Muəllif:

Cərimələnən gənclər «nəticədən» razıdırlar

Yanvarın 12-də əsgər ölümlərinə etiraz əlaməti olaraq keçirilən aksiyada iştiraka görə cərimə edilmiş gənclər «5 qəpik» kampaniyası nəticəsində yığılan vəsaiti dövlətə ödəmək fikrindədirlər. Bunu gənc fəallar dünən RATİ Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.
Amma AXCP Cəlilabad rayon təşkilatının sədri Təzaxan Mirələmli kimi bu vəsaiti ödəmək istəməyənlər də var. O bildirib ki, cəriməni ödəmək niyyətində deyil: «Mən yalnız vətəndaş mövqeyimi ifadə etmişəm və bu həm də bir keçmiş döyüşçü kimi mənim borcum olub. Əsgərimizin ölümünə etiraz etmək cəzalandırılacaq əməl olmamalıdır».
Gənc fəalların vəkili Əsabəli Mustafayev isə bildirib ki, cərimə olunan gənclərin işləri Apellyasiya Məhkəməsinə göndəriləcək, Apellyasiya Məhkəməsi bu cərimələri qüvvədə saxlasa, Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Vəkil hesab edir ki, cərimə ödənməsə, bu cəza növü bir neçə saatlıq «ictimai iş» cəzası ilə əvəzlənə bilər. İctimai iş deyiləndə əsasən küçələrin süpürülməsi nəzərdə tutulur, lakin bu halda «süpürgə» aksiyası istisna edilmir. «Odur ki, gənclərə 15 sutkalıq inzibati həbs cəzasını tətbiq edəcəklər», — deyə vəkil vurğuladı.
«Müsbət Dəyişiklik» təşkilatının rəhbəri Nərmin Rəhimli bildirib ki, 481 nəfərin ianə etməsi nəticəsində vəsait 6135 manat toplanıb. Burada həm fərdi, həm də kollektiv ianələr var. Onlar arasında qəzet, ticarət mərkəzi, universitet kollektivləri var. «5 qəpik» kampaniyasına Almaniyada, Türkiyədə, Rusiyada, Kanadada və digər ölkələrdə yaşayan gənclər də qoşulublar. Onlar ianələrini bank vasitəsilə edirlər.
12 yanvar aksiyasında iştiraka görə 25 nəfər 300-600 manat məbləğində cərimə olunub. Cərimələrin ümumi məbləği 10 500 manat təşkil edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 117