“Azərbaycanlılar İstanbulda etnik deyil, qardaş qardaşa niyə təşəkkür etsin ki?”

Siyasət

24.06.2019 - 14:29

“Ən önəmlisi o idi ki, problemsiz, qarşıdurmasız seçki prosesi keçdi, ölkə heç bir iğtişaşa, xaosa sürüklənmədi"

 

İstanbul artıq gərgin seçki prosesini geridə qoydu. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 700 mindən çox səs fərqi ilə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Bənli Yıldırıma qalib gələrək İstanbul Bələdiyyəsinin sərdi seçildi. Elə dünən də həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də B.Yıldırım Ə.İmamoğlunu təbrik etdilər və uğur dilədilər.

 

Hazırda Türkiyədə yaşayan və çalışan tanınmış azərbaycanlı jurnalist, Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu İbrahim Nəbioğlu AYNA-ya açıqlamasında qardaş ölkənin geridə qoyduğu seçki prosesini şərh edib.

Image result for ibrahim nəbioğlu

İ.Nəbioğlu bildirib ki, Türkiyədə dünən keçirilən seçki prosesi bir daha millətin rəyinin, gücünün önəmli olduğunu göstərdi: “Türkiyə artıq çox çətin, sancılı bir seçki prosesini geridə qoydu. Önəmli olan bu seçkilərdən sonra iqtidar partiyasının, ölkə Prezidentinin, həmçinin Cümhur İttifaqının əsas simalarından olan Dövlət Baxçalının seçkinin nəticələrini tanımasıdır. Tədqirəlayiq hal idi ki, Binəli Yıldırımın seçkini uduzduğunu və Əkrəm İmamoğlunun qələbəsini qəbul edəndən sonra həm qazanan, həm də uduzan tərəf çox yumşaq, konstruktiv fikirlər irəli sürdülər, bir-birilərini nədəsə ittiham etmədilər”.

 

“Ən önəmli olan o idi ki, problemsiz, qarşıdurmasız seçki prosesi keçdi, ölkə heç bir iğtişaşa, xaosa sürüklənmədi. Türkiyə iqtidarla müxalifət arasındakı ciddi qarşıdurmadan alnı açıq çıxdı. İnanıram ki, seçkinin nəticəsi də Türkiyə üçün uğurlu olacaq. Bundan sonra ancaq irəliyə baxmaq lazımdır” - jurnalist deyib.

 

İ.Nəbioğlunun fikrincə, bu gündən sonra Türkiyədə bələdiyyə seçkiləri məsələsi, tamamilə arxa plana keçəcək: “Artıq İstanbulun bələdiyyə sədri var, İmamoğlu bələdiyyə sədri seçilməsi rəsmən təsdiq olunduqdan sonra vəzifəsinin icraasına başlayacaq. Ondan sonra şəhərin infrastrukturunu yeniləmək istiqamətində işlər görəcək. İndi maraqlıdır ki, sol partiya İstanbulun mövcud problemlərini necə həll edəcək. Çünki İstanbul böyük şəhərdir və bəzi əskikləri, natamamlıqları var. Bundan sonra gözlər ancaq onun fəaliyyətinə dikiləcək. Hamı gözləyəcək ki, yeni insan gəldikdən sonra Türkiyədə nə kimi yeniliklər olacaq”.

 

Müsahibimiz vurğulayıb ki, bundan sonra Türkiyə üçün aktual olacaq digər məsələlər var: “Türkiyənin çox ciddi problemləri var - həm Amerika ilə münasibətləri, həm İranda baş verən hadisələr, həmçinin Gürcüstanda yaşananlar. Ərdoğan dünənki çıxışında da ilk plan olaraq irəli sürdü ki, onun bu ay içində Çinə səfəri var, həmçinin "S-400" məsələsinin ciddiyyətini vurğuladı. Yaxın günlər ərzində Amerika məsələsi Türkiyə üçün aktual olacaq”.

 

Keçmiş konsul Dövlət Baxçalının seçkinin nəticələrinin onun üçün heç bir əhəmiyyət kəsb etməməsi ilə bağlı dediklərini də şərh edib: “Dövlət Baxçalı Cümhur İttifaqının ən önəmli simasıdır. Ərdoğan da İmamoğlu ilə bağlı danışarkən Cümhur İttifaqının önəmini vurğulamışdı. Dövlət Baxçalı seçkinin nəticələri barədə əvvəlcə bir qədər sərt mövqe sərgiləsə də, axşama doğru “Twitter” hesabında fikirlərini, sanki yumşaltdı. Təbii ki, isti-isti deyilmiş sözlər ola bilər. Seçkinin nəticələrində 700 mindən artıq fərq var. Millətin iradəsinə qarşı isə nəinki Baxçalı, heç kim çıxa bilməz”.

 

İ.Nəbioğlu Ə.İmamoğlunun seçkidən sonrakı çıxışında İstanbulun ancaq erməni və yunan sakinlərinə təşəkkür etməsi ilə bağlı səsləndirilən ittihamlara da aydınlıq gətirib: “Zatən Azərbaycana xalq olaraq heç vaxt təşəkkür olunmayıb. Çünki onlar azərbaycanlıları azlıq kimi yox, Azərbaycan türkü olaraq görürlər, özlərindən ayırmırlar. Qardaş qardaşa niyə təşəkkür etsin ki? İmamoğlu ancaq Türkiyədə yaşayan etniklərə təşəkkür etdi. Onun azərbaycanlıları xüsusi vurğulamaması, əsla təəccüb doğurmamalıdır.  Həmişə, yəni İmamoğluya qədər də belə olub”.

 

“Biz qardaşıq, eyni millətik, yaşadığımız torpaqlar da eyni olub, ona görə də bu məsələni böyütmək, qabartmaq doğru deyil” - deyə o, qeyd edib.

Müəllif: Rumiyyə Miraslan