Konstitusiya Məhkəməsi Milli Məclislə bağlı nə qərar verəcək – <font color=red> Maraqlı ehtimal</font>

Cəmiyyət

03.12.2019 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

Bir də gördük, Konstitusiya Məhkəməsi Baş Prokurorluğa müraciət etdi ki, Milli Məclisi buraxa bilərik, ya yox...

 

Sabah Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uğunluğu məsələsinə baxmalıdır. Amma qorxuram ki, bu, mümkün olmasın.

 

Belə ki, Konstitusiya Məhkəməsi hələ 15 may tarixindən bir iş üzrə müşavirədə qalıb, hələ də çıxa bilmir. Həmin işdə mən tərəflərin birinin vəkiliyəm. İki şirkətin mübahisəsidir. Bütün instansiyalar müdafiə etdiyim şirkətin xeyrinə qərar çıxarıb. Qarşı tərəf Ali Məhkəmənin yekun qərarından Konstitusiya Məhkəməsinə şikayət edib.

 

Mayın 15-də iclas oldu, cəlb edilən bütün ekspertlər müdafiə etdiyim şirkətin lehinə rəy verdi və Konstitusiya Məhkəməsi müşavirəyə getdi. O vaxtdan qərarını hələ də elan etməyib. Sonra xəbər tutduq ki, Konstitusiya Məhkəməsi işlə bağlı Baş Prokurorluğa müraciət göndərib.

 

Çox təəccüblü və misli görünməyən haldır! Konstitusiya Məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarına münasibət bildirilməsinə Baş Prokurorluq necə kömək edə bilər, axı? Yoxsa bu gün 8 ayı tamam olan məhkəmə-hüquq islahatları haqda icrasız qalmış Fərmanın nəticəsində Baş Prokurorluq yeni məhkəmə instansiyası olub, xəbərimiz yoxdur?

 

Biz hüquqşünaslar artıq alışmışıq ki, ölkədə reallıqda 3 əvəzinə 5 məhkəmə instansiyası var: birinci, apellyasiya, kassasiya, əlavə kassasiya, konstitusiya. Yəni hər hansı iş heç bir obyektiv meyara söykənmədən Konstitusiya Məhkəməsinədək gedib çıxa bilər və burada heç bir əminlik hissi yoxdur.

 

İndi belə çıxır ki, prokurorluq da 6-cı instansiyadır və bundan sonra onun yekun mövqeyindən asılı olmalıyıq? Belə olduğu təqdirdə sabah Konstitusiya Məhkəməsinin Parlamentin buraxılması məsələsinə baxması ehtimalı sual altındadır.

 

Əvvəla, digər iş üzrə 7 aya yaxındır ki, müşavirə otağında qalıb çıxa bilmir. Digər tərəfdən isə bir də gördük, Konstitusiya Məhkəməsi bu məsələ üzrə də Baş Prokurorluğa müraciət etdi ki, Milli Məclisi buraxa bilərik, ya yox, bəlkə deputatların bu müraciətində cinayət tərkibi var?...

Müəllif: Əkrəm Həsənov, hüquqşünas, bank-maliyyə eksperti