Ətraf mühiti qorumaq üçün - Cəza+mükafat

Cəmiyyət

29.03.2022 - 23:07

Həvəsləndirmədən “Tullantılar polisi”nin yaradılmasına qədər...

İnkişaf etmiş ölkələrdə məişət tullantılarının idarə edilməsinə çoxdan məsuliyyətlə yanaşırlar. Oradakı insanlar tullantıları əvvəlcə evdə ayırır, sonra nəzərdə tutulmuş konteynerlərə atırlar - qida tullantıları ayrı, plastik qablar ayrı və s. Çeşidləmə qaydaları hər ölkədə bir qədər fərqli ola bilər.

Məişət texnikasına gəldikdə, məsələn, Yaponiyada, hətta 2001-ci ildə köhnə avadanlıqların məcburi utilizasiyası haqqında qanun qəbul edilib. Yaponlar avadanlıqları təhvil verir və onların daşınıb-tullanması üçün müəyyən məbləğdə pul da ödəyirlər.

Rusiyada 2022-ci il martın 1-dən Təbii Sərvətlər Nazirliyinin məişət texnikası, sistem blokları, sərt disklər, lövhələr və kompüterlərin, o cümlədən planşet və noutbukların adi zibil qablarına atılmasını qadağan edən əmri qüvvəyə minib. Qanun pozuntusu cərimə ilə nəticələnə bilər. Bu, ətraf mühitə olan qayğı ilə bağlıdır, çünki belə avadanlıqların bir çox detallarında civə, qurğuşun və s. kimi zəhərli maddələr var. Onlar suya və torpağa daxil olur, onları zəhərləyir.

Rusiyada köhnə avadanlıqlar toplama məntəqəsinə, məişət texnikası mağazasına təhvil verilə bilər, yaxud yeni məhsula endirim əldə edə və ya təkrar emal xidmətinə zəng edə bilərsiniz. 2021-ci ildən bu ölkədə mobil telefonlar, termometrlər, batareyaları və s. zibil qablarına atmaq olmaz.

Bizdə isə tullantıları sadələşdirilmiş sxemə görə çeşidləyirik, yalnız iki növ zibil üçün konteynerlərə atırıq. Amma elə onlar da heç də hər yerdə qoyulmayıb. Əhalinin əksəriyyəti isə hər cür çeşidlənməyə, sadəcə olaraq tənbəllik səbəbindən meylli deyil.

İşlənmiş məişət texnikası, akkumulyatorlar, civə termometrləri, təbiət və insanlar üçün təhlükəli olan digər tullantılarla bağlı ümumiyyətlə, heç bir prosedur yoxdur. Əgər onlar olsaydı belə, taleyi tullantıların qalan hissəsinin çeşidlənməsi ilə eyni olardı.

“Ekoskope” İctimai Birliyinin sədri Çimnaz Şabanova AYNA-ya deyib ki, ağır metallar da daxil olmaqla, bir çox növ davamlı kimyəvi maddənin - civə, maqnezium, manqan, kadmium, nikel və qurğuşun - immun və digər sistemlərə təsirləri məlumdur: “Adı çəkilənlər qalvanik batareyaların tərkibini təşkil edən maddələrin siyahısıdır. Müxtəlif məhsul və proseslər nəticəsində atmosferə atılan çoxsaylı ağır metallar arasında kadmium, qurğuşun və civə insan sağlamlığına ən çox zərər vuran maddələrdir. Bu, onların yüksək toksikliyi və aşağı konsentrasiyalarda zərərli təsirlər törətmək qabiliyyəti, həmçinin bioakkumulyasiya qabiliyyəti ilə bağlıdır”.

“Ölkəmizdə kadmium və civənin diffuz emissiyalarına (məsələn, akkumulyatorlar) nəzarət problemli olaraq qalır. Bu məsələ ilə ekoloji qurumlar, ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ciddi şəkildə məşğul olmalıdır”, - deyə o bildirib.

“Dayanıqlı Qafqaz” təşkilatının Azərbaycandakı nümayəndəsi Fuad Bağırov mövzu ilə bağlı AYNA-ya açıqlamasında ölkəmizdə ilk addımın atıldığını - plastik, kağız, şüşə və digər zibillərin ayrıca yığıldığını, lakin düzgün çeşidlənməyə görə hələik məsuliyyətin olmadığını söyləyib: “Mən Daxili İşlər Nazirliyində “Tullantılar polisi” şöbəsinin yaradılmasının tərəfdarıyam. Onlar qəbzlərdən, çeklərdən və sairdən istifadə etməklə səhv çeşidlənmiş zibillərin mənbəyini tapa bilərlər. Əks halda, müdaxilə edənləri tapmaq və onları məsuliyyətə cəlb etmək mümkün olmayacaq. Rusiyada cərimələrin elan olunması onların işləyəcəyi anlamına gəlmir. Onların da işlək mexanizmi yoxdur”.

Həmsöhbətimizin sözlərinə görə, tullantılar, məsələn, akkumulyatorlar, lümniset lampalar və digərləri ümumi qutulara atılmamalıdır: “Bir çox məhsulların qutusunda üzərindən xətt çəkilmiş zibil qutusu şəkili var. İstehsalçılardan bu məqamı qeyd etmələri tələb olunur, lakin yenə də hər şey utilizasiyaya nəzarət mexanizminin olmamasından asılıdır”.

“Hələlik belə tullantılar üçün xüsusi qablar yoxdur, amma tutaq ki, onlar peyda olur: şüurlu vətəndaşlar ora təhlükəli zibil, məsuliyyətsizlər isə əvvəlki kimi hamısını bir yığında atacaqlar. Bu qaydanın işləməsi üçün şüurdan əlavə hansısa məcburiyyət elementi də lazımdır”, - deyə Bağırov vurğulayıb.

Ekoloq Telman Zeynalov da AYNA-ya şərhində qeyd edib ki, ölkəmizdə tullantılarla bağlı onlarla qanun qəbul edilsə də, heç biri normal işləmir: “Qanun qəbul etmək döyüşün yarısıdır, onun işləməsi lazımdır. Belə ki, plastikin dominantlığına qarşı mübarizə mövzusunda çoxlu söhbətlər, yazılar olub, bəzi növ polietilen torbaların, birdəfəlik plastik qabların qadağan olunması ilə bağlı dövlət səviyyəsində qərarlar verilib. Bəs, nəticə görünürmü? Hətta şəhərin bəzi yerlərində zibilin ayrıca yığılması üçün yaşıl və narıncı rənglərdə konteynerlər quraşdırılanda və əhaliyə müvafiq rəngdə sellofan torbalar paylananda belə, həqiqətənmi, plastikin üstünlüyü ilə bu yolla mübarizə aparmaq olar?”.

Mütəxəssisin fikrincə, cərimələr heç nəyi dəyişməyəcək: “Müxtəlif növ tullantıların qəbulu üçün məntəqələr yaratmaqla əhalini çeşidlənməyə maraqlandırmaq lazımdır. İndi bəzi insanlar məişət tullantılarını zibil qablarından, zibilliklərdən toplayıb, təhvil verib, qarşılığında müəyyən məbləğdə pul ala bilirlər. Bu, təkcə plastikə aid deyil, məsələn, elektronikaya da aiddir. Ancaq bir hissəsi hələ də ümumi zibil qutusuna düşür. İstifadə olunmuş batareyalar, civə termometrləri və sairi heç yerə təhvil verə bilməzsiniz, amma tullantıların qalan hissəsi ilə birlikdə atırlar və ətraf mühitin çirklənməsinə səbəb olurlar”.

Müəllif: Elya Belskaya