Muəllif:

Həbsxanalardan son xəbərlər

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Sofiyan şəhərində daha bir tanınmış azərbaycanlı fəal həbs edilib. Bu barədə APA-ya hazırda Türkiyədə yaşayan, əslən Güney Azərbaycandan olan hüquq müdafiəçisi Elçin Hatəmi məlumat verərək bildirib ki, ETTELAAT əməkdaşları Ayət (Yürüş) Mehrəlibəylini həbs ediblər: «Yürüş bəy çox tanınmış və nüfuzlu fəallardan biridir. Bir az əvvəl onun ailəsi ilə telefonla danışdım. Xəbəri təsdiq etdilər. Azərbaycanlı fəal hazırda ETTELAAT-ın Təbriz şöbəsində saxlanılır».
Qeyd edək ki, əvvəllər də dəfələrlə həbs edilən A. Mehrəlibəyli sonuncu dəfə ETTELAAT-ın təcridxanasında 220 gün ağır şəraitdə saxlanılıb. O, başqa bir azərbaycanlı fəal Hadi Musəvini gizlətməkdə və ölkədən qanunsuz çıxmaq üçün Səccad Radmehrə yardım etməkdə ittiham edilir.
50 gün də Təbriz həbsxanasında qalandan sonra 100 min dollarlıq mülkü girov qoymaqla azadlığa buraxılmışdı.
Azərbaycanlı məhbuslarla bağlı yeni xəbərlər var. Deyilənə görə, Tehranın Evin həbsxanasında saxlanılan jurnalist, hüquq müdafiəçisi Səid Mətinpur aclıq aksiyasını dayandırıb. S.Mətinpur onunla eyni kamerada saxlanılan və səhhəti ağır olduğu halda tibbi yardım göstərilməyən digər azərbaycanlı fəala dəstək olmaq üçün yanvarın 5-dən aclıq aksiyasına başlamışdı. Nəticədə onurğa sütunundan əziyyət çəkən Rza Şəhabi İmam Xomeyni adına xəstəxanaya göndərilib. Ona müalicə alması üçün 5 gün icazə verilib.
Xatırladaq ki, İranda insan haqları müdafiəçisi təşkilatına, HRANA-ya istinadən məlumata görə, S.Mətinpur zindandan yazdığı məktubunda bu haqda bildirmişdi. Məhbus jurnalist onunla eyni kamerada saxlanılan başqa azərbaycanlı ictimai-fəala dəstək olmaq üçün aclıq aksiyasına başladığını yazmışdı: «İşçilərin hüquqlarının müdafiəsi üzrə azərbaycanlı fəal Rza Şəhabi həbs edilən zaman ağır işgəncələrə məruz qalıb. Nəticədə onun onurğa sütunu ciddi zədələnib.
Səhhəti ağır olan R.Şəhabinin müalicəyə çox ehtiyacı var. Əks halda iflic ola bilər. Xəstəxanaya göndərilmədiyinə etiraz olaraq, o, 20 gündür aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəala dəstək olmağı özümə mənəvi borc bildim və mən də yanvarın 5-dən aclıq aksiyasına başladım. Bunu hər bir azərbaycanlı edərdi».
S.Mətinpur onu da yazıb ki, saxlanıldığı kamerada müalicəyə ehtiyacı olan başqa məhbuslar da var: «Mən 3 il yarımdır həbsdəyəm. Burada baş verən cinayətlərin içərisində yaşayıram. Mənimlə eyni kamerada qalmış 4 məhbus artıq edam edilib. Bir neçə nəfər isə vaxtında müalicə almadığı üçün ölüb. İndi də səhhəti ağır olan və tibbi yardım göstərilməyən bir neçə nəfər var. Rza Şəhabi də onlardan biridir».
Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O, «əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda» təqsirləndirilib.
Digər bir xəbərə görə, ötən ilin sonunda Güney Azərbaycanın Məlikan şəhərində tutulan, Mehdi Kuhian ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülüb.
«Öyrənci səsi»nin əldə etdiyi məlumata əsasən, o, xərçəng xəstəsidir və tutulmazdan öncə kimyəvi terapiya ilə müalicə olunurdu. Mehdi Kuhian saxlanıldıqdan sonra onun müalicə prosesi dayandırılıb, ailəsinin ona dərman çatdırmasına icazə verilmir.
Son məlumata görə, daha bir milli-mədəni fəal — İbrahim Nuri ETTELAAT-ın Əhər şöbəsinə çağırılıb…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 175