Muəllif:

İranı Azərbaycana necə birləşdirməli?

İran Azərbaycan üçün həmişə gözlənilməz təxribatlar mənbəyidir, son illərdə Tehran bizlər üçün arzuolunmaz davranışlar nümayiş etdirir. Həm də bunun üçün çox bəsit, amma emosional formalardan istifadə edərək, Bakıdakı «görkəmli siyasətçiləri» asanlıqla tora sala bilir. Bu həftə bəzi media qurumlarında hansısa İran qəzetinin çaldığı köhnə bayatıya cavab olaraq səslənən «İranı Azərbaycana birləşdirək» çağırışları da onu göstərdi ki, biz tələyə qoyulmuş pendirə doğru qaçmağa çox tələsirik.
…10-15 il əvvəl, 90-cı illərin sonlarında dünyanın xoş günlərinin birində İslam inqilabının növbəti ildönümü ilə bağlı İranın Bakıdakı səfirliyi «Gülüstan» sarayında ziyafət verirdi. Onda toplantılar belə quru və sıxıntılı keçməzdi. Hamı bir-birinə qarışardı, rəsmilər media əhlindən qaçmaz, onlara bir az yaxın durar, ordan-burdan söhbət edərdilər. Mediaçılar da vəzifəli adamlar qarşısında təzim etməz, onlardan çəkinməzdilər. Belə toplantıların bir yaxşı cəhəti də varıydı ki, fərdi söhbətlərdə maraqlı məlumatlar almaq, bəzi məsələlərin gizlin tərəflərini müzakirə etmək olurdu. Həmişə olduğu kimi ziyafətdə gurluq idi, çox adam çağırılmışdı, yaxşı atmosfer var idi. Adətən, qədəhlərin cingiltisindən xüsusi impuls alan media əhli ziyafətdə içki verilməməsindən o qədər də rəncidə olmamışdı.
Təxminən yarım saat sürən rəsmi nitqlərdən və yeməkdən sonra, hərə bir yana çəkilib iki-bir, üç-bir söhbət edirdi. Necə olmuşdusa, MTN-nin o vaxtkı rəhbəri Namiq Abbasov, Rafael Hüseynov və mən bir stol ətrafına düşmüşdük. Əvvəlcə ümumi şeylərdən danışır, mövzuları ehtiyatla seçirdik. Amma Namiq müəllimə sual verməkdən də özümüzü saxlaya bilmirdik. Sonra çoxlarının haqlı olaraq «milli adam» hesab etdiyi nazirin səmimiyyəti və jurnalist keçmişi bizi yavaş-yavaş ürəkləndirdi. Bəzi suallara dəqiq cavab almaq üçün Namiq müəllimin incə damarını tutmağa çalışırdıq (sən bizdə ürəyə bax ey!). Təbii ki, İrana yaxından bələd olduğu üçün Rafael təşəbbüsü ələ almağa çalışırdı.
Onda R.Hüseynov hələ deputat deyildi, amma elə deputat kimi səsi hər yerdən gəlirdi, istedadı və işgüzarlığı ilə çox işləri yarıdırdı. Mətbuat adamlarının gur olduğu toplantılarda onu da tez-tez görmək mümkün idi. Zatən, özü də jurnalistlik edirdi, «Amerikanın səsi»nin təmsilçisi kimi maraqlı reportajlar, müsahibələr hazırlayırdı. İndi də əlinə Milli təhlükəsizlik nazirindən faydalanmaq fürsəti düşmüşdü. Əsas müzakirə mövzusu isə Azərbaycan-İran münasibətləri idi.
— Namiq müəllim, üzdə deyilənləri başa düşürük, bəs əslində bizim İranla münasibətlərimizin gerçək vəziyyəti necədir?
— Mən mətbuatı izləyirəm. Yazılanlardan bu qənaətə gəlirəm ki, münasibətlərimiz hər halda normaldır, — dedi və gülümsündü, yəni mesaj verdi ki, «incə damar» taktikası keçərli deyil.
Sonra bizim ona məlul-məlul baxdığımızı görüb əlavə etdi:
— Bilirsiniz, dövlətlər səviyyəsində münasibətlər, həqiqətən normaldır. Amma İran rəsmiləri çox kiçik şeylərdən qıcıqlanırlar. Məsələn, üç gün əvvəl Elçibəy Güneylə bağlı bir bəyanat verib, oralarda aləm dəyib bir-birinə, Tehranda səfirimizi çağırıb nota veriblər.
Namiq müəllim bunları dedi, sonra qayğılı-qayğılı əlavə etdi ki, gərək belə şeylər olmasın!
— Niyə ay Namiq müəllim, əksinə bu cür bəyanatlar olmalıdır ki, İran özünü yığışdırsın, — bunu da R.Hüseynov özünəməxsus emosionallıqla dedi. Sonra da eyni ahənglə bunları əlavə etdi:
— Tehran qəzetləri gündə bir iftira yazır, hökumət bəlli səbəblərə görə bunlara cavab vermirsə, qoy heç olmasa ictimai təşkilatlar, ayrı-ayrı xadimlər danışsın. Yoxsa, biz dinmirik, onların da ayağı yer alır.
Namiq müəllim ani pauza verib, bizi sınayıcı nəzərlərlə süzdü. Bircə kəlmə ilə bu mövzunu yekunlaşdırmaq işarəsi verdi:
— Mənim etirazım yoxdur, bir faydası varsa, münasibətləri korlamırsa, gəlin elə gündə bir bəyanat verək. Məsələ bir az başqa cürdü, İranla öcəşmək ciddi təhlükədir, onunla ağıllı və incə davranmaq lazımdır.
Həqiqətən, İran elə-belə dövlət deyil, real təhlükələrə baxmayaraq, dünyanın ən qüdrətli ölkəsi ilə münaqişə aparır. Bir əli Rusiyanın və Çinin ətəyindədir. Ölkədə düymədən tutmuş, təyyarəyədək hər şeyi özü istehsal edir, tükənməz yanacaq ehtiyatı var. Bir çox islam ölkələrinə maddi yardım göstərir, ərəb rejimlərini dəstəkləyir, Yaxın Şərqdəki radikal, dini-hərbi təşkilatlara təsir edə bilir. Yaxın Şərqdə, Qafqazda və Xəzər hövzəsində geosiyasi maraqlar uğrunda çarpışır. Güclü hərbi rejimi, ordusu, ən müasir silahları, təsirli ideologiyası var. Onun nüvə silahına iddialı olması bütün dünyanı qarışdırıb. Əlbəttə, bunlar o demək deyil ki, biz Tehrandan qorxub-çəkinək, amma o deməkdir ki, Azərbaycan İranla incə davranmalıdır.
Tale İran və Azərbaycanı çox nöqtələrdə birləşdirib. Bizim müştərək tariximiz, mədəniyyətimiz, dinimiz vardır. İntəhası, siyasi maraqların parçalanması iki ölkə arasında müəyyən çat yaradıb. Amma diplomatiya ondan ötəridir ki, bu çatları bərpa edə bilsin. Təəssüf ki, son 20 ildə İranda da, bizdə bir çoxları ölkələr arasındakı bu çatları daha da dərinləşdirməyə çalışırlar. Bu gün Azərbaycanda Cənubdakı soydaşlarımızın problemlərindən əndişələnən gerçək vətənpərvərlər az deyil, amma bu mövzunu siyasi oyuncağa çevirən balaca siyasətçilərin sayı onlardan qat-qat çoxdur. Onların Güneylə bağlı bəyanatları və Tehran rejimini ittiham etmələri populizmdən başqa bir şey deyildir. İllüziyalara qapılmayın, İran heç vaxt parçalanmayacaq. Bu dövləti parçalamaq istəyən bütün imperiyaların çöküb-tarixə gömüldüyünü görmək lazımdır. ABŞ və Avropa da sizləri çaşdırmasın: onlar İranı parçalamaq yox, rejimi dəyişmək istəyirlər.
Dünyada heç nə səbəbsiz baş vermir. Bir yanlış hərəkət başqasını doğurur. Bu baxımdan İranla bizim aramızda gedən söz davası psixoloji müharibədən başqa bir şey deyil. Son günlər bu müharibənin yeni savaşı birbaşa hər iki ölkənin müstəqilliyinin inkarına yönəlib. Bizim üçün xüsusi qorxu yaradan bu absurddan əl çəkməli, İranı özümüzə «birləşdirmək» fikrindən vaz keçməliyik. Biz, Qərbə İran bizi sıxır mesajının mənasızlığını anlamalı, Tehrandakı siyasi nadanların toruna düşməməliyik.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236