Sabir Rüstəmxanlı: "Bakı Tehranla münasibətlərə xələl gəlməsin deyə öz milli mənafelərini qurban verib"
Bi neçə gün öncə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.
Azərbaycan hökumətinin bu addımı İran əhalisinin ölkəmizə olan münasibətini müsbət mənada dəyişib. Bu barədə AYNA-ya açıqlamasında Tehran sakini, əslən Azərbaycandan olan İbrahim Firdovsizadə məlumat verib.
“Belə çətin vəziyyətdə Azərbaycanın gözlənilmədən İrana yardım etməsi, artıq İran əhalisində Azərbaycana qarşı çox isti münasibət formalaşdırıb. Düzdür, burada yaşayan Azərbaycan türkləri onsuz da Azərbaycanı çox sevirlər, ancaq indi həmin sevgi daha da artdı. İndi hər kəs, hətta əksər farslar belə, deyirlər ki, “Azərbaycan öz torpaqlarını erməni işğalından azad etmək üçün müharibəyə başlasa, biz göz qırpmadan onlara köməyə gedərik””, - deyə İ.Firdovsizadə bildirib.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı isə Azərbaycanın 5 milyonluq yardımı ilə İranın ölkəmizə qarşı münasibətinin dəyişəcəyinə qətiyyən inanmır: “Azərbaycan İranla hər zaman normal qonşuluq münasibətləri saxlayıb və bu münasibətləri qorumağa çalışıb. Hətta bu qonşuluğun xətrinə, İranla münasibətlərin pozulmaması naminə Azərbaycan dövləti çox vaxt oradakı soydaşlarımızın incidilməsinə, haqlarının tapdanılmasına göz yumub. Halbuki biz dövlət olaraq orada yaşayan 35 milyon soydaşımızın taleyi ilə hər zaman maraqlanmalıyıq, onların haqları, ana dilində məktəblərinin olmaması və s. məsələləri dövlət səviyyəsində dilə gətirməliyik. Amma İranla münasibətlər xatirinə bu milli mənafeləri qurban vermişik”.
Millət vəkili əlavə edib ki, dövlətimizin İrana qarşı isti münasibəti zərrə qədər İranı Azərbaycana doğru yönəltməyib, yaxınlaşdırmayıb: “İranın nazirləri, bəzi vəzifəli şəxsləri Ermənistana isti münasibət göstəriblər. Biri Ermənistan Prezidenti ilə qucaqlaşıb, başqa biri ona maşın bağışlayıb, Xarici İşlər naziri deyib ki, “ermənilər bizim qan qohumumuzdur”. Ermənistanı illər uzunu ağır vəziyyətdən çıxaran, yardım edən İran olub. Azərbaycana qarşı İran üzdə bir şey danışır, ancaq televiziya proqramlarında başqa şey. Adını da qoyurlar ki, özəl proqramlardır. Azərbaycanda isə elə özəl proqram yoxdur ki, biz də İrana qarşı öz fikrimizi deyək”.
“Məsələ bəllidir, İran da Azərbaycanın qonşuluğundan, yaxşı münasibətlərindən istifadə edərək, təəssüf ki, özünün gizli şəbəkələrini, İslam, qonşuluq, mədəniyyət adı ilə, əslində isə Azərbaycanda cəhaləti, radikal şiəliyi təbliğ edən sistemini qurur və bu da göz qabağındadır. Bu, reallıqdır. Amma hər hansı bir hadisə, Azərbaycanın xoş niyyəti, yardımı İranda Azərbaycana olan münasibəti dəyişirsə, o buzu bir az da olsa, sındırırsa, buna sevinmək lazımdır. Ancaq bunun bütövlükdə İranın Azərbaycan qarşı siyasətinə necə təsir göstərəcəyini demək mümkün deyil, ümumiyyətlə, təsir göstərəcəyini demək çətindir”, - deyə S.Rüstəmxanlı vurğulayıb.
Qeyd edək ki, İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.