"İşğalçı Ermənistan bu qərardan öz maraqları üçün istifadə edəcək"

Siyasət

14.12.2019 - 17:57

ABŞ Senatının qondarma erməni soyqırımı haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq

 

Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur, senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha çox ciddi kölgə düşürdü.

 

Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi.  Hətta yox dərəcəsində idi. Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir.

 

Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq Türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik. Xocalı soyqırımı həqiqətlərini daha geniş duyurmalıyıq dünyaya ki əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini daha geniş anlada bilək. Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nə bahasına olursa-olsun öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər. 

 

Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təqdiqləməsi bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki, Trampın bu addımı atacağına isə ümid çox azdır. O, Türkiyənin qardaş ölkəmiz üçün çox önəmli olan bir sıra millli maraqlarından vazgeçməsini istəyəcək. Budur əslində ABŞ-ın gerçək siması. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib. Dünyanın hər yerində yaşayan insanlarımızı qondarma erməni soyqırımı yalanları ilə mübarizəni daha da gücləndirməyə çağırırıq. İşğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq  buna başlayıblar. Ona görə də bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik bütün Türk millətinin evladları olaraq.

 

ABŞ prezidentinin də bu qərarı təsdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır.

 

Qənirə Paşayeva

Müəllif: Ayna.az