“Gürcüstan hadisələrinin arxasında genişmiqyaslı plan var"

Siyasət

25.06.2019 - 14:00

"Keçmiş possovet məkanında daha bir münaqişə ocağının yaranması heç kimə, o cümlədən də Azərbaycana lazım deyil”

 

Tbilisidə 26-cı Parlamentlərarası Pravoslav Assambleyasının toplantısında Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması ilə Gürcüstanda başlayan geniş miqyaslı etiraz aksiyaları səngimək bilmir. Bir-birinin ardınca gerçəkləşən istefalar, həmçinin güc strukturlarının zor tətbiq etməsi belə, etiraz iştirakçılarının meydandan dağılışmasına təsir etmir. Ölkədə qəfil baş verən bu hadisələr Cənub Qafqaz bölgəsi ilə bağlı narahatlıq doğurur.

 

AYNA-nın əməkdaşı politoloq Tofiq Abbasovla həmsöhbət olaraq, sözügedən narahatlığa aydınlıq gətirməyə, baş verənlərin pərdəarxası məqamlarını, hadisələrin həm Gürcüstan, həm də qonşu dövlətlərə təsirini araşdırmağa çalışıb.

 

"Xarici qüvvələr possovet məkanını, ümumiyyətlə Avrasiyada 3 əsas bölgəni öz nəzarətində saxlayırlar. Və ciddi cəhdlə çalışırlar ki, həmin bölgələrdə onların instrumentləri işlək vəziyyətdə olsun" - deyə müsahibimiz bildirib.

 

Onun sözlərinə görə, söhbət Qafqaz, Avropa və Mərkəzi Asiya bölgəsindən gedir: "İndi onların bir neçə müddət əvvəl possovet məkanı ilə bağlı deyilmiş planları aktivləşir. Planların yüksək səviyyəyə gəlməsi üçün gərginlik ocaqları yaradılır. Gürcüstanın timsalında da bunu görürük”.

Related image

Politoloqun sözlərinə görə, son günlər Gürcüstanda baş verənlər çox qaranlıq məqamlara işıq saçır: “Gürcüstan stabil tərzdə həyatını sürürdü, həm Qərbə doğru inteqrasiyası təmin olunmuşdu, həm Şərq dövlətləri, xüsusən də Azərbaycanla, Türkiyə ilə münasibətləri, kommunikativ əlaqələri güclənirdi. Görünür, vəziyyətin belə inkişaf etməsi bəzi qüvvələrin ürəyincə deyildi. Onlar vəziyyəti qəlizləşdirməkdən ötrü yenə də təxribata əl atdılar”.

 

T.Abbasovun fikrincə, Rusiya Dövlət Dumasının üzvü Sergey Qavrilovun parlament sədrinin kreslosunda oturması sadəcə bəhanədir: “Əslində, Qavrilovla bağlı məsələ texniki məqam idi. Ola bilsin ki, protokol çatışmazlığı olub. Buna görə bütün ölkəni qarşıdurmaya, zorakılığa qərq etmək nəyə lazım idi?! Nümayişlərdə dünyasını dəyişmiş, ağır xəsarətlər almış vətəndaşlar var”.

 

“Bu, açıq-aydın göstərir ki, Gürcüstan hadisələrinin arxasında genişmiqyaslı tədbirlər planı var. Planın da əsas mahiyyəti ondan ibarətdir ki, Rusiya ilə Gürcüstan arasında olan münasibətləri tam çökdürsünlər. Gürcüstanda bəzi qüvvələr tərəfindən çoxdan arzu olunan qərbpərəst elitanı hakimiyyətə gətirsinlər. İndi də həmin bıçağın sümüyə dayandığı məqamın təzahürünü görürük” – deyə o vurğulayıb.

 

Siyasi şərhçi düşünür ki, hadisələrin sabitləşməsi üçün hələlik əsaslar yoxdur: “Şəxsən elə bir mexanizm görmürəm. Tbilisidə insanlar artıq daxili işlər nazirinin istefasını tələb edirlər. Onların anlamında son günlər hüquq-mühafizə orqanları qeyri-professional şəkildə güc tətbiq edirlər, bir qədər qəddarlıq nümayiş etdirirlər. Ancaq görürük ki, nümayişçilər özlərini qaydasız döyüş stilində aparırlar və çalışırlar ki, Gürcüstanı iflic vəziyyətə salsınlar. Bu vəziyyət isə nə Gürcüstan xalqı, nə də bölgə üçün lazımdır. Ümumiyyətlə, keçmiş possovet məkanında daha bir münaqişə ocağının yaranması heç kimə, o cümlədən də Azərbaycana lazım deyil”.

 

T.Abbasovun qənaətincə, əgər hüquq-mühafizə orqanları, güc strukturları qətiyyət göstərib, cəmiyyəti öz nəzarətində saxlaya bilsə, yaxın zamanda ümumi vəziyyət sabitləşə bilər: "Gürcüstan daxili işlər naziri kütlənin təkidi ilə istefaya getsə, o zaman nümayişçilər qələbə çalacaq. Prezidentin də hakimiyyətdən getməsinə nail ola biləcəklər”.

 

Həmsöhbətimiz Gürcüstanda yaşananların qonşu ölkələrə sıçrama ehtimalından də danışıb: “Azərbaycan öz təhlükəsizliyini qoruyur. Bunun üçün gücləndirilmiş mexanizmlərimiz var, proqram yanaşmamız var. Ermənistan isə bizdən fərqli olaraq bu hadisələrdən təsirlənəcək. Birincisi, orda da anti-Rusiya meylləri xeyli güclənib. Digər tərəfdən, son günlər Rusiyanın hərbi bazasının Gümrüdən çıxarılması məsələsi gündəmə gəlib. Nəhayət, həmin dalğadan istifadə edərək, guya Gürcüstanı da Rusiyadan ayırmağa cəhd göstərirlər. Eyni zamanda, Cavaxetiyada da vəziyyəti qarışdırırlar ki, orda da erməni separatçılığı baş qaldırsın, oranı da Ermənistana bağlasınlar. Yəni burda da Xankəndi-Qarabağ məsələsinin təkrarını görürük”.

 

“Gürcüstan xalqı bu məsələlərdə ehtiyatlı olmalıdır. Ölkənin ərazi bütövlüyünə xələl gətirən tədbirlərdən uzaq durmalıdır. Gürcütsan yaxşı bilməlidir ki, onun yeganə dostu varsa, o da Azərbaycandır. Azərbaycan Ermənistandan fərqli olaraq Gürcüstandan maddi maraq, mənfəət güdməyib. Əksinə, Gürcüstana çoxsaylı yatırımlar qoymuşuq, xeyli sayda kommunikasiya xətlərimiz oradan keçir. Bizim marağımız ancaq odur ki, Gürcüstanda vəziyyət sabitləşsin, Prezident, hökumət öz səlahiyyətlərini lazımi qaydada həyata keçirsin” – deyə Tofiq Abbasov vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan