İstanbul həyəcan içində: Yıldırım, yoxsa İmamoğlu?

Siyasət

20.06.2019 - 22:03

Məlum olduğu kimi, cari il iyunun 23-də Türkiyədı İstanbul Böyükşəhər Bələdiyyəsinə təkrar seçkilər keçiriləcək. Hazırda qardaş ölkədə hər kəsin diqqəti seçki prosesinə yönəlib. Türkiyə vətəndaşları seçki ilə bağlı iki qrupa bölünüb. Bir qrup Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunu, digər qrup isə Ədalət və İnkişaf Partiyasın (AKP) namizədi Binəli Yıldırımı dəstəkləyir.

 

Elə Azərbaycanda da bu seçkilərə maraq az deyil. Artıq ölkəmizdə vətəndaşlarının əksəriyyəti Türkiyədə keçiriləcək seçkilərin nəticələrini səbrsizliklə gözləyir.

 

AYNA-nın əməkdaşı İstanbulda keçiriləcək bələdiyyə seçkilərindən gözləntilərlə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə həmsöhbət olub.

 

Ekspert namizədlərin səs qazanma şansı baxımından bir-birilərinə yaxın olduqları qənaətindədir: “Birinci turdakı seçkilərdə də onları 5-10 min səs ayırmışdı. Halbuki İstanbul əhalisinin sayı 16 milyondur, yəni yarı-yarıya bölünmüşdülər. Çalışırlar ki, o nisbət pozulmasın. Bəziləri deyirlər ki, Əkrəm İmamoğlunun şansı daha çoxdur. Türkiyə siyasətində belə bir amil var ki, məzlum siyasətçini daha çox sevirlər. Vaxtilə Rəcəb Tayyib Ərdoğanın ulduzu da elə parlamışdı. O, 1994-ci ildə İstanbulun meri olanda bir neçə şeir oxudu və nüfuzu qalxdı, ondan da sonra prezidentliyə qədər yüksəldi. İndi Əkrəm İmamoğlu da eyni vəziyyətdədir, o da məzlum duruma düşüb. Çoxları onun qələbəsinin haqsız olaraq əlindən alındığını düşünür. Ona görə də İmamoğluna dəstək və simpatiya daha çoxdur”.

 

Siyasi şərhçi vurğulayıb ki, B.Yıldırım seçkidə qalib gəlmək üçün kürdlərin səsini qazanmağa çalışır: “Təsadüfi deyil ki, Binəli Yıldırım Diyarbəkirə gedərək orada çıxış edib. Halbuki, sual oluna bilər: Bələdiyyə seçkisi İstanbuldadır, o, niyə Diyarbəkirə gedir? Amma bunun da səbəbi var, çünki İstanbul əhalisinin bir hissəsi kürdlərdir. Yıldırım da kürdlərin dəstəyini almaq istəyir. Gələn xəbərlərə görə, kürdlərin böyük əksəriyyəti birinci seçkidə Əkrəm İmamoğluna səs vermişdi. İndi bu durumu Binəli Yıldırım dəyişmək istəyir”.

 

Müsahibimiz, həmçinin hansı namizədin qələbəsinin Azərbaycan üçün daha məqsədəuyğun olacağına da münasibət bildirib: “Bizim üçün fərqi yoxdur. Türkiyənin Prezidenti də, Baş Naziri də kim olursa olsun, həmin şəxs mütləq mənada Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcək. Ona görə də biz Türkiyənin daxili işlərinə qarışmırıq”.

 

Qeyd edək ki, martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkiləri zamanı müxalif Cümhuriyyət Xalq Partiyasından namizən olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

 

Öncə İmamoğlunun qalib elan edən Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)), sonradan seçkilərin ləğvi və yenidən keçirilməsi barədə qərar verib. Bu qərar AKP-nin nəticələrə dair etirazı səbəbindən qəbul olunub.

Müəllif: Ayna.az