“Nüvə silahına sahib olmaq niyyəti Türkiyənin başına bəla olar”

Siyasət

06.09.2019 - 19:10

Azər Rəşidoğlu: “Türkiyəni nüvə silahına malik olmağa şirnikləndirənlər, əslində bu dövləti məhv etməyi düşünürlər”

 

Xəbər verdiyimiz kimi, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin nüvə silahına sahib olmasının vacibliyi barədə fikir səsləndirib. O bildirib ki, bunun bir neçə səbəbi var:

 

“Birincisi, ABŞ İranla nüvə anlaşmasından çıxdıqdan sonra Tehran yenidən uranın zənginləşdirilməsinə başlayıb. İran hazırda uranı 20 faiz zənginləşdirib. Məlumdur ki, nüvə silahı əldə etmək üçün uranı 80-90 faiz zənginləşdirmək lazımdır. Aydındır ki, İranın imkanları uranı bu rəqəmlərə qədər zənginləşdirməyə imkan verir. Bunun üçün İranın lazımi infrastrukturu və elmi potensialı var. Bundan başqa, İranın nüvə başlıqlarını daşıya biləcək raketləri də var və yeniləri sınaqdan keçirilir. İran Türkiyənin qonşusudur. Doğrudur, iki dövlət arasında münasibətlər normaldır, ancaq sabah şərtlərin dəyişməyəcəyindən heç kim sığortalanmayıb. İsrailin də keçmiş illərdə Türkiyə ilə yaxşı münasibətləri var idi. İndi bu iki dövlət arasında keçmiş illərdəki yaxşı münasibətlərdən əsər-əlamət qalmayıb. İranın nüvə silahını əldə etməsinə yaxınlaşması Türkiyənin də nüvə silahına yiyələnməsinə marağını artıracaq.

 

İkincisi, adını çəkdiyimiz İsrailin də nüvə silahı var. İsrail rəsmiləri bu haqda heç zaman açıqlama vermirlər. Ancaq hamı bilir ki, İsrailin kifayət qədər nüvə silahı var. Türkiyənin yaxınlığında olan dövlətlərdən Pakistanın və Hindistanın da nüvə silahı var.

 

Beləliklə, bölgədə nüvə silahı olan dövlətlərin sayı artır. İrana, İsrailə, Pakistana və Hindistana nüvə silahı ona görə lazımdr ki, heç bir dövlət onunla müharibəyə başlamağa, torpaqlarının işğalına risk etməsin. Məsələn, Ukrayna 1994-cü ildə Budapeştdə Rusiyanın xeyrinə nüvə silahından imtina etməsəydi, bəlkə Kreml 2014-cü ildə Krımı ilhaq etməyə risk etməzdi. Dinamik inkişaf edən və bölgədə xeyli rəqibi olan Türkiyənin də nüvə silahına yiyələnməsinə ehtiyacı artır. Nüvə silahı Türkiyəyə təhlükəsizlik imkanlarını artırmaq üçün lazımdır. Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artacaq".

 

AYNA-ya şərhində mövzuya münasibət bildirən politoloq Azər Rəşidoğlu hesab edir ki, Türkiyəyə nüvə silahına malik olmağa heç kəs imkan verməz: “Bu, Osmanlı imperiyasının bərpasına doğru atılan addım demək olardı. Türkiyənin iqtisadiyyatı da buna imkan vermir. Bu gün dünyanın 10-a yaxın ölkəsində nüvə silahı var. Lakin bu ölkələr ya Moskvanın, ya da Vaşinqtonun nəzarətindədir. Nisbətən müstəqil siyasət yeridən ölkələr isə səslərini belə, çıxara bilməz”.

Mərahim Nəsib