Muəllif:

ARMUD FORMASINDA BİR MUSİQİ

Yaradıcı insan patoloji sərhədlərə yaxınlaşma cəsarətini göstərib, ondan reallığa geri dönə bilən insandır. Bunu alim və sənət adamına da, sadə insana və dahiyə də şamil etmək olar.   Bəzi psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə məşhur adamlara diaqnozlar qoymuşlar. Eyni şeyi psixoanalitiklər də edirlər bəzən. Onlar bu “gücü”  Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi. Da Vinçi, Mikelancelo, Dostoyevski” adlı kitabından alırlar…

Hardasa çox illər əvvəl AzTV və BBC üçün proqram hazırlamaq üçün Egey bölgəsinə — Datça yarımadasına getmişdim. Lakin məni bu cənnət bölgəyə gətirən həm də türk şeirinin ən qeyri-adi nümayəndəsindən biri olan Can Yücel idi. Ömrünün son illərini buradakı kiçik evində keçirtmişdi o. Müsahibə almaq istəyirdim ondan. Şairi evində tapa bilmədim, onu anidən xəstəxanaya yatırmışdılar. Evin yanında sonralar “Can evi” deyilən bir qəhvəxanada oturub rəfdəki kitabları qarışdırdım, birini əlimə alıb rastgələ açdım. Yazımın sonunda paylaşdığım “Dəvət” şeyriydi…

XX əsr Avropa musiqisində inqilab etmiş böyük islahatçı, eksentrik bəstəkar və pianoçu idi. Onun fortepiano əsərləri impressionizm, minimalizm kimi o dövrün bir çox musiqi cərəyanlarının əsasını təşkil etmişdi. O, sürrealizmin musiqidəki təmsilçisiydi. Fransanın sərt iqlimli Normandiya əyalətində doğulmuşdu. Musiqiyə ironiya gətirmişdi, amma öz həyatının ironiyası isə dünyaya 50 il tez gəlməsində idi. “Dünyanın qoca vaxtında çox cavan gəlmişəm bu dünyaya” deyirdi özü haqda. Əllicə il sonra doğulsaydı, hippi nəslinin idoluna çevrilər və bəlkə də Lennonla Makkartnini belə kölgədə qoyardı. Erik Sati (fr. Erik Satie, 1866-1925) isə öz dövründə lağa qoyuldu, konservatoriyanın 2-ci kursundan qovuldu.  Satinin yaradıcılığı vur-tut 100-ə yaxın əsərdən ibarətdir. Yaxın dostu, görkəmli kinorejissor Jan Kokto “Onun əsərləri açar dəliyi qədər kiçikdir, amma nələr baş verdiyini dəlikdən baxınca anlayırsan” demişdi.

Çox adam Erik Satinin adını ilk dəfə Salvador Dalinin məhşur “Dəniz önündəki masa – Erik Satiyə sayğı ilə” tablosu ilə eşidib. Kubizmin bu məşhur əsərini görənlər “Sati kimdir ki, Dali tablosuna onun adını verib” deyə hələ də ağız büzürlər. Satini tanıyınca, onun gnossiennes, gimnopediya və jazzopediyalarını dinlədikcə isə musiqisinə aludə olurlar. Təsadüf elə gətirdi ki, mən Satini Dalinin tablosundan deyil, Can Yücelin “Dəvət” şeyiri sayəsində tanıdım —

…Mumları da yaktım.
Bak hepsi, Erick Satie severdi. 
Hatırladım.
Müziği de ayarladım…

Can Yücelin (1926-1999)  atası Cumhuriyyətin ilk Maarif nazirlərindən idi, oğluna mükəmməl təhsil vermişdi. Kembric universitetindən məzun oldu, Çe Gevara və Mao Tze-dunu tərcümə etdi, buna görə Türkiyədə həbsdə yatdı. Acı dili, ağır xasiyyəti, içkiyə düşkünlüyü və davakarlığı ilə tanınırdı. O, türk poeziyasının karizmatik və tərz sahibi şairlərindəndir. Çılğın idi, söyüşkəndi, amma dili sadə idi. Bu səbəbdən də çox oxunur və sevilir. Şərab içdiyinə görə məzarı dəfələrlə dindar vandallar tərəfindən dağıdılıb, başdaşı param-parça edilib.

O səyahətdə Can Yücel mənə Erik Satini tanıtdı. Borxesə aşıq olub, aludə olduğum illər idi. Onun ən gözəl kitablarından biri olan “Qum saatı”nın ilk hekayəsi “Başqa biri” (isp. El Otro) gəlmişdi ağlıma. “Dəvət”də Can Yücel 20, 35 və 40 yaşlarındakı 3 ayrı Can Yücelle bir masada oturub yeyir-içir, Borxes isə hekayədə özünün cavan versiyası ilə qarşılaşır. İxtiyar Borxes 70 yaşında, gənc Borxes isə 19 yaşındadır. “Bütün anlar zaman içində qeyb olurlar, yağış altındakı göz yaşları kimi” yazmışdı mistik yazar. Hekayədə gənc Borxes üçün hər şey yuxudur, yaşlı Borxes üçünsə aydınlanma, oyanma anı. Amma ölüm yaddaşın üzərinə çökür və yaddaşdakılar sadəcə başqaları tərəfindən nə vaxtsa xatırlanacaq mətnə çevrilir.

Borxeslə Can Yücel arasındakı bu gözlənilməz oxşarlığı türk şairin Londondakı təhsil illərinə bağlamışdım. Bəlkə o da gəncliyində Borxes kimi Jon Dannın “Prekoqnitiv yuxular” ideyaları ilə tanış olmuş, o dövrün görkəmli fizikləri kimi parapsixologiyanın sehirli dünyasına aşıq olmuşdu.

Günü bu gün də hər Borxes oxuyanda Sati dinləmək istəyirəm, Gimnopediya dinləyəndə isə əlim Borxesin kitabına uzanır…

Hüzur və hüznün sehrbazıdır o. Və sonbaharı notlarla rəsmedən adam. Soyuğu iliklərində hiss etdirən, bədəni gizildədən səsləri o gətirib musiqiyə. Bahardan sonbahara atır adamı, çiskinli bir səhərdə melodiyaları melanxoliyə sürükləyir hər kəsi. Notlar yerbəyer olub yüksəlməyə başlayınca da dumanın içindən günəşin ilk qırılmış şüaları gözə çarpır. Və sanki Onun o əsrarəngiz musiqisi olmasa, Günəş də heç doğmayacaq…

Dadaist olmasındandır ki, bəstələrinə qəribə adlar verirdi. “Gnossiennes”in kəlmə anlamı yoxdur, Satinin uydurduğu sözdür. Uydurma bir söz, amma necə bir müsiqi – patefonun iynəsinə ilişib qalmış val kimidir, təkrarlanır, təkrarlanır, keyfiyyətsiz lenti proyektora ilişib sıxışmış həyat haqda filmdir. Musiqi bitir, amma nöqtə qoyulmadan, eynilə həyatın özü kimi.

“Gnossiennnes No.3”ə qulaq asan “təkcənəliyə” çəkilir sanki, həyatın ritmindən çıxıb öz ritminə qapılır, cezv olur insan və sıx bir dumanın içində çocuq qalmış bir ixtiyar kimi hiss edir özünü. Sükunət, dinclik verir Satinin musiqi pyesləri. Hər şeyin mənasını itirməsi ilə gələn qorxusuzluq kimidir “Gnossienes”lər, insanı qoparıb ağlı ilə deyil, ürəyi ilə deyil, ruhu ilə başbaşa buraxan bir musiqidir. Nöqtə qoymasını bilən, amma qəsdən qoymayan adamdır Sati.

İnsanı özündən qoparan “Gymnopediya” onun bəstələrinin böyük əksəriyyəti kimi musiqi anaxronizmidir. Satinin fortepiano pyesləri XIX əsrin sonlarında yazılıb. O dövr musiqidə VaqnerMaler kimi monumentalist nəhənglər və Brukner kimi ağırçəkililər hökmranlıq edirdilər. Sati onlar varkən necə musiqi bəstələyib, hardan alıb bu dəli cəsarəti?

Sati çox hərtərəfli adamdı – kimyagərdi, sənaye dizayneriydi, reklamçı, yazar və naşirdi, caz sevirdi. Ateistdi, kommunistdi və “ist”lə bitən onlarla başqa şey. Eksentrikdi, kimsəyə bənzəmirdi, ona görə də ətrafına o dövrün qaymaqları toplanırdı – Debüssi, Pikasso, Kokto, Stravinski, Ravel, Brankuzini və b. Amma çox əsəbiydi, dalaşqan və xuliqandı. Ən kiçik tənqidə belə dözümü yoxdu. Bir kərəsində görkəmli fransız bəstəkarı Moris Ravel Satinin musiqisini “formasız” adlandırmışdı. İntiqamı çox acı olmuşdu — ən yaxın dostuna ithaf etdiyi bəstəsini “Armud formasında 3 parça” adlandırmışdı.

O, musiqiyə post-modernizm gətirmişdi. “Furniture music”, yəni “mebel musiqisi” ideyasını irəli sürərək XX əsr Avropa musiqisındə böyük bir inqilab etdi. Ölümündən 40 il sonra “furniture music” minimalist avanqard cərəyanın əsasını təşkil etdi.

Musiqi stili və bəstələrində, davranışlarında, hətta qarderob və yemə-içməsində belə fərqli idi Sati. Bütün bu fərqlilikləri ilə də zarafat edir, hər şeyə barmaqarası baxır, burjuaziyadan, konformizmdən, paradan-puldan nifrət edir, qayda və ritualları rədd edirdi. Qadınlara münasibətdə də fərqlənirdi. Ömründə ancaq bircə qadını olmuşdu. Sevgisinin ömrü isə cəmi 6 ay. Fırtınalı keçən bu eşq təcrübəsindən sonra Sati özünü kalvados və absentə elə verdi ki, bir müddət sonra da serrozdan öldü…

Çoxları Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi. Da Vinçi, Mikelancelo, Dostoyevski” kitabında sənətkarların psixi durumunu, analizini araşdırdığını iddia edirlər. Əslində isə Freydin məqsədi başqa idi. Kitab Freydin Vyana universitetindəki mühazirələri əsasında tərtib edilib. “Leonardo da Vinçinin uşaqlıq xatirələri”, “Mikelancelonun Moiseyi” və “Dostoyevski və ata qatili” adlı 3 essedən ibarətdir bu mükkəmməl əsər. “Psixoanalizin atası” burada 3 dahinin şüuraltı düşüncələrini analiz edir, yaradıcılıqlarındakı şedevrlərə orijinal interpretasiya verir.

Freyd 3 dahinin ruhi problemlərini deyil, ilahi əsərlərindən aldığı doyumsuz həzzin qaynağını araşdırmağa çalışdı. O, sənətin beyinə deyil, duyğulara xitab etdiyini düşünürdü. Daliyə də, Sati ilə Can Yücelə də müxtəlif psixoanalitiklər müxtəlif diaqnozlar qoyublar. Daliyə-dəli, Satiyə-paranoyik, Yücele isə nevrotik və alkoqolik. “Mənimlə dəli arasındakı fərq ondadır ki, mən dəli deyiləm” demişdi Salvador Dali. Eyni sözləri Erik Sati və Can Yücel haqda da desək, yanılmarıq…

Öldüyündə Satinin bir otaqlı darısqal evindən çox sayda məktub, çətir kolleksiyası, 2 piano və bir də özünün dizayn etdiyi reklam işləri çıxmışdı. Bu reklamlar var olmayan əşya və cisimlərin reklamı idi…

Əgər nə vaxtsa bir günü özünüzə ayırıb insanlardan uzaq durmaq istəsəniz, dinləmək üçün yanınıza mütləq bir Sati diski alın…

DAVET

“şunları bir araya toplayayım.
Bir güzel muhabbet edelim” diye düşündüm.

Mutfak işinden de anlarım.
Donattım sofrayı.
Bayağı uğraştım.
Hepsinin, ayrı ayrı ne
yemekten, ne içmekten
hoşlandığını iyi bilirim.
Bayağı da para gitti.

Birinin yediğini öbürü yemez.
Ötekinin içtiğini beriki içmez.
Dört kişilik sofra kurdum.

Mumları da yaktım.
Bak hepsi, Erik Satie severdi. 
Hatırladım.
Müziği de ayarladım. 

Geldiler.

20 yaşında ben, 
35 yaşımda ben, 
40 yaşımda ben ve 
bugünkü ben dördümüz.

Birden yirmi yaşımı, otuz beş yaşımın karşısına oturttum.
Kırk yaşımın karşısına da, ben geçtim.
Yirmi yaşım, otuz beş yaşımı tutucu buldu.
Kırk yaşım ikisinin de salak olduğunu söyledi.

Yatıştırayım dedim.
“Sen karışma moruk” dediler. Büyük hır çıktı.
Komşular alttan üstten duvarlara vurdular.
Yirmi yaşım kırk yaşıma bardak attı.

Evin de içine ettiler. 

Bende kabahat.
Ne çağırıyorsun tanımadığın adamları evine …

 

https://www.youtube.com/watch?v=oOTpQpoHHaw

ERIK SATIE Gnossienne 1- Alessio Nanni, piano

 

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (23 оценок, среднее: 9,78 из 10)
Oxunma sayı: 835