“Bakı və Tbilisi Kremlin təxribatına getməməlidir”

Siyasət

20.03.2020 - 16:14

Yeqor Kuroptev: “Gürcüstanla Azərbaycanın münasibətlərinin gərginləşməsindən yalnız Rusiya bəhrələnə bilər”

 

Görünür, Keşikçidağ monastır kompleksi ətrafında azərbaycanlılarla gürcülər arasında mübahisə yaratmaq cəhdinin alınmaması düşüncəsi kimlərisə rahat buraxmır. İş orasındadır ki, son günlərdə bu istiqamətdə iki hadisə baş verib.

 

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Keşikçidağ monastır kompleksini (Gürcüstan variantı - David Qareji) Gürcüstan ərazisi kimi göstərdiyi üçün “Google” şirkətinə etiraz etdi və bunun iki ölkə arasında mübahisələrə yola aça biləcəyini bildirdi. "Bu baxımdan hər hansı bir provokasiya və ya hətta emosional hallar vəziyyəti daha da çətinləşdirir və danışıqlar prosesinə problemlər yaradır", - Gürcüstan XİN-in açıqlamasında deyilir.

 

Xatırladaq ki, rəsmi Tbilisi monastırın bir hissəsinin Azərbaycanda olduğunu qəbul edir. Buna baxmayaraq, Gürcüstan ruhaniləri və bəzi vətəndaş fəalları Keşikçidağ üzərində Gürcüstanın tam nəzarətini tələb edirlər. Məhz bu cür şəxslər Gürcüstan Xarici İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirdilər. Lakin onların sayı elə də çox deyildi. Həmin aksiya isə "David Qareji Xilasetmə Komitəsi" tərəfindən təşkil edildi.

Rauf Orucov