DTX sosial şəbəkələrin müsbət və mənfi tərəflərini izah edir

DTX sosial şəbəkələrin müsbət və mənfi tərəflərini izah edir

“Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlar davam edir. DTX-nın mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, bu seminarların başlıca məqsədi də dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

 

Seminarlar DTX-nin Heydər Əliyev adına Akademiyasının müəllimləri, DTX-nin təcrübəli əməkdaşları və digər ali təhsil müəssisələrinin bu sahə üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır. DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara rayonun 41 məktəb və kollecinin müəllim və şagirdləri qatılıb.

Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun, DTX-nin əməkdaşı R.Bayramlının “Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər”, “Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları”, “Sosial şəbəkələrin gənclərin psixikasına təsiri”, “Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış” və digər aktual mövzularda məruzələri dinlənilib.

 

Seminarda yuxarı sinif şagirdləri Səadət Vəliyeva və Sərxan Osmanov sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər. Böyük maraqla qarşılanan seminar sonra şagirdlərin yaxından iştirakları ilə onları maraqlandıran suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

Müəllif: Ayna.az      19 Dekabr 2019 16:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin