Muəllif:

Kikabidze, Putin və bizim ziyalılar

Oğrular məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin evinə girir, amma oradan heç nə aparmır. Bir məktub yazırlar:“Bilsəydik ki, burada siz yaşayırsınız, bu evə girməzdik”.  Bunu Buba (müasirləri onu belə adlandırır) müsahibələrinin birində deyib. 2008-ci ildə Rusiya Gürcüstanın ərazilərini işğal edəndə, ovaxtkı Rusiya prezidenti Dmitri Medvedevin ona verdiyi “Dostluq ordeni”ni qəbul etməyib.

“Mimino”nun məşhur qəhrəmanı ilə bir-iki dəfə təsadüfən söhbətimiz olub. Ekranda necədirsə, real həyatda da məndə o cür təəssürat oyadıb. Yazının mövzusu Kikabidzenin həyat və yaradıcılığı deyil. Onunla bağlı yuxarıdakı nümunələri elə-belə yazmadım. Adam vətəninə hücum etmiş bir dövlətin ona uzatdığı əli itələyir. Üstəlik, Rusiyanın Krımı ilhaqından sonra mövqeyini bir daha ortaya qoyur və Putini “balaca İvan Qroznı” da adlandırır.

Bizdə isə dəfələrlə Rusiyaya inteqrasiya, Rusiya hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi, Rusiyanın yaratdığı Avrasiya Gömrük İttifaqına üzv olmaq, Rusiyanın əsasını qoyduğu hərbi blok – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT (ODKB — rusca)) üzvlüklə bağlı səslənməyən fikir qalmayıb. Aydın məsələdir ki, Rusiya Azərbaycanın qonşusudur, dünyanın ən nəhəng dövlətidir, amma bu dövlətin rəhbərliyinin yürütdüyü siyasət də göz qabağındadır. Bunu görmək, duymaq, anlamaq, dərk etmək üçün mütləq politoloq, şərhçi olmağa gərək yoxdur. Təhsilindən, sosial statusundan asılı olmayaraq, Azərbaycanda istənilən şəxsi dindirsən, Qarabağ probleminin səbəbkarı kimi Rusiyanı göstərəcək. Deyirlər ki, “siyasətdə dostlar yox, müttəfiqlər var”, amma bizim siyasətçilər də gərək bir məqamı unutmasın; Azərbaycan 1994-cü ildə bu təşkilatın üzvü olub, 1999-cu ildə isə çıxıb. Məsləhət olsa, qalardı.

Ziyalılar isə susur, yəqin Sovet dövrünün, “dəmir pərdə”nin xiffətini çəkirlər. Ümumiyyətlə, icimai-siyasi proseslərə münasibət bildirən çox az sayda ziyalımız var. Bu da sonradan onlara baha başa gəlir – ya işdən çıxarılırlar, ya təqaüdləri kəsilir, ya kitabları çap olunmur….ən pisi də doğru danışdıqlarına görə, başqa ziyalıların qəzəbinə, tənəsinə tuş gəlirlər.

Azərbaycanın Rusiya ilə istənilən İttifaqı onsuz da yaxşı olmayan vəziyyəti daha da ağırlaşdıra bilər. Rəsmi Moskva ilə əməkdaşlıq demokratiyadan, azad, ədalətli məhkəmə sistemindən, şəffaf gömrükdən, azad iqtisadiyyatdan, keyfiyyətli səhiyyə, təhsil xidmətindən, ən əsası da Qarabağdan uzaqlaşmaqdır.

Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın 70-80 faizini təşkil edir. Rusiya ilə istənilən İttifaq Azərbaycanı rus oliqarxları üçün “yem bazası”na çevirəcək.

KTMT hərbi blokuna daxil olmaq isə Azərbaycanın suverenliyinə təhdiddən başqa bir şey deyil. Rusiyanın Ermənistana iqtisadi, siyasi dəstəyi uzun illərdir davam edir. Nəzərə alsaq ki, Cənubi Qafqaz regionunda Rusiyanın əsas tərəfdaşı Ermənistandır, o zaman onu əldən buraxmayacağı da dəqiqdir. Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiya hərbi bazaları yoxdur və dövlət sərhədləri də yerli hərbçilərin nəzarətindədir. Gürcüstanla hər şey çoxdan məlumdur, amma Rusiya Abxaziya və Cənubi Osetiya kartlarını ortaya atmaqla, özünü regionun tək sahibi kimi aparır. Həm də, KTMT-ya üzv olan dövlətlərin heç biri NATO ilə əməkdaşlıq etmir. Azərbaycan isə edir. Deməli, perspektivdə NATO-nu itirmək təhlükəsi də var.

Amma bizim ziyalılar susur, şairi də, yazıçısı da,  müəllimi də, aktyoru da, rəssamı da, alimi də. Hələ narahatam ki, çıxıb buna haqq qazandıranlar da tapılacaq. Elə yaxşısı budur ki, danışmasınlar.

Etiraz səslərini ucaldanların sayı o qədər azdır ki, səsləri eşidilmir, susanların susqunluğu fonunda o səslər batır.

Hörmətli susqun ziyalılar, əmin olun ki, sabah sizin evinizə girən oğru illərlə qazandığınızı bir göz qırpımında məhv edəcək, özü də sizi tanıya-tanıya edəcək və etdiyindən həzz alacaq…. bunu eşidənlər də oğruya haqq qazandıracaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 8,67 из 10)
Oxunma sayı: 1065