Bakı-Təbriz xəttində nifaq yaratmaq cəhdi: adekvat cavab, aydın mesaj

Aktual

18.06.2025 - 10:19

cedabet dərman SEO Xidməti

Asif Nərimanlı: “Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir”

İsraillə İran arasındakı müharibə genişləndikcə, itkilər artdıqca diplomatik ittihamlar da vüsət almaqdadır. İran tərəfi isə həmişə olduğu kimi, təkcə İsrail tərəfini ittiham etmir, eyni zamanda, digər ölkələrə də ittkihamlar səsləndirir. Məsələn, Tehran müharibənin arxasında dayanan ölkə kimi  ABŞ-ı günahlandırır. Bununla yanaşı, İsrailə kömək edən-etməyən ölkələr də ittihama məruz qalırlar. Təbii ki, İranın, xüsusilə də İran İslam İnqilabi Korpusu (SEPAH) hər zaman olduğu kimi, Azərbaycanı həfədə alan bəyanatlarla çıxış edir. Bu dəfə də Bakıya ittihamlar səsləndirildi. SEPAH-a yaxın media orqanlarında anti-Azərbaycan kampaniyasına başlanılıb və guya ki, Azərbaycan İrana qarşı hücumlarda hansısa formada iştirak edir. Gülünc yanaşmadan biri Azərbaycanın İsrailə neft satmasıdır. Yaxud da, Güney Azərbaycan türklərinin İsrail agentləri kimi fəaliyyət göstərməsi iddiasıdır ki, həm də guya belə agentlər Azərbaycan tərəfindən təlimatlandırılır.

Analitiklər bildirirlər ki, İran bu dəfə də absurd iddialar səsləndirməklə Azərbaycanı da proseslərin içərisinə yönləndirmək niyyətini ortaya qoyur. Bu təhlükəli ssenariyə görə Azərbaycanın ehtiyyatlı davranmağının lazım olduğunu bildirən ekspertlər hesab edirlər ki, rəsmi Bakının mövqeyi və təmkinli davranışı təqdir edilməlidir.

Analitik Asif Nərimanlı AYNA.AZ-a müsahibəsində bildirib ki, SEPAH-a yaxın mediada Azərbaycana qarşı qondarma ittihamlar həmişə olub:

- Bu gün də iddia edilir ki, Azərbaycan İsrailə neft satır, sionist rejimin təyyarələri yanacaqla təmin olunur və Təbrizə zərbələr endirir. Ermənistanın işğal siyasətinə açıq dəstək verən, erməni maraqlarına görə Azərbaycan sərhədlərinə qoşun yığan İranda bu cür yanaşmalar absurd görünür. Azərbaycanın İsrailə neft satması isə bazar qaydalarına uyğun aparılır. Hesab edirəm ki, bu absurd iddiaları Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı izah etmişdi. Prezidentin köməkçisi demişdi ki, “neft bazarının qaydalarına görə o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil. Orada 10-larla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhana Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır”. Əslində isə SEPAH-ın dərdi başqadır və ittihamın məqsədi də fərqlidir.

- Bu ittihamların arxasında hansı məqsəd dayanır?

- SEPAH-a yaxın medianın İsrailin hücumu qarşısında Azərbaycanı ittiham etməsinin məqsədi Arazın o tayındakı soydaşlarımız qarşısında rəsmi Bakını ittiham altına salmaq, ictimai rəydə “günahkar” obrazını yaratmaqdır. Çünki düşünürəm ki, müharibənin gedişatında rejimin ölkəyə nəzarəti itirmək riski var və bu ssenaridə cənubdakı soydaşlarımızın üz tutacağı və onların gələcəyini düşünə biləcək yeganə dövlət Azərbaycandır. Rejim bu cür iddialarla Bakı-Təbriz xəttinə nifaq toxumu səpməyə çalışır. Əlbəttə, belə iddiaları geniş kampaniyaya çevirə biləcəkləri də istisna deyil.

- Daha bir uydurma isə Azərbaycanın etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərmasi iddiasıdır...

- Bu qondarma iddiaya da Prezidentin köməkçisi Hikmət Hacıyev səviyyəsində tutarlı cavab verildi. Bilirsiniz, İran-İsrail müharibəsi fonunda Azərbaycan üçün əsas təhlükələrdə biri də bu cür dezinformasiya axınıdır. Belə iddiaların tirajlanmasında müxtəlif maraqlı tərəflər var. Bunlar İran daxilində Azərbaycana qarşı mənfi münasibəti olan qruplar, Ermənistan mediası, o cümlədən, Qərbdə erməni lobbisinin təsir edə bildiyi media orqanlarıdır. Adətən bu cür dezinformasiyaların tirajlanmasında eyni taktikadan istifadə olunur: iddia əvvəlcə region, eləcə də Yaxın Şərq ölkələrində o qədər də populyar olmayan hansısa informasiya resursunda tirajlanır, daha sonra Qərb mediası “istinad” olaraq yayımlayır və beləcə kampaniyaya çevirirlər. Bununla bağlı konkret nümunə kimi 2019-cu ildə İranın proksi qüvvələrindən olan “Haşdi Şabi” qruplaşmasına zərbə endirən İsrail dronlarının Azərbaycan ərazisindən qalxdığına dair kampaniyanı yada salmaq olar. Bu iddia Yaxın Şərqdə o qədər də tanınmayan media resurslarında yayımlanmışdı, daha sonra Ermənistan mediası gündəmə gətirdi və Qərb mediasında “istinad”la tirajlandı. Demək istəyirəm ki, İran-İsrail qarşıdurmasında Azərbaycana qarşı bu cür iddiaların tirajlanması gözləniləndir. Dezinformasiya axınına qarşı hazırlıq olmalıyıq.

- Dünən yerli mediada belə bir məlumat yayıldı ki, Azərbaycan İsrail rəhbərliyinə Cənubi Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mesaj göndərib. Belə bir mesajı necə oxumaq olar?

- Mesaj İsrailin İrandakı azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlıdır. Bu cür mesajlar rəsmi şəkildə açıqlanmır, çünki Cənubi Azərbaycan rəsmi olaraq İran ərazisidir, oradakı soydaşlarımız da İran vətəndaşıdır. Azərbaycanın bunu rəsmi şəkildə dilə gətirməsi birmənalı qarşılanmaya bilər. Lakin mesajın mediada tirajlanması təsdüfi deyil və hesab edirəm ki, doğru qərardır. Birincisi, Azərbaycan bununla müharibənin getdiyi ərazilərdəki soydaşlarının təhlükəsizliyini düşündüyünü, mövcud şərtlərdə bunun üçün əlindən gələni etdiyini göstərir. İkincisi, bu, İranda “İsrail təyyarələri Azərbaycanın yanacağı ilə Təbrizi bombalayır” iddialarına qarşı vaxtında verilmiş cavabdır. İran rejimi bu cür iddialarla Bakı-Təbriz xəttində nifaq yaratmaq və azərbaycanlıların öz talelərini Arazın bu tayına bağlamaq perspektivinin qarşısını almaq niyyətindədir. Bakı isə Təl-Əvivə mesaj göndərməklə adekvat cavab verir, Arazın o tayındakı soydaşlarımıza Tehranın edə bilmədiyini etdiyini, onların təhlükəsizliyini qorumağa çalışdığını çatdırır. Burada İranda hadisələrin mümkün inkişaf perspektivləri – rejimin dəyişməsi, cənubdakı soydaşlarımızın azadlıq, yaxud ən azı muxtariyyət imkanlarının yarana biləcəyi də görünür. Bakı bu mesajla İrandakı soydaşlarımızın gələcəyini düşünən yeganə tərəf olduğunu sərgiləyir. Yəni belə bir mesajı qeyri-adi qarşılamaq lazım deyil.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş