Muəllif:

2018-ci ildə Qarabağ münaqişəsi niyə həll olunmayacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sonuncu görüşü əvvəlkilərdən fərqlənmədi. Oturdular, söhbət etdilər. Nə danışdılar, konkret nəyi müzakirə etdilər, kim nə dedi, o birisi hansı cavabı qaytardı… yenə də bu barədə nəyisə bilmədik. Doğrusu, cəmiyyətdə də bu məsələ müzakirə olunmadı. Çoxdandır müzakirə olunmur.

23 ildir ki, münaqişənin həlli “ölü nöqtə”dən tərpənmir. Belə görünür ki, 2018-ci ildə də eyni aqibətlə üzləşəcəyik. Çünki, 2018-ci ildə Ermənistanda prezident seçkisidir. Hazırki dövlət başçısı Sarqsyan postu ilə vidalaşır və özündən sonra Sarqsyan soyadlı başqasını namizəd göstərib. Bu il həm də Azərbaycanda prezident seçkisidir. Hakim partiyanın namizədi yəqin ki, dəyişməz olaraq qalacaq.

Münaqişənin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərindən biri Rusiyada da seçkidir. Putin namizəddir, onların da başı özlərinə qarışıb.

Fransanın yeni prezidenti Emmanuel Makron hələ ki, bu məsələ ilə bağlı ciddi bir şeylə yadda qalmayıb. Baxmayaraq ki, prezidentlik yarışının ikinci turunda Fransadakı “soyqırım” abidəsini ziyarət etmişdi. Fransa da Minsk qrupunun üzvüdür.

ABŞ lideri Trampın da başı özünə qarışıb – yanvarın 20-də ali posta oturmağının 1 ili tamam oldu, amma hələ də Rusiyanın onun qalib gəlməsindəki rolu barədə mülahizələr Amerika cəmiyyətində ən qızğın müzakirə mövzusudur. Əlavə olaraq, Ağ Ev liderinin yerli media və Şimali Koreya lideri Kim Çen Inla da höcətləşməsi davam edir. Son 1 ildə də ABŞ rəsmilərinin dilindən Qarabağla bağlı nələrisə eşitməmişik. ABŞ da ATƏT-in Minsk qrupundakı üçlükdən biridir.

Azərbaycana bu münaqişənin həllində açıq dəstəyini ifadə edən Türkiyə də “öz işləri” ilə məşğuldur. Bir tərəfdən FETO, PKK, PYD, Bəşər Əsəd, Tramp, ümumiyyətlə bütün dünya ilə mübarizə və mübahisə edir, digər tərəfdən də 2019-cü ildə keçiriləcək bələdiyyə və prezident seçkilərinə indidən hazırlaşır.

Regionda Ermənistana isti münasibəti ilə seçilən İran da daxili məsələlərlə məşğuldur. Bir neçə həftə öncə orada da ara yaman qarışmışdı.

Buradan iki nəticə çıxır: ya hamı hər şeydən məmnundur, ya da məmnun deyil. Amma bir şey dəqiqliklə məlumdur ki, bu il də cəbhədə gərginlik olacaq və mülki əhali də, hərbiçilər də əziyyət çəkəcək.

Ermənistanda hakimiyyətdə yeni simanın olacağı şübhəsizdir. O, seçkidən sonra azərbaycanlı həmkarı ilə yəqin ki, görüşəcək. Bu görüş də çox güman ki, tanışlıq xarakteri daşıyacaq. Bundan əvvəlki görüşlərin də müsbət təcrübəsi olmadığından gələcəyə nikbin baxmaq üçün ciddi əsas yoxdur. Belə ki, təkcə 2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorundakı itkilərin sayı 59 nəfər təşkil edib. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, dünyasını dəyişənlərin 19 nəfəri döyüş, 40 nəfəri isə qeyri-döyüş itkisidir.

2018-ci ilin ilk ayı bitmək üzrədir və yerdə qalan 11 ayda da fövqəladə möcüzə baş verməsə, Qarabağa qayıdış, İsa bulağı, Cıdır düzü, Xudafərin körpüsü ilə bağlı arzuların reallaşmasını növbəti illərdən gözləməli olacağıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 209