Ziyalılar hökuməti ədalətə səsləyir – Özəlləşdirmə çekləri və bir milyon insanın haqqı

Cəmiyyət

19.10.2024 - 11:21

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə rəhbərliyinə müraciət: imkan verməyək ki, vətəndaşlarımızın hüquqları pozulsun

Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.

Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri MÜLKİYYƏTDİR, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur - nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!

Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.

AYNA zaman-zaman problemi dilə gətirən, hökuməti təcili tədbirlər görməyə səsləyən tanınmış elm və mədəniyyət xadimlərinin fikirlərindən qısa xülasələri təkrar ictimaiyyətin və hökumətin diqqətinə çatdırır.

Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimova:

“Xatirimdədir, özəlləşdirmə çekləri ilə bağlı fərman böyük ruh yüksəkliyi ilə qarşılandı. Burada məqsəd vətəndaşlarımızın özəlləşdirmə prosesində iştirakını təmin etmək idi. Onların ata-babalarının, hər birinin haqqı var idi Sovet dövlətinin üzərində. Bu səbəbdən bu əmlaklar da elə onların arasında bölünməli idi.

Bu gün Azərbaycan qalib ölkədir. İllərin tarixi həsrətinə son qoymuşuq. Artıq hər yerdə fəxrlə söyləyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Bu qələbə bizi birləşdirdi, daha da yaxınlaşdırdı. Son dövrlər Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar bütün ziyalılar və xalqımız tərəfindən təqdir olunur. İnanıram ki, nəhayət, bu məsələyə də aydınlıq gətiriləcək. Yüzminlərlə soydaşımız çekləri əllərində gözləyirsə, onların çağırışına reaksiya verilməlidir. Bu təşəbbüsü irəli sürənləri tam mənada dəstəkləyirəm. Onlarla birlikdə olduğumu bəyan edirəm”.

Görkəmli sənətkar Akif İslamzadə:

“Vətəndaşların vauçerlərlə bağlı haqlarının bərpası vacibdir. Özəlləşdirmə çeklərini yuxu kimi xatırlayıram. Görün, üzərindən nə qədər keçib... Hesab edirəm ki, o çeklərin cəmiyyətə bir faydası olmadı. Olsaydı, biz də onu xatırlayardıq. Çox təəssüf ki, bu proses də effektiv təşkil edilmədi.

Bilirsiniz, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası hökm sürür. Digər yandan bahalaşma gedir, əhalinin sosial vəziyyəti yaxşı deyil. Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür. Bu, həm də ehtiyac içərisində olan vətəndaşlara bir imtiyaz olardı. Ən azından yüzminlərlə vətəndaş hələ də gözləyir. Gözləyirsə, demək ümidləri var. Vətəndaşın ümidini doğrultmaq isə yaxşı şeydir”.

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev:

“Bu gün yüzminlərlə insan hələ də o vauçerləri evində saxlayır. Mən iqtisadçı deyiləm, amma ortada vətəndaşların hüquqlarının pozulması müzakirə mövzusudursa, burada iqtisadçı olmağa da gərək yoxdur. Layiqli vətəndaş olmaq kifayət edir. Hesab edirəm ki, tədavül müddəti artırılmalı və bununla yüzminlərlə insanın hüquqlarının pozulmasına son qoyulmalıdır. Problemin həllini sonsuza qədər uzatmaq olmaz və ən qısa müddətdə öz həllini tapmalıdır”.

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov:

“Bu məsələdə vətəndaşların haqları tapdanıb. Məmurlar xalqa xidmət barədə düşünməyə başlamalıdırlar. Çox qəribə vəziyyət yaranıb. Dövlət qərar qəbul edir, vətəndaşların mənafeyini təmin etmək üçün sərəncam imzalanır. Amma məmurlar elə bir oyun oynayırlar ki, vətəndaşlar hamısı qalır kənarda. Yeyən də onlar olur, dağıdan da. Son qoymaq lazımdır belə şeylərə. Prezident gecə-gündüz çalışır, torpaqlarımızı azad edir. Xalqın rifahı naminə dayanmadan işləyir, bu məmurlar isə oğurlayırlar. Bu, nə deməkdir, ay məmurlar?! Belə çıxır sizin övladlarınızın ağzı var, bizim balalalarımızın ağzı yoxdur?!

Bəzi qudurğan məmurlar ölkəni özlərinin var-dövlət məkanına çeviriblər. O zaman mənə şəhərin mərkəzində evimin əvəzində çeklər təklif etdilər. Yaxşı ki, razılaşmadım. Yoxsa indi qapı-qapı gəzirdim. Yüzminlərlə vətəndaşın vauçerləri əllərində qalıb. Təcili olaraq onların haqları bərpa edilməlidir. Mən bir ziyalı olaraq buradan ölkə rəhbərliyinə müraciət edirəm. Qalib xalqın nümayəndəsiyik, imkan verməyək ki, vətəndaşlarımızın hüquqları pozulsun. Bu kimi hallara son qoyaq. Yığışdıraq belə şeyləri”.

Azərbaycan Respublikasının Xalq artisti, məşhur aktyor Valeh Kərimov:

“Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırırlması vacibdir. O zaman ulu öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara əvəzsiz vauçerlər paylandı. Bir çoxu bu çekləri satsalar da, hələ də saxlayanlar var və onlardan biri də mənəm. Ailə üzvlərimlə birlikdə bizə məxsus olan vauçerləri bu günə qədər qoruyub saxlayırıq.

O zaman mərhum Prezident Heydər Əliyevin bu fərmanı cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bu, ölkə vətəndaşlarının halal haqqı idi. Sovetdən qalma müəssisələr onların ata-babalarının iştirakı ilə yaradılmışdı. Lakin sonradan bu proses uğurlu getmədi və nəticə olaraq yüz minlərlə çek hələ də əllərdədir”,

Hökumətin çekləri əllərində qalan vətəndaşlarla bağlı qərar verməsinə ehtiyac var. Hesab edirəm ki, bu, bir o qədər də çətin olmayacaq. Azərbaycan dövləti vətəndaşların problemlərinin həlli istiqamətində çoxsaylı addımlar atıb. Xüsusən son illər bu istiqamətdə çox ciddi işlər görülür. Müvafiq qurumlar vauçerləri əllərində qalan çeklərin sayını müəyyən etməli və ardınca onların qaytarılması prosesinə başlamalıdır. İnanıram ki, bu, belə də olacaq. Onların arasında sosial təminatı aşağı səviyyədə olan vətəndaşlarımız da var və bu, onlara böyük hədiyyə olardı”.

Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış aktyor Rəhman Rəhmanov:

“Yüzminlərlə insanın halal haqqı özünə qaytarılmalıdır. Bu, dövlət tərəfindən vətəndaşlar üçün nəzərdə tutulmuş bir imtiyaz idi. Eyni zamanda payçıların halal haqları idi. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! O zaman bu fərmanı imzalayanda hamımız çox sevindik. Hətta xəyallar da qururduq...

Tədavül müddətini artırılmasını özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlar bayram sevinci ilə qarşılayarlar. Nəhayət, tarixi ədalət bərpa olunar. Mən buna inanıram. Çünki Cənab Prezident İlham Əliyev vətəndaşlarının sosial rifah halının yüksəldilməsiu üçün mühüm addımlar atır.

Şübhəsiz ki, bu məsələ də öz həllini tapacaq. Lakin indidən hazırlıqlara başlamaq lazımdır. Özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların siyahısı tərtib edilməli və bundan sonra müvafiq qərarlar qəbul edilməlidir”.

Filoloq alim, yazıçı-publisist Vaqif Bəhmənli:

“Kimlər vauçerlərini saxlayıblarsa, onlar ağıllı insanlardır. Çünki Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı ölkə vətəndaşlarının qarşısında böyük imkanlar açırdı. O, çox uzaqgörən və zəngin siyasi təcrübəyə malik siyasətçi idi. Bilirdi ki, vətəndaşlara verilən mülkiyyət hüququ onların dədə-babasının zəhmətinə verilən qarşılıqdır. Çünki hər bir şəxsin ətrafında, ailəsində Sovetlər Birliyinin inkişafına təkan verən insanlar olub. Bir halda ki, ölkə yeni sistemə keçidi təmin edirdi, mütləq şəkildə hər kəsin haqqı ödənilməli idi. Doğrusu, gözləntilər yüksək olsa da, proses yarımçıq aparıldı. Bizlər də məcbuq qalıb, vauçerlərimizi satdıq.

Kimlərin vauçerləri əllərində qalıbsa, onların hüquqları bərpa edilməlidir. Qarşıdakı dövrdə dövlət qurumları özəlləşdirməyə çıxarılarsa, bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Proses o zaman yekunlaşmış sayıla bilər ki, hər kəs bundan bəhrələnsin. Əgər bu, baş verməyibsə, demək proses bitməyib. Bu məsələyə yenidən qayıdılmalıdır. İnanıram ki, belə də olacaq”.

Riyaziyyatçı alim, akademik Fikrət Əliyev:

“Çeklərin tədavül müddətinin artırılması vacibdir. Burada söhbət yüzminlərlə insanın taleyindən gedir. Bəlkə də, onların sayı milyondan çoxdur. Düzdür, iddia edilə bilər ki, tədavül müddəti bir neçə dəfə artırılıb, bu mənada vətəndaşların imkanı olub ki, həmin çekləri mübadilə etsinlər. Lakin bir məqam var ki, faktiki olaraq vətəndaşlar bu prosesdə fəal iştirak etməyiblər. Maariflənmə səviyyəsi çox aşağı olub. Təbliğat işi yüksək səviyyədə təşkil olunmayıb. Bunlar obyektiv amillərdir. Çünki o dövrdə biz keçid mərhələsindəydik. İndiki mərhələdə heç olmasa, çekləri əllərində qalan vətəndaşların mənafeyi naminə tədavül müddəti yenidən artırılmasına ehtiyac var... Hesab edirəm ki, bu gün də vauçerləri əlində qalan soydaşlarımızın hüquqları qorunmalı, tədavül müddətinin artırılması ilə bağlı yeni proqram sənədi qəbul edilməlidir”.

İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov:

“1990-cı illərdə özəlləşdirmə sahəsində problemlər yaşandı. Bu, təkcə Azərbaycana aid məsələ deyildi, bütövlükdə bölgədə, qonşu ölkələrdə də problemlər yarandı. Azərbaycanda da özəlləşdirmə ilə bağlı qərar verildi və çeklər dövriyyəyə buraxıldı. Amma o çeklərdən özəlləşdirmədə effektiv şəkildə istifadə edilməsinin şahidi olmadıq.

İllər keçdi, çeklərdən istifadə prosesi yarı-yarımçıq edildi. 2011-ci ildə çeklərin tədavül müddəti bitdi və bu qiymətli kağızlar yararsız kağız parçasına çevrildi. İndi onun yenidən dövriyyəyə buraxılması, özəlləşdirmə prosesində istifadəsi mürəkkəbləşib. Lakin hesab edirəm ki, bu problemi həll etməyin müxanizmi var.

Əllərdə qalan vauçerlərin qiymətli kağızlar olduğunu unutmamaq lazımdır. Həm də dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Emissiya prosesində çeklərdən istifadə edilməlidir. Emissiya mütərəqqi sistemlərdə belə baş verir: hansısa qiymətli kağızların alınmasına dövlət pul ayırır və bunun hesabına iqtisadiyyata pul kanalları cəlb edir.

Düşünürəm ki, məhz bu qiymətli kağızlardan belə formada istifadə edə bilərik. Müvafiq proqram hazırlanmalı, qiymətli kağızlar investisiya axınlarına cəlb edilməlidir. Proqram hazırlanmalıdır ki, iqtisadiyyata, real sektora investisiyalar gəlsin və o qiymətli kağızlar emissiyanın istiqaməti olsun. Çünki emissiya məqsədli olmalıdır, pulu iqtisadiyyata elə-belə atmaq olmaz.

İşğaldan azad olunmuş ərazilərdəki əmlakın özəlləşdirilməsində də vauçerlərdən istifadə oluna bilər. Əgər biz çeklərin effektiv dövriyyəsini təmin edə bilsək, sözsüz ki, azad olunmuş ərazilərdəki əmlakın özəlləşdirilməsində effektiv istifadə mümkündür. Hesablamalara görə, azad edilmiş ərazilərdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyacımız var. Sözsüz ki, xarici investisiyalar bizə lazım olacaq. Amma daxili investisiya resurslarını da unutmamaq lazımdır. Burada özəlləşdirmə çeklərinə, qiymətli kağızlara ehtiyacımız olacaq”.

İctimai xadim, professor Məhərrəm Zülfüqarlı:

“Dövlətin verdiyi vauçerlərdən istifadə edə bilməyən vətəndaşlara bundan yararlanmaq üçün şərait yaradılması mümkündür. Dövlət müstəqilliyinin bərpası vaxtı hamıya özəlləşdirmə çekləri verildi ki, vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşılaşsın, onlar dövlət əmlakının özəlləşdirilməsində iştirak etsinlər, pay sahibi olsunlar. Yəni ki, çeklər bu məqsədlə paylanmışdı. Amma həmin vaxt işbazlar bundan yararlana bilsələr də, sadə vətəndaşların böyük hissəsi qazanclı çıxmadı. Sonra dəyər-dəyməzinə çeklər bazara çıxarıldı, dövlətin qiymətli kağızları qiymətdən düşdü.

Məsələ burasındadır ki, həmişə ilkin kapital oğurluğu olub. Fırıldaq yolla pul qazananlar, işbazlar camaatın savadsızlığından istifadə etdilər, ucuz qiymətə çekləri topladılar və müəyyən dövlət əmlakının özəlləşməsində iştirak edə bildilər. Həmin vaxt çeklərini satmayan, dövlətin qiymətli kağızının belə qiymətsiz ola bilməyəcəyini düşünən vətəndaşlar isə vauçerlərini saxladılar. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılsa da, çek sahibləri qiymətli kağızını cüzi pula dəyişmək istəmədilər. Həm də onlar hesab edirdilər ki, üzərində müddət göstərilməyən qiymətli kağızların tadavül müddəti yenə artırılacaq. 2011-ci ildən sonra isə müddət artırılmadı, artıq 12 ildir ki, çeklər sanki tarixə qovuşub.

Çeklərindən istifadə edə bilməyən vətəndaşlar indi dövlətin onlara istifadə etmək üçün şərait yaratmasını tələb edirlər. Qanunla haqlıdırlar, çünki dövlətin qiymətli kağızlarından faktiki olaraq yararlana bilməyiblər. Bu baxımdan, hesab edirəm ki, məsələyə birdəfəlik son qoyulması üçün hökumət addım ata bilər. Həm insanların haqlarının bərpası baxımdan, həm də problemin həlli baxımından bu, təqdirəlayiq olardı. Hansısa formada məsələni yoluna qoymaq zəruridir. Hökumət ya əllərdə qalan çeklərin özəlləşdirmədə iştirakına şərait yarada bilər, ya da çeklər qiymətləndirilə, vətəndaşlara kompensasiya ödənilə bilər”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray

Pin up casino Pin-up casino giriş