İlham Əliyev: “Heydər Əliyevin də, mənim də Prezident kimi ilk xarici səfərimiz Fransaya olub”

Siyasət

30.09.2019 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: “Bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla inkişaf edir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

 

“Azərbaycana xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli rol oynayacaq. Bu yaxınlarda səfirin etimadnaməsini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi bölüşdüm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüşdür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Mənim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakın dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakın vəfatı ilə əlaqədar bir daha başsağlığı verirəm.

Ayna.az