətçiotu və ya “xmel”). Sonradan bura pivə mayası da əlavə edildi. Raynhaytsgebot gida məhsulu haqda dünyada qəbul edilmiş ilk qanundur:

“Biz təkid edirik ki, indən belə bizim şəhər və bazarlarda, habelə bütün dünyada pivə bişirilməsində arpa mayası, su və mayaotundan başqa heç nədən istifadə edilməsin”.

İndi ancaq Bavariyada 3000 pivə istehsalçısı var. Onların çoxu 500 il əvvəl qəbul edilmiş bu tarixi qanuna riayət edir. Məhz elə buna görə də bu gün pivə deyəndə ağla ilk gələn Bavariya pivələridir. O vaxtdan bir çox şüşələrin üzərinə 1516-cı il tarixini yazırlar ki, bu da çox vaxt çaşqınlıq yaradır – bu tarixi pivə zavodunun yaşı zənn edirlər. Günümüzdə ənənəvi bişirilmə texnologiyasını pozanlar əsasən yapon, çin və belçikalı pivə istehsalçılarıdır.

İçindəki komponentlərə görə alman pivələrini aşağıdakı kateqoriyalara bölürlər: Sadə pivə (Einfachbier, 7%-dən az), ticari pivə (Schankbier, 7 – 11%), tam pivə (Vollbier, 11 – 16%),  sərt pivə (Stark/ Bockbier, 16%-dən çox), ikiqat sərt (Doppelbockbier, 18%-dən çox).

Pivələri bu növlərə bölmək lazımdır:

Tünd və ya Qara pivə – Dunkeles Bier

Bavariyanın ənənəvi pivəsi sayılır. XIX əsrə qədər ən çox bu növ satılırdı. Onun rəngini tündləşdirən isə normadan daha çox qurudulmuş arpa mayasıdır.

Açıq pivə – Helles Bier

Bu gün pivə deyəndə hər kəs açıq rəngli pivə başa düşür. Münhenin tarixi pivə barlarında bu pivəyə “əsil pivə” deyirlər.

Mart pivəsi – Marzen və ya Sommerbier

Yay mövsünə hazır olsun deyə mart ayında bişirilən pivədir. Uzun müddət qalsın deyə tərkibində mayaotunun miqdarı çox olur. Əsasən Münhendə oktyabrda keçirilən Oktoberfest Pivə Bayramı üçün bişirilir.

Açıq pivə – Vaysbir (Weisbier)

Ölkədə ilboyu içilən ən populyar pivədir.

Axşam orta əsrlərdə buğda ambarları olan, bu gün şoppinq və kulinariya üçün ayrılmış Şrannenplats meydanında yüngül axşam yeməyi yeyirik. Arxa küçələrdəki gecə klublarından birində Herbert Grönemeyer özünün məhşur “Leb In Meiner Welt” mahnısını söyləyir. Onun bu bənzərsiz rok manifestini dinlərkən düşünürəm ki, niyə bu ölkədə rok musiqisi olsun, axı almanların “protest musiqisi”nə nə ehtiyacı var? 62 yaşlı bu böyük musiqiçinin də daha mutlu və refah bir dünya” söyləməsi alman xalqının Lüteran fəlsəfəsindənmi qaynaqlanır yoxsa? Alman ictimai fikrinin ən görkəmli xadimi, elm və maarifin görkəmli reformatoru, alim və teoloqu Martin Lüterin (Martin Luther, 1483-1546) “Alman xalqının rolu və vəzifələri” (alm. Berufung) konsepsiyasındadır məncə bu böyük xalqın varoluşu. Alman ruhunun memarı sayılan Martin Lüterin xalqına aşıladığı ən böyük dəyər zənnimcə, əməyə  olan münasibətidir. “Sabah dünyanın sonunun gələcəyini bilsəm, bu gün yenə də bir alma ağacı əkərdim”, – demişdi görkəmli düşüncə adamı.

“Ayinger Dunkel”in şokolad tamı verən dadının damaqlarımda buraxdığı ləzzət məni ciddi fəlsəfi düşüncələrdən uzaqlaşdırır. Yola hazırlaşmalıyıq, sabah erkəndən Münhenə, oradan da Avstriyaya – Zalsburqa hərəkət etməliyik…

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 9,75 из 10)
Oxunma sayı: 401