Zaur Məmmədov: “Tərəflər əvvəldən razılaşdırılmış məqamları müzakirə və təsdiq edəcəklər, razılaşdırılmamış məsələlər var ki, onlar barədə də müzakirələr olacaq”
Bu gün Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir. Bu barədə dünən Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Artıq Azərbaycan və Ermənistan liderlərinin BƏƏ-də görüşü başlayıb. Ekspertlər hesab edirlər ki, görüşdə mühüm razılaşmaların əldə ediləcəyi gözləniləndir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması, regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı vacib razılaşmaların olacağı barədə fikirlər var.
Görüşün məhz Yaxın Şərq ölkələrindən birində keçirilməsinin səbəbləri də maraq doğuran məsələlərdəndir. Çünki adətən liderlərin görüşləri Avropa, Amerika və Rusiya platformasında baş tutub. İndi isə Əbu-Dabidə belə bir görüş müsbət xarakterizə olunur.
Bakı Politoloqlar Klubunun rəhbəri, analitik Zaur Məmmədov AYNA.AZ-ın mövzu ətrafında suallarını cavablandırarkən bildirib ki, görüşün BƏƏ-də keçirilməsi təsadüfi deyil:
- Bundan qabaq liderlərin üç platformada – ABŞ, Avropa və Rusiya platformalarında mütəmadi görüşdüklərinin şahidi olmuşuq. Amma hər görüşdə üçüncü tərəflərin, yəni ev sahiblərinin geosiyasi ambissiyaları masada olub. Onların regionla bağlı maraqları bu və ya digər şəkildə görüşə təsir edib. Amma BƏƏ regionda geosiyasi ambissiyaları və siyasi maraqları olmayan ölkədir. BƏƏ-nin regionla bağlı maraqları daha çox iqtisadi xarakterlidir və iqtisadi münasibətləri inkişaf etdirməyə çalışır. Amma BƏƏ-nin Cənubi Qafqazla bağlı siyasi maraqları yoxdur.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bütün hallarda, BƏƏ də bir platformadır, burada BƏƏ-nin arbitrajlığı ilə görüşün keçirilməsindən söhbət getmir. Yəni ki, BƏƏ Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında vasitəçi deyil. Liderlərin təkbətək görüşü sadəcə məkan olaraq Əbu-Dabidədir, BƏƏ vasitəçi deyil. Ümumiyyətlə, liderlər vasitəçisiz danışıqlar aparmağa və razılaşmalar əldə etməyə qadirdirlər.
- Beynəlxaqlq qüvvələrin, xüsusilə də ABŞ-ın Bakı və İrəvana sülh çağırışları, eyni zamanda gözləntiləri var. Bu gözləntilər liderlərin Əbu-Dabi görüşündə doğrula bilərmi?
- Kənar qüvvələrin, ABŞ-ın və ya digərlərinin nə istəməsindən asılı olmayaraq, ilk növbədə Azərbaycan görüşdə, danışıqlarda və sülhdə maraqlıdır. Ən mühümü də odur ki, danışıqlar Bakının istədiyi səmtə gedir. Nə Zəngəzur dəhlizi ilə bağlı, nə də sülh sazişinin mətni ilə bağlı Azərbaycan öz tələblərindən bir addım da geri çəkilib. Azərbaycanın istəyi odur ki, nəqliyyat-kommunikasiyalar açılsın, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddə çıxarılsın, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilsin. Azərbaycan tərəfi bu istəklərindən bir addım da geri çəkilməyib. Yəqin ki, bu günkü görüşdə Azərbaycan lideri Ermənistan Baş nazirinə yenidən bu tələbləri xatırladacaq. Ola bilsin ki, Ermənistan Bakının tələblərinə hansısa müsbət cavab veriləcək ki, belə bir görüşə cənab İlham Əliyev razılaşıb. Məncə, bu gün tərəflər əvvəldən razılaşdırılmış məqamları müzakirə və təsdiq edəcəklər, razılaşdırılmamış məsələlər var ki, onlar barədə də müzakirələr aparılacaq.
- Belə fikirlər var ki, Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə ediləcək. Çünki son günlər dəhlizin açılması istiqamətində müsbət siqnallar verilir...
- Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi məsələsində ortaq məxrəc tapılıb. Bəzi üçüncü dövlətlərin də Ermənistana təzyiqləri, Azərbaycanın prinsipial mövqeyini sonadək müdafiə etməsi nəticəsində dəhlizin açılması barədə müsbət impulslar əldə olunub. Zəngəzur dəhlizinin açılmasına artıq İran tərəfindən də narazılıq yoxdur. İran Prezidenti Məsud Pezeşkianın Xankəndidə verdiyi bəyanatlar ondan xəbər verir ki, artıq Bakı ilə Tehran arasında razılaşdırılmış məqam var. Bu məqam da ondan ibarətdir ki, artıq Mehri vasitəsilə ilkin mərhələdə yük daşınmalarının həyata keçirilməsi üçün ilkin razılıq əldə edilib.
Amma bir məsələni də unutmaq olmaz. Bu gün Ermənistan daxilində Paşinyana ciddi təzyiqlər var. Bu təzyiqlər qasrşısında Baş nazirin özünü necə aparacağı, əvvəldən əldə olunmuş razılıqları hansı formada təsdiqləyəcəyi, yaxud təsdiqləməyəcəyi sualı açıq qalır.
- Bu günkü görüşdən sonra rəsmi İrəvandan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı publik bəyanat səsləndirilə bilərmi?
- Əslində Paşinyan iki gün əvvəl publik şəkildə bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Məncə, liderlərin görüşündə bu məsələ bir daha müzakirə ediləcək. Amma onsuz da İrəvan artıq bunu bəyan edib. Sadəcə Bakının istəyi odur ki, İrəvan Konstitusiyanın dəyişdiriləcəyi tarixi açıqlasın. Bundan əvvəl bildirilirdi ki, Ermənistan Konstitusiyasında dəyişiklik parlament seçkilərindən sonra həyata keçiriləcək. Seçkilər isə 2026-cı ilin iyun ayına təsadüf edir. İndi Paşinyan hakimiyyəti düşünməlidir ki, axı gələn ilin yayında bölgə ətrafında tamamilə başqa mənzərə olacaq. Doğrudanmı gələn il Paşinyan Konstitusiyada dəyişiklik edə biləcək? Yaxu da, bu istəkdə Paşinyan nə qədər səmimidir? Hansı zəmanət var ki, Paşinyan hökuməti sabah xarici siyasət kursunda dəyişiklik etməyəcək? Ümid edirəm ki, sabah liderlərin görüşündə məsələ ilə bağlı İrəvandan Bakıya hansısa cavab veriləcək.