Elə faktlar var ki, lap məəttəl qalırsan – <font color=red> AXI NİYƏ?!</font>

Aktual

11.08.2020 - 10:25

Azərbaycan və Gürcüstan: Hər şey inadkar faktlarla

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

“Faktlar - inadkar şeylərdir”. Bu deyimin müəllifinin kim olması hələ də mübahisə predmetidir. Deyilənə görə, məsəli ilk dəfə İngiltərə publisisti Yustas Badcell 1732-ci ildə “Azadlıq və inkişaf” adlı traktatında işlədib. Amma faktı məşhur edən bu ifadənin ondan daha əvvəl işləndiyini söyləyənlər də var. Məsəli geniş istifadəyə 1770-ci ilin martında ABŞ Prezidenti Con Adams buraxıb. Daha sonralar - 1988-ci ildə bu ifadə Ronald Reyqanın dilindən işləndikdən sonra, sanki ikinci həyat qazanıb. Keçmiş SSRİ məkanında bu deyim Vladimir Leninin sevimli məsəli olduğu üçün populyarlaşıb.

 

Bu məsəli Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlar barədə telekanallar və mətbuatı izləyərkən yada saldım. Əziz oxucu, bu “operştab” işə başlayandan onların bir çox addımlarını tənqid edənlərdən biriyəm: bu kişilər nə etsələr, mənim gözüm ancaq qaranı görür. Nə edim? Mən də belə adamam. Onlardan kimsə qalxıb hansısa məntiqsiz qərarı elan edəndə və bunun xalqın rifahı üçün olduğunu deyəndə, mən də başlayırdım tənqidə. Dənizi niyə açmırsız, SMS-i niyə ləğv etmirsiz, mağazalar niyə bağlıdır və sair kimi suallarla bzdirirdim yazıqları. Amma bu gün onları tənqid etməyəcəm. Ax niyə?! Səbəbini izah edim.

Оперштаб готовит новые правила работы в Азербайджане

Yuxarıda dediyim kimi, böyük-böyük kişilərin ağızlarından və qələmlərindən çıxmış “Faktlar – inadkar şeylərdir” ifadəsindən yararlanmağa qərar verdim. Mən başbilənlərimzin ABŞ, Avropa, nə bilim, daha hansı ölkələrdə vəziyyətin bizdən pis olduğunu və yalnız bizdə insanlara pandemiya dövründə hərtərəfli kömək edildiyini, digər ölkələrin buna görə bizə az qala həsəd aparmaları barədə fikirlərini də şərh etməyəcəyəm. Sadəcə, faktları sizə təqdim edəcəm. Özü də əhalisi bizdən 3 dəfə az, təbii ehtiyatları bizimlə heç müqayisəyə gəlməyən qonşu Gürcüstandan faktlar gətirəcəm. Qalanı sizlikdir.

 

Bir neçə gün əvvəl Gürcüstan hökuməti COVID-19 pandemiyası fonunda, ölkə vətəndaşlarına sosial dəstək proqramını davam etdirmək qərarına gəldiyini elan etdi. Baş Nazir Giorgi Qaxariyanın dediyinə görə, sentyabr ayında tədris ili başlamazdan əvvəl 17 yaşdan kiçik uşaqlara 200 GEL (65 dollar) məbləğində birdəfəlik yardım göstəriləcək, həmçinin sosial müdafiəsi olmayan 33 mindən çox tələbəyə 2020-2021-ci illərdə universitetlərdə təhsil haqqı tam ödəniləcək.

 

Gürcüstan hökuməti sosial cəhətdən müdafiəsi zəif ailələrdən olan tələbələrin təhsil haqqını da maliyyələşdirəcək. Qaxariya, əvvəl elan edilmiş sosial dəstək proqramı üçün ərizə dolduran, lakin müvafiq sənədləri təqdim edə bilməyən bütün özünəməşğul vətəndaşlara 300 lari (97 dollar) veriləcəyini söylədi. Daha əvvəl məlum olub ki, Gürcüstan hakimiyyəti COVID-19 səbəbindən qışda sakinlərə kommunal xidmətləri ödəməyə yardım göstərəcək. Ölkədə qış aylarında - noyabr, dekabr, yanvar və fevral aylarında vətəndaşların kommunal xidmətlərə olan borclarının ödənilməsi proqramına əsasən, ailənin ayda 200 kVt/saatdan çox olmayan elektrik enerjisi və 200 kubmetr təbii qaz istehlakına kompensasiya ödənilməsinə davam ediləcək.

 

Mən Gürcüstanın, məsələn, Azərbaycandan aldığı qazın öz əhalisinə hansı güzəştlərlə verməsinin bizim cəmiyyətdə nə kimi ümidlər yaratdığı barədə də heç nə deməyəcəm. Bu gözləntilər fonunda, onu da diqqətinizə çatdırmayacam ki, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfin “hökumətdə karantin qaydalarının pozulmasına görə cərimələrin artırılması məsələsi müzakirə edilir” açıqlaması sosial şəbəkələrdə hansı müzakirələrə səbəb oldu...

 

Sadəcə, yenə də faktlara müraciət edəcəyəm:

 

Xatırladım ki, karantin rejiminin pozulmasına görə cərimələr bizdə sonuncu dəfə iyun ayında artırılmışdı. Dəyişikliyə əsasən, fiziki şəxslər üçün cərimələr 50 əvəzinə 100 manat (58 dollar), vəzifəli şəxslər üçün 100 əvəzinə 200 manat (117 dollar), hüquqi şəxslər üçün 200 əvəzinə 400 (235 dollar) manat olmuşdu. İlk cərimədən sonra bir il ərzində təkrar pozuntuya görə, fiziki şəxslər 200, vəzifəli şəxslər 400, hüquqi şəxslər 800 manat (470 dollar) cərimə olunur.

 

Azərbaycanda tətbiq olunan cərimələr artıq birdəfəlik işsizlik müavinətinin 190 manatı (112 dollar) məbləğini ötüb keçib. Bu məbləğ ölkədə adambaşına təsdiq edilmiş yaşayış minimumunun həcmidir, ancaq insanların sayından asılı olmayaraq bütün ailə üçün verilir. 112 dollarlıq müavinət alan bir azərbaycanlı ailənin başqa gəliri olmamalıdır. Müqayisə üçün, Gürcüstanda, pandemiya və ya epidemiya zamanı qapalı ictimai yerdə maskanın olmaması vətəndaşın 20 lari (təxminən 6 dollar) və məkan sahibinin 500 lari (təxminən 166 dollar) cərimə edilməsinə səbəb olur.

 

Gürcüstan keçmiş SSRİ məkanında yeganə dövlətdir ki, Avropa İttifaqı ona üzv olmayan bu ölkəni pandemiyanın səviyyəsinə görə ən təhlükəsiz 15 dövlətin siyahısına salıb və onların vətəndaşlarına səfərlər üçün yaşıl işıq yandırıb. Gürcüstanın 3,7 milyon nəfər əhalisindən min nəfərdən də az adam koronavirusa yoluxub və onlardan yalnız 15 nəfəri dünyasını dəyişib.

 

P.S. Fakta münasibət heç zaman birmənalı olmayıb. Fridrix Nitşe 1874-cü ildə dərc edilən "Tarixin həyat üçün faydaları və təhlükələri haqqında" əsərində yazırdı: "Fakt həmişə axmaqdır"...

Müəllif: Yoldaş Mircəfər

Ramanada faciə

Dünən, 17:26 Hadisə