50-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, görülən işlər barədə məlumat verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Məişət zorakılığından zərər çəkmiş şəxslərin quruma müraciət etmələri barədə təlimatlandırılma” mövzusuna həsr olunan dinləmə keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AYNA.AZ-a verilən məlumata görə, dinləmədə Ağdaş Rayon İcra Hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, müəllimlər, eləcə də, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Ümumilikdə 50-dən çox şəxsin iştirak etdiyi tədbir zamanı Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib.
Agentliyin nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, müvafiq müəssisənin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin fəaliyyəti, şöbəyə qəbul qaydaları haqqında təqdimatlar ediblər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və tədbirin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, agentlik tərəfindən müxtəlif mövzulara dair ictimai dinləmələr mütəmadi olaraq təşkil edilir.