Mərkəz rəhbəri: “Bakı siyasi məsələlərdə Çinlə ABŞ arasında balansı pozmayacaq”
Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə etdiyi dövlət səfəri zamanı Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Birgə Bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıb. Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirərək səmimi və dostluq mühitində danışıqlar aparıblar.
Hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər.
Bu Birgə Bəyannamə ilə iki ölkə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Əldə olunan razılaşmaların miqyası kifayət qədər böyükdür: iqtisadi, siyasi, humanitar sahələrdə bir çox əməkdaşlıq layihələri nəzərdə tutulur.
Ekspertlər xatırladırlar ki, dünya nəhəngi olan Çin münasibətlərini əsasən iqtisadi maraqlar üzərindən qurur. Bunun bariz nümunələrindən biri “Bir kəmər – bir yol” layihəsidir ki, bunun qollarından biri olan Orta Dəhlizdir. Hansı ki, Orta Dəhliz üçün strateji ölkələrdən biri Azərbaycandır. Azərbaycan isə Çindən investisiyaların cəlbinə çalışır. Eyni zamanda, rəsmi Bakı üçün Pekinin siyasi dəstəyi mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, əsas diqqət Birgə Bəyanatda göstərilənlərə verilməlidir:
- Təbii ki, iqtisadi əməkdaşlıq hər iki dövlət üçün vacibdir. Amma biz ixracı da artırmalıyıq. Azərbaycan Çindən daha çox mal-məhsul alır, nəinki satır. Düzdür, indi Çində bizim ticarət evləri yaradılıb, inkişaf var. Eyni zamanda, Orta Dəhliz layihəsi bizim üçün də, Çin üçün də vacibdir.
Bəyanata gəlincə, orada ərazi bütövlüyü ilə bağlı bənd var ki, hesab edirəm ki, bu bənd daha çox Çinə lazımdır. Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Pekin çalışır ki, daha çox dövlət Tayvan məsələsində Çinin mövqeyini birmənalı dəstəkləsin. Azərbaycan Tayvanı əvvəldən də Çin ərazisi kimi tanıdığını bəyan edib. Amma o bənddə daha çox Çin maraqlı olub. Eyni zamanda, xüsusi xidmət orqanları arasında separatizmə qarşı əməkdaşlıq haqqında bənd də daha çox Çinə lazımdır. Çünki Çində daha çox separatçı qruplar mövcuddur. Digər bəndlər isə hər iki ölkənin maraqlarına cavab verir. Düşünürəm ki, bu baxımdan, Prezident İlham Əliyevin Çinə səfərini və verilən qərarları, aparılan danışıqları müsbət və səmərəli sayılmalıdır.
- Məlumdur ki, Çin indi dünyanın diqqət mərkəzində olan dövlətdir. Bu fonda Prezidentin Pekinə dövlət səfərinə beynəlxalq güclərin yanaşması necədir?
- Təbii ki, Azərbaycan liderinin Çinə səfəri təkcə Azərbaycan və Çində izlənilmədi, eyni zamanda, dünya ölkələrində, müxtəlif mərkəzlərdə izlənildi: Rusiyada, İranda, Avropada, ABŞ-da. Bu gün bəzi ölkələr Çinlə rəqabətdədirlər. Onlar hansısa dövlətin Çinlə əməkdaşlığına bir qədər də paxıllıqla yanaşırlar. Məsələn, baxmayaraq ki, Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskva Pekinlə əməkdaşlıq edən digər dövlətlərə qısqanclıqla yanaşır. Baxın, Orta Asiya ölkələrinin Çinlə əməkdaşlığı Rusiyanı qıcıqlandırır. Yenə deyirəm, Moskva ilə Pekin arasında ciddi qarşıdurma yoxdur, amma Rusiya ətrafında olan ölkələrin Çinlə əməkdaşlığına qısqanclıq edir.
ABŞ-a gəlincə, məlumdur ki, Amerika Prezidenti son vaxtlar Çinə qarşı “tarif müharibəsi” elan edib, sərt qərarlar qəbul edib. İndi Vaşinqtonda baxırlar ki, Azərbaycan lideri Çinə səfər edib, sənəd imzalanıb. Buna diqqətli yanaşırlar. Bununla yanaşı, Avropadakı mərkəzlər, İran da eyni qaydada prosesləri izləyirlər. Biz bu halda bəzi məsələlərə diqqət etməliyik. Bəli, Azərbaycan ticarət mübadiləsində, biznes sahələrinin inkişafında maraqlıyıq. Amma elə məsələlər var ki, onlara həssas yanaşma tələb olunur. Söhbət siyasi müstəvidən gedir. Məncə, Bakı siyasi məsələlərdə Çinlə ABŞ arasında balansı pozmayacaq.
- Həssas məsələlər daha çox hansılardır ki, onu pozmamalıyıq?
- Birincisi, heç bir anti-Amerika blokunda yer almamalıyıq. Mən demirəm ki, Çin anti-Amerika bloku yaradır. Amma Si Cinpin son səfərlərini Vyetnam, Kamboca və Malaziyaya səfər etdi. Bu səfərlərdə məqsəd ticarət mübadiləsini artırmaq idi. Eyni zamanda, Pekin “tarix müharibələri”ndə bu ölkələri yanında görmək istəyir. Amma həmin o üç ölkə anti-Amerika blokunda yer almayacaqlarını açıq şəkildə Cinpinin nəzərinə çatdırdılar. Azərbaycan da hesab edirəm ki, eyni siyasəti həyata keçirməlidir. Bu, birinci “qırmızı xətt”dir. İkinci “qırmızı xətt” investisiyalarla bağlıdır. Çin adətən ölkələri iqtisadi yatırımlarla, investisiyalarla özündən asılı vəziyyətə salır. Məsələn, Afrika ölkələri, Orta Asiya ölkələrində Çin söz sahibinə çevrilir. Bu ölkələr hansısa siyasi qərar verərkən Pekinin təzyiqi ilə üzləşirlər. Hesab edirəm ki, bu məsələdə diqqətli olmaq lazımdır. Üçüncü “qırmızı xətt” isə hərbi əməkdaşlıq məsələsidir. Düzdür, Çinin Cənubi Qafqaz ölkələrinə hərbi baxımdan həssas mövqeyi var. Bizə də, Ermənistana da Pekin silah satmadı. Amma son vaxtlar Ermənistan bu məsələdə aktivliyini artırıb. Çinin də Ermənistandakı hərbi atteşesi müəyyən toplantılar keçirir, bəyanatlar verir. Bu, xoş məsələ deyil.