Axtarış zamanı partiyanın bütün elektron məktubları, sənədləri və mühasibat sənədləri götürülüb
Fransa polisi Marin Le Penin “Milli Birlik” Partiyasının qərargahına seçki kampaniyasının maliyyə pozuntuları və fırıldaqçılıq ittihamı ilə basqın edib. Partiya səlahiyyətlisi Jordan Bardella basqını ifrat sağçılara qarşı “yeni təqib kampaniyası” adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Bardella “X” sosial şəbəkə hesabında yazıb.
“Səhər saat 8:50-dən etibarən partiyamızın qərargahında, o cümlədən onun rəhbərlərinin kabinetlərində iki müstəntiq hakiminin müşayiəti ilə iyirmiyə yaxın polis əməkdaşı tərəfindən axtarış aparılıb”, qeyd edib.
Bardellanın sözlərinə görə, axtarış zamanı partiyanın bütün elektron məktubları, sənədləri və mühasibat sənədləri götürülüb.
Bardella özü Strasburqda Avropa Parlamentinin sessiyasında olduğu üçün polisin araşdırması zamanı qərargahda olmayıb.
Le Pen hadisə ilə bağlı hələlik şərh verməyib.
Paris prokurorluğu axtarışları təsdiqləyib və onların institusional mənbələrdən gələn bir neçə xəbərdən sonra keçən həftə bir şəxsə qarşı başladılan istintaqla əlaqəli olduğunu bildirib.