Qaçqın və məcburi köçkün qadınlarla bağlı mühüm addım

Cəmiyyət

24.09.2019 - 22:50

"Sənəddə münaqişə ocaqlarımızdan çıxmış və hazırda bu həyatı davam edən qaçqın və məcburi köçkün qadınların, uşaqların ədalətli ədliyyə sisteminə çıxısı, onların maarifləndirilməsi, sülhməramlıların işi, monitorinqlərin keçirilməsi, qiymətləndirmə paketinin hazırlanmısı nəzərdə tutulur”

 

BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” üzrə 1325 saylı qətnaməsinin Azərbaycan Respublikasında da tətbiqinə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı hazırlanıb. Planın müəlliflərindən olan, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) rəhbəri Şəhla İsmayılın AYNA-ya dediyinə görə, uzun müddətdir irəli sürülən təşəbbüs, axır ki, həyata keçib.

Ş.İsmayıl bildirib ki, plan qəbul olunsa, böyük nailiyyətlər əldə olunacaq: ““Qadınlar, Sülh və Təhlükəsizlik” çox konkret fəaliyyət və vəkillik sənədidir. Bir müddət əvvəl Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə RİQC-in və Gender Port (GP) tərəfindən icra edilən “Azərbaycanda Qadınların Sülh və Təhlükəsizlik Proseslərində iştirakını təkmilləşdirmək üçün BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin ilk Milli Fəaliyyət Planının hazırlanması” layihə üçün toplantımız da keçirilib. Layihənin hazırlanmasında və dəstək verilməsində bir çox tərəfdaşlarımız da var. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezident Administrasiyası, Milli Məclis, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, layihə dövründə fəaliyyətdə olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, BMT-nin Əhali Fondu, Azərbaycan Dövlət Televiziyası və Qadın Problemləri Araşdırma İctimai Birliyinin təklifləri və müzakirələri nəticəsində ortaya çıxıb”.

 

Şəhla İsmayılın sözlərinə görə, yaxın vaxtlarda hökümətə təqdim olunmuş Fəaliyyət Planının şad xəbəri eşidiləcək: “Çünki bu sənəd Azərbaycanın müharibə vəzyyətində olduğu nəzərə alınaraq hazırlanıb. Dünya praktikasında olan bir sənədin bizdə də qəbulu vacibdir. Sənəddə münaqişə ocaqlarımızdan çıxmış və hazırda bu həyatı davam edən qaçqın və məcburi köçkün qadınların, uşaqların ədalətli ədliyyə sisteminə çıxısı, onların maarifləndirilməsi, sülhməramlıların işi, monitorinqlərin keçirilməsi, qiymətləndirmə paketinin hazırlanmısı nəzərdə tutulur”.

 

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası 1325 qətnaməsini 2000-ci il oktyabrın 31-də qəbul edib.

Müəllif: Raminə Eyvazqızı