Muəllif:

Uçur göylərə

Uşaqlıq illərimdə (bəri başdan qeyd edim ki, bu, sovet dövrünə, ölkəyə hələ çənəsi əsib, ağzı marçıllamayan, xalqımızın böyük dostu L.İ.Brejnevin rəhbərlik etdiyi vaxta təsadüf edir) hər il dekabrın 31-də, Yeni il bayramı ərəfəsində televiziya ilə «Morozko» (filmin orijinal adı belə idi, Azərbaycan dilinə dublyaj olunub-olunmadığı, düzü, yadımda deyil) filmi nümayiş olunurdu. Filmin qəhrəmanının adı, təbii ki, İvan idi, özü də, heç şübhəsiz, xeyir qüvvələri təmsil edirdi. Qorxmayın, bu nağılın tam məzmununu danışmaq fikrim yoxdur. Şər qüvvələrin nümayəndələri isə onun öz məhəbbəti Alyonuşka ilə qovuşmasına hər vəchlə mane olmağa çalışırdılar. Bu işə bir qrup qulduru da cəlb etmişdilər. Bu məqsədlə hətta İvanuşkanın yaşadığı daxmanın qarşısında bir neçə qanunsuz piket də keçirməyə cəhd olmuşdu. Şaxtalı qış günlərindən birində quldurlar meşədə qəhrəmanımızın yolunu kəsərək məsələni birdəfəlik həll etmək qərarına gəlirlər. Təyin olunmuş vaxt hərəsi bir xizəkli araba ilə gəlir sözləşdikləri yerə. Gizlənib İvanuşkanı gözləyirlər. Bir azdan o da fit çala-çala gəlir. Quldurlar tökülüşürlər ki, sən burdan keçə bilməzsən, vəssalam. O da deyir ki, mən keçim, siz də baxın. Nə isə, onlar deyir, bu deyir, vur-çatlasın düşür. Axırı İvan quldurların hərəsinə bir təpik vurur, onlar da bir-bir düşürlər gəldikləri arabaların altına (o vaxtlar arabalar QAZ-24 kimi bir şey idi). Toppuzlarını da həmin aqibət gözləyirdi, qəhrəmanımız onlara bir təpik vurur və onlar göyə uçur. Bir də yayda, quldurlar cəhdlərini təkrar etmək istəyərək yenidən İvanuşkanın yolunu kəsəndə, həmin toppuzlar göydə təxminən yarım il var-gəl etdikdən sonra onların başına tökülməyə başlayır. Təpəsinə öz toppuzu düşən quldurlardan biri «uşaqlar, bu ki, bizim toppuzlarımızdır!» deyərək huşunu itirirdi. Biz uşaqlar isə Vanyuşanın gücünə heyran qalırdıq. Zarafat deyil, toppuzlar 6 ay göydə qalırdı. Orasını da deyim ki, biz öz, xalq nağıllarımızın qəhrəmanlarını da tanıyırdıq, sonra elə bilərsiniz İvandan başqasından xəbərimiz yox idi. Sadəcə, göyə uzun mənzilli toppuz fırladanımız yox idi. Amma, demə, bu, belə deyilmiş…
Bizdə də var imiş! Özü də nağılda deyil, həyatda. Bu günlərdə məlum oldu ki, bizim bahadurumuz hələ 1976-cı ildə, bəzi mənbələrə görə, Beyrəyin, digərlərinə görə isə Babəkin (tarixçilərimiz bunu araşdırmalıdır) toppuzuna bir təpik vurub, o da uçub göylərə. O vaxtdan, yəni 37 ildir ondan xəbər yoxdur. 37 ildir orbitdə (xahiş edirəm «Orbit» saqqızı ilə səhv salmayın) dolaşır. 6 ay hara, 37 il hara! Adamın ürəyi dağa dönür! Bir də deyirlər, keçən həftə Rusiyanın Çelyabinsk şəhərinə düşərək dağıntılara və mindən çox insanın yaralanmasına səbəb olan meteorit deyil, məhz həmin toppuz olub. Bəlkə də yox. Ona görə gərək hamımız ehtiyatlı olaq, toppuzun nə vaxt, harada və hansımızın başına düşə biləcəyi məlum deyil!

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141