Pit Heqset: “İran nüvə silahı yaratmaq imkanından tamamilə məhrum olub”
Amerikanın müdafiə naziri Pit Heqset əmindir ki, ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı obyektlərə endirdiyi zərbələr nəticəsində İran nüvə silahı yaratmaq imkanından tamamilə məhrum olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqon rəhbərinin yazılı bəyanatında deyilir.
Heqset ABŞ-ın Tehranın nüvə proqramının əsas komponentlərini məhv edə bilmədiyi barədə KİV-in məlumatlarına münasibət bildirərkən qeyd edib ki, "gördüklərimizə və İrana zərbələrlə bağlı bütün kəşfiyyat məlumatlarına əsasən deyə bilərəm ki, bizim bombardmanımız nəticəsində İranın nüvə silahı yaratmaq potensialı məhv edilib".
“Bizim super ağır bombalarımız bütün hədəfləri dəqiqliklə vurdu və qüsursuz işlədi. Bombaların dağıdıcı təsir göstərmədiyini söyləyən hər kəs sadəcə olaraq Prezident Donald Trampa və onun uğurlu əməliyyatına zərər vurmağa çalışır”, - deyə Heqset vurğulayıb.
Amerika lideri isə Heqsetin bu bəyanatını “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.