Muəllif:

AFRİNDƏN BAŞLANAN, AMMA AFRİNDƏ BİTMƏYƏCƏK MÜCADİLƏ…

Doğrusu, bizim ünlü sosioloqların azərbaycanlıların daha çox hansı ölkələrlə bağlı xəbərləri izlədiklərini araşdırıb-araşdırmadıqları şəxsən mənə bəlli deyil.

Böyük ehtimalla bu, onların heç ağlına da gəlməyib, çünki ictimai elmlərlə bağlı olanlarımızın elmlə deyil, dissertasiya yazmaqla, ən yaxşı halda isə təbliğatla, necə deyərlər, ölkəmizlə bağlı həqiqətlərin dünya əhlinə çatdırılması ilə məşğul olduğu hamıya məlumdur.

Amma adi və qeyri-adi insanlarımızla söhbətlərdən yəqin edirik ki, millətimizi Azərbaycandan savayı maraqlandıran ölkələrdən ön sırada gedəni Türkiyədir.

Burada Türkiyə prezidenti R.T. Ərdoğana da minnətdar olmaq lazım gəlir, çünki o, müxtəlif predmetlərlə bizim insanlarımızın da diqqətini ölkəsinə yönəldə bilir.

Məsələn, lap yaxın keçmişdə hamı çox böyük diqqətlə Ərdoğan-Putin görüşlərini izləyirdi ki, görək, bunların Dağlıq Qarabağ probleminə bir təsiri olacaqmı?

Hərçənd, hələ o vaxtlar yazırdıq ki, Rusiya və Türkiyə biri-birinə nə qədər yaxınlaşsa da reallıqda çox uzaq ölkələrdir və heç bir halda, Kreml Ankaranı özünün “Dağlıq Qarabağ mətbəxi”nə buraxmaz, çünki o, bu sferada baş verənləri, keçmiş sovet məkanının konkret hissəsində cərəyan edənləri hətta xarici bir məsələ yox, az qala, öz daxili işi sayır…

İndi də insanlarımızın diqqətlə izlədiyi proseslərdən biri Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlardır. Doğrusu, bu konteksdə də çox eyforik qiymətləndirmələr duyulur. Halbuki daha düzgünü bu olardı ki, bir daha motal papaqlarımızı qabağımıza qoyub bir suala cavab verməyə cəhd edək: bəs belə əməliyyatlar “kürd problemi”ni həll etmək iqtidarındadırmı?

Düzü, bizim bu suala cavabımız təsdiqedici deyil. Bilirsiniz, “kürd problemi” təkcə PKK (YPG və daha nə bilim, nə!) problemi deyil, o, bir terrorçu təşkillatla mücadilə məsələsi deyil, daha qəlizdir.

Bir tərəfdən Türkiyənin problemi sərhədləri xaricində qarşılamasını çox müsbət dəyərləndiririk. Amma bir daha deyirik ki, hər gün öldürülən terrorçuların statistikası böyüsə də, əslində “kürd problemi”nin həllinin iki yolu var: ya Türkiyədən kənarda kürd dövlətinin yaranmasına imkan vermək, ya da mərkəzləşdirilmiş və sərhədləri hüdudlarındakı vəziyyətə nəzarət etmək gücündə olan İraq və Suriya dövlətlərinin yenidən dirçəlib ayağa durmasına nail olmaq.

Birinci ssenarini Türkiyə qəti qəbul etmir. Düşünürlər ki, hətta Türkiyədən xaricdə kürd dövlətinin yaranması onun parçalanmasına gətirib çıxara bilər. Əlbəttə ki, bu arqumentin lehinə də, əleyhinə də bir neçə fikir söyləmək mümkündür.

Amma bircə onu deyəcəyik ki, belə məntiqlə İran gərək, heç vaxt şimalda Azərbaycan dövlətinin yaranmasına imkan verməyəydi, çünki yeni yaranan bu dövlət onun ərazisinə iddialı olacaqdı.

Sözsüz, belə iddialar var. Amma onları real siyasətdə yox, daha çox filoloji siyasətdə — qoşma və bayatılarda sezirik və hamı üçün aydındır ki, nə qədər İran rejimi güclü olacaqsa, bir o qədər “Cənub problemi”lə bağlı düşüncələr də reallıqdan uzaq olacaq. İndi Türkiyə də qonşuluqda yarana biləcək istənilən kürd özünüidarə qurumunu özü üçün təhdid saya bilər, amma burada azca şişirtmənin olması hamıya aydındır — ən azı ona görə ki, Türkiyə elə də zəif ölkə deyil ki, yeni yaranmış bir qurum durub ondan torpaq da qoparsın…

Amma dediyimiz kimi, Türkiyə bu ssenarini qətiyyən qəbul etmir. Deməli, qalır ikinci yol – İraqın və Suriyanın mərkəzləşdirilmiş və funksional dövlət kimi bərpası. Bəli, İraqda müəyyən proses gedir. İraq kürdlərinin referendumu ilə bağlı da Türkiyənin gördüyü operativ işi çox yüksək və həm də peşəkar iş kimi dəyərləndirmək lazım gəlir.

Suriyada vəziyyət hələ bundan çox uzaqdır və bu ölkədə baş verənlərə diqqət edən zaman adamın ağlına bircə cümlə gəlir; burada hamı biri-birinə qarşı vuruşur. Türkiyənin problemi kürd terrorçularıdır və bir də B.Əsədlə barışmaq istəmirlər, ABŞ guya, İŞİD-lə çarpışır və o, da Əsədə qarşı müxalifətə dəstək verir, Rusiya və İran isə Əsədə yardımçıdır…

Amma hazırda aydınlaşmaya, daha konkret siyasətə ehtiyac duyulur. Türkiyənin də maraqları tələb edir ki, kürdlərin üzərində heç olmasa, “bütöv Suriya tavanı” olsun, əks təqdirdə bu, yiyəsi-sahibi bilinməyən bir ərazidə partizanlarla savaş açmağa bənzəyəcək.

Partizan müharibəsi isə elə şeydir ki, gec-tez ən güclü dövləti belə heydən salır, çünki tez zamanda savaş bir təşkilata qarşı döyüşdən dönüb bir millətə qarşı çarpışmaya çevrilir. Sonra isə bunu heç cür nizamlamaq və ya çərçivəyə salmaq olmur…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1549