Muəllif:

«Betta» baş leytenantı şərlənərək həbs edilib?

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun anası Gülnaz Lətifova vəkil Fərzəli İbrahimovla birgə RATİ mətbuat mərkəzində oğlunun həbsilə bağlı mətbuat konfransı keçirdi.
Gülnaz Lətifova oğlunun həbsinin sifarişli olduğunu iddia etdi. Asif Lətifovun 17 il XDMX-nin xüsusi təyinatlı «Betta» qrupunda çalışıb. Lətifova dedi ki, qurumun rəhbəri Vaqif Axundov əvvəlcə oğlunun əsassız yerə işdən çıxarıb. Asif Lətifov bu haqsızlığa etiraz etdiyinə görə isə onu həbs etdirib:
«Asifi heç bir əsas olmadan işdən çıxardılar. Adını qoydular ki, xidmətə uyğun deyil. Əslində isə Asifin işdən çıxarılmasının kökündə onun Xüsusi Dövlət Mühafizə Xidmətində baş verən qanunsuzluqlara, xüsusilə «Betta» qrupunun komandiri Fikrət Rzayevin qanunsuz əməllərinə etiraz etməsi dayanır. Fikrət Rzayev hər ay «Betta» qrupunun üzvlərindən 30 manat tələb edib. Asif də buna etirazını bildirib. Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin müfəttiş şöbəsinə müraciət edib. Bundan sonra Vaqif Axundov Asifi işdən çıxarıb».
Gülnaz Lətifova deyir ki, Asif Lətifov işdən çıxarılandan sonar hüquqlarının bərpası uğrunda mübarizəyə başlayıb:
«O, mətbuat vasitəsilə işdən çıxarılmasının səbəblərini, Xüsusi Dövlət Mühafizə Xidmətində baş verənləri ictimaiyyətin diqqətinə çatdırdı. Bu da qurumun rəhbərliyinin maraqlarına uyğun olmadığından onun barəsində qondarma ittihamlarla cinayət başlandı».
Asif Lətifovun anasının sözlərinə görə, oğlu işdən çıxarılmazdan əvvəl xidmətdə olarkən güllə tapıb. 2011-ci il martın 5-də hava limanında «AK-762» avtomatının gülləsini tapıb və onu öz rəisinə, «Betta» dəstəsinin komandiri polkovnik Fikrət Rzayevə təhvil verməyib, növbəti gün XDMX daxili təhqiqatlar şöbəsinə verib. Lakin indi XDMX-nin rəhbərliyi iddia edir ki, Asif Lətifov həmin gülləni oğurlayıb. Əgər Asif həmin gülləni oğurlamışdısa, niyə təhvil verirdi? Digər tərəfdən Asifin əməlində cinayət tərkibi var idisə niyə o zaman məsuliyyətə cəlb olunmamışdı? Niyə bu hadisənin üstündən 1 il 6 ay keçəndən sonra bunların yadına düşüb ki, Asif güllə oğurlayıb? Bütün bunlar göstərir ki, Asif barədə başlanan cinayət işi qondarmadır. Bir məqamı da diqqətinizə çatdırım. Asif Lətifovun işdən çıxarılması barədə Vaqif Axundovun qərarında bu güllə məsələsinə yer ayrılıb. Həmin qərarda Vaqif Axundov özü yazır ki, Asif həmin gülləni tapıb. Sadəcə komandirinə deyil, müfəttiş şöbəsinə təhvil verib. Asifin gülləni Fikrət Rzayevə verməməsinin səbəbi isə ona etibar etməməsi olub.
Bu adamlar sadəcə birləşib oğlumu həbs etdiriblər. Onun həbsi barədə qərarda yazılıb ki, Asif cəmiyyət üçün mənfi emosiya yaradır. Bu nə deməkdir mən anlamıram? Buna görə adamı həbs edərlər?! Bütün bunlar onu göstərir ki, Asifin heç bir təqsiri yoxdur, sadəcə haqqını tələb etdiyinə görə Vaqif Axundovun hədəfinə gəlib. Asif 17 il Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb. Xüsusi təyinatlı «Betta» qrupunun zabiti olub, vəzifəsinin öhdəsindən layiqincə gəlib. Elə Vaqif Axundov özü onu dəfələrlə mükafata layiq görüb. Bəs indi nə oldu, Asif xidmətə yararsız oldu, cinayətkar oldu?! Mən sona qədər oğlumun hüquqlarını müdafiə edəcəm».
Vəkil Fərzəli İbrahimov bildirdi ki, Lətifovun hərəkitində cinayət əməli yoxdur:
«Asif bildirib ki, onu müxtəlif yollarla işdən uzaqlaşdırmaq istəyiblər. Ancaq bu mümkün olmayıb. O silahla ehtiyyatlı davranıb, xidmət vaxtında yatmayıb. Komandiri Fikrət Rzayev patron məsələsinə görə onu işdən uzaqlaşdırmağa nail olub. O heç vaxt töhmət almayıb, xidmətində fərqlənib. Bir patronun qiyməti 1 dollardı, buna görə 6 il həbs verilməsi ədalətsizlikdir. Biz məhkəmə qərarından narazıyıq, odur ki, vəkil olaraq mən və Asif Lətifovun özü apelyasiya şikayəti verdik».
Qeyd edək ki, A.Lətifovun hüquqlarını hüquq müdafiəçisi Vidadi İsgəndərli qoruyacaq. O, həbsin ictimailəşməsinə və siyasiləşməsinə çalışacaq.
Xatırladaq ki, 17 il XDMX-də xidmət edən Asif Lətifov 2011-ci ilin martında işdən çıxarılıb. Baş leytenant bunu özünə qarşı ədalətsizlik sayaraq, işə bərpa olunması uğrunda mübarizəyə başlayıb. Mətbuatda XDMX-də baş verənlərlə bağlı verdiyi açıqlamalardan sonra barəsində 228.1.9 (odlu silah saxlamaq və gəzdirmə) və 232.2.3 (vəzifə səlahiyyətindən sui-istifadə etməklə odlu silah və partlayıcı qurğular tələb etmək) maddələrilə cinayət işi başlanıb. Hərbi Məhkəmə onun barəsində 6 il azadlıqdan məhrumetmə cəzası verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 647