Əsas səhifə Haqqımızda Xəbər lenti

Addım-addım Turana doğru –Türkiyə ilə Qırğızıstan arasındakı “buzlar əriyir”

Addım-addım Turana doğru –Türkiyə ilə Qırğızıstan arasındakı “buzlar əriyir”

Toğrul İsmayıl: “Türkdilli dövlətlər arasında münasibətlərin inkişafı bu coğrafiyaya sülh və əmin-amanlıq gətirəcək - hədəf hansısa ölkələrə qarşı ərazi iddiası, hansısa təhdid deyil”

 

Qırğızıstanın yeni Prezidenti Sədir Caparov bu günlərdə Türkiyəyə səfər edib. Böyük nümayəndə heyəti ilə Ankaraya gedən Caparov səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, müzakirələr aparılıb. Eyni zamanda, iki ölkə arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

 

“Prezident S.Caparovun Türkiyəyə səfəri zamanı iki ölkə rəhbərliyinin dostluq münasibətlərinin yeni səviyyəyə çatdığı və gələcəkdə hərbi tərəfdaşlığı gücləndirməyi planlaşdırdıqları bildirilib”, - deyə Qırğızıstan dövlət başçısının Mətbuat Xidmətinin məlumatında vurğulanıb. 

 

Prezidentin Mətbuat Xidməti Caparova istinadən yazıb ki, ilk növbədə ölkələr kibercinayətkarlıq, qaçaqmalçılıq, narkotik və silah ticarəti, habelə qanunsuz miqrasiya və terrorizmlə mübarizə məsələlərində qarşılıqlı əlaqələri gücləndirəcəklər: “Dövlət başçısı qlobal və regional siyasətdəki əsas mövqelərin oxşarlığını vurğulayaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu söyləyib”.

 

“Siyasətçi tərəflərin silahlı qüvvələri birlikdə gücləndirmək üçün hansı addımları atmağı planlaşdırdığını və bunun ilk növbədə hansı sektorları əhatə edəcəyini açıqlayıb. Qırğızıstan lideri ölkənin ordusunun modernləşdirmək üçün müttəfiqlərin mütəmadi hərbi-texniki köməyinə ehtiyac duyduğunu diqqətə çatdırıb”, - deyə açıqlamada vurğulanıb.

 

Məlumdur ki, Türk dövləti olan Qırğızıstanla türkdilli dövlətlər arasında ən nüfuzlusu və söz sahibi sayılan Türkiyə arasında bir neçə ildir soyuqluq yaşanırdı. Xüsusən Qırğızıstanda kök salmış FETÖ terror təşkilatı ilə bağlı əvvəlki hökumətin mövqeyi birmənalı deyildi. Bu ilin əvvəlində hakimiyyətə gələn Caparovun Türkiyəyə rəsmi səfəri onun xaricə ilk səfərlərindən sayılır. Türkiyəyə demək olar ki, kabinetinin bütün üzvləri ilə gedən, qardaşlıq mesajları verən, hərbi əməkdaşlıqda maraqlı olduğunu söyləyən Qırğızıstan liderinin Türk dünyası ilə inteqrasiyada maraqlı olduğu görünür.

 

Analitiklər bildirirlər ki, regionda yeni yaranmış geopolitik vəziyyət, xüsusən də türkdilli ölkələrin coğrafiyasında konfiqurasiya yenilənmələri Türk Birliyinin yaranmasını zəruri edir. İşğalda olan ərazilərini azad edən türkdilli ölkələrin əsas dövlətlərindən olan Azərbaycanla Türkiyənin münasibətləri məlumdur – qardaş ölkələr arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Caparovun Ankara səfərində verilən bəyanatlar da onu göstərir ki, prosesə Qırğızıstan da yaxından qoşulmaqdadır.

 

Caparovun Türkiyə səfərini AYNA-ya Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq, həmyerlimiz Toğrul İsmayıl şərh edib.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

Analitik xatırladıb ki, Caparov Türkiyəyə üç günlük səfərində çox yüksək səviyyədə qarşılanıb: “Səfər çərçivəsində çox ciddi görüşlər, tədbirlər keçirildi. Qırğızıstan Prezidentinin geniş nümayəndə heyəti ilə gəlişi, Türkiyənin demək olar ki, bütün nazirlərinin görüşdəki iştirakını nəzərə alsaq, səfərin ciddiyyətini anlamaq çətin deyil. Əvvəlcə prezidentlər arasında təkbətək görüş oldu, daha sonra liderlərin iştirakı ilə ölkələr arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirildi, əməkdaşlıq barədə bir çox sənədlər imzalandı. Bu, çox önəmli hadisə idi. Qırğızıstanla Türkiyə münasibətlərində zaman-zaman problemlər yaransa da, Caparovun səfəri, birgə açıqlamalar onu deməyə əsas verir ki, gərginliklər aradan qalxıb. Görünür, Qırğızıstan Türkiyənin bir çox istəklərini qəbul edir”.

 

“Ərdoğanın Caparovla mətbuat konfransındakı bir açıqlaması oldu – FETÖ-nün Türkiyə və Qırğızıstan üçün milli təhlükəsizliyə təhdid olduğunu dedi. Və Türkiyə lideri bildirdi ki, bu təhdidin öhdəsindən iki ölkə birlikdə gələ biləcək. Demək ki, Qırğızıstan da FETÖ-nün milli təhlükəsizliyə təhdid olduğunu qəbul edir”, - T.İsmayıl əlavə edib.

 

Politoloq qeyd edib ki, Qırğızıstanın müstəqilliyini ilk tanıyan ölkənin Türkiyə olduğunu unutmamaq lazımdır: “Eyni zamanda, bu il iki ölkə arasındakı münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə qalxmasının 10-cu ilidir. Türkiyə rəhbərliyinin təbii ki, əsas həssas məsələsi FETÖ ilə mübarizədir. Amma Ərdoğan Qırğızıstandakı Konstitusiya dəyişikliyi referendumunun dönüş nöqtəsi olduğunu ifadə etdi. Bu referendumda Qırğızıstan idarəçilikdə Prezident üsul idarəsinə keçdi ki, bu, Türkiyə sistemi ilə eynilik təşkil edir. Eyni zamanda, mətbuat konfransında Türkiyənin bundan sonra da Qırğızıstana hər məsələdə dəstək verəcəyi açıqlandı”.

 

“Ölkələr arasındakı ticarət əlaqələrinin inkişafı baxımından atılan addımlar, imzalanan sənədlər də çox önəmlidir. Türkiyə ilə Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 507 milyon dollar təşkil edir. Koronavirus pandemiyasına baxmayaraq, bu rəqəmdə önəmli azalma müşahidə edilməyib. Amma liderlər dövriyyənin daha çox olması potensialını ifadə etdilər və bildirdilər ki, tərəflər dövriyyənin 1 milyona çatması üçün əllərindən gələni edəcəklər. Buraya çatdırılma, səhiyyə, mədənçilik, enerji, təhsil, mədəniyyət, turizm və s. daxildir. Deməli bu sahədə əməkdaşlıq daha da dərinləşdiriləcək. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra ortaq bəyanat verildi ki, bunu növbəti toplantıyadək atılacaq addımların “Yol xəritəsi” saymaq olar. Təbii ki, məqsəd münasibətlərin daha da inkişaf etməsidir. İki ölkə daha da yaxınlaşmaqda maraqlıdırlar”, - politoloq deyib.

 

“Caparovun Türkiyəyə səfəri həm də ona görə önəmlidir ki, son dövrlər Qırğızıstanın daxilində dəyişikliklər oldu, Tacikistanla sərhəddə gərginliklər yaşandı”, - deyən T.İsmayıl bildirib ki, Ərdoğanla Caparov arasında Türk Birliyi məsələsində fikir mübadiləsi aparılıb: “Bu, çox vacib məsələdir. Türk Birliyi ilə bağlı məsələlərin axırı necə olacaq sualı istər-istəməz gündəmə gəlir. Bəzən bunu Turan Birliyi adlandırırlar. Bilirsiniz ki, Ziya Göyalp zamanında “Turan” ifadəsinin mədəni əlaqələr ifadəsi olduğunu deyib. Hazırkı dövrdə biz bunu Türk Birliyi şəklində göstəririk. Türkdilli dövlətlər müstəqildir, bir-biri ilə əməkdaşlıq edə bilərlər. Dünyada bu cür yaxınlaşmalar var və türksoylu ölkələr arasında da belə yaxınlaşmalar davam edir. Türk Konseyi, Türkdilli Dövlətlərin Parlament Assambleyası onsuz da var. Eləcə də bir sıra təşkilatlar mövcuddur. Bu əlaqələrə təbii ki, iqtisadi əlaqələrdən tutmuş, hərbi əməkdaşlığa kimi – bir çox sahələrdə qarşılıqlı yardımlaşma mövcuddur”.

Oxu.az - Ortaq kanal, dil, əlifba və universitet qaçılmazdır - ŞƏRH

“Bu gün Türkiyə çoxşaxəli siyasət yeridir ki, bunlardan biri də təbii olaraq, özünə yaxın türk dövlətləri ilə münasibətlərdir. Necə ki, Ərəb Ölkələri Birliyi var, Amerika Ölkələri Birliyi var, Avropa Birliyi var, İslam Əməkdaşlıq Təşkilatı var, eləcə də, Türk Birliyi yaranır. Türk dövlətlərinin yaxınlaşması beynəlxalq siyasətdə nümunəsi olan bir haldır ki, bu, qəbahətli deyil. Burada hansısa dövlətlərə qarşı təhdid yoxdur. Türk Birliyi təkcə Türkiyə üçün deyil, türkdilli müstəqil ölkələrin hər biri üçün həssas məsələdir. Azərbaycan, Qazaxstan da türk cümhuriyyətlərinin birliyində aktivlik nümayiş etdirir. Görünür, Qırğızıstan da aktivliyə can atmaqdadır. Bəzi ölkələr bu birliyi özlərinə təhdid kimi görürlər. Amma unutmaq olmaz ki, türkdilli dövlətlər arasında münasibətlərin inkişafı bu coğrafiyaya sülh və əmin-amanlıq gətirəcək. Çünki hədəf hansısa ölkələrə qarşı ərazi iddiası, hansısa təhdid deyil. Tam əksinə, türk dövlətlərinin əməkdaşlığı iqtisadi, siyasi, mədəni, təhsil və digər sahələrin gücləndirilməsinə hesablanıb”, - deyə professor fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu      11 İyun 2021 10:25
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin