Azərbaycan mediası Tbilisidə müzakirə olunur

Cəmiyyət

09.10.2019 - 17:56

"Heç bir beynəlxalq təşkilatın bizə ciddi xeyri və təsiri olmayacaq, özümüz belə dəyişikliklərə təkan verməsək"

 

Bu gün Tbilisidə ATƏT-in Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə ikigünlük konfransı işə başlayıb. ATƏT-in Media Azadlığı ofisinin təşkil etdiyi tədbirdə region ölkələrinin jurnalistləri, rəsmi şəxslər, həmçinin beynəlxalq ekspertlər iştirak edirlər.

 

Konfransda iştirak edən, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "pressklub.az"ın tədbirin gedişi barədə suallarını cavablandırıb: 

 

- Elçin bəy, konfransın əsas müzakirə mövzusu nədən ibarətdir?


- Əsas müzakirə mövzusu söz azadlığı, mətbuata və media nümayəndələrinə olan təzyiqlərdir. Burada iştirak edən hər bir ölkə öz fikrini və münasibətini bildirir.


- Digər respublikaların fonunda bizim media necə görünür?


- Bu gün səhərki sessiyada “Rustavi 1”-in keçmiş rəhbəri öz rəyini bildirmək istəyəndə müəyyən dərəcədə qarışıqlıq yarandı. Gürcüstanda bizimlə müqayisədə xeyli artıq sərbəstlik var, amma eyni zamanda problemləri də mövcuddur. Müxtəlif fikirlər, nəzər nöqtələri mövcuddur. Burada Əfqan Muxtarlının yoldaşı Leyla Mustafayevaya gürcülər sual verdilər. “Rustavi 1”-in keçmiş rəhbəri hətta dedi ki, əgər hansısa bir journalist Gürcüstanda oğurlanıb Azərbaycana ötürülürsə, bu artıq Gürcüstanda da media mühitinin və insan haqqlarının durumunun heç də problemsiz olmadığından xəbər verir. Hələ də çıxışlar gedir. Ermənistana gəldikdə isə, onlarda bizə nisbətən tərəflər mqzakirələrə daha açıq şəkildə görünür. Bizdə müxalif mövqedən danışa biləcək insanların böyük əksəriyyəti ölkədən kənarda olanlardır.


- Azərbaycana aid konkret hansı məsələlər müzakirə olunur?


- Bir az əvvəl Əflatun Amaşov, ondan sonra Mehman Hüseynov danışdı. Mətbuat Şurasının sədrinə sual verdilər ki,”özünüz də parlamentin üzvüsünüz, “Diffamasiya haqqında” qanun parlamentdə müzakirə olunacaq ya olunmayacaq?” Əflatun Amaşov bildirdi ki, “bəli, həmin qanun parlametdə müzakirəyə çıxarılacaq”.


- Sizin çıxışınız nədən ibarət olacaq?


- Mənim sabahkı çıxışım “Azərbaycanda media mühiti, vəziyyəti” haqqında olacaq və söhbət medianın nə dərəcədə azad olub-olmamasından gedəcək.


- Tədbirin Azərbaycandakı vəziyyətə hər hansı müsbət təsiri gözlənilirmi?


- Sözün açığı, təsir gözləmirəm. Çünki fikir mübadiləsi olacaq və bundan o tərəfə hansısa yenilik olan deyil. Heç bir beynəlxalq təşkilatın, sözün əsl mənasında, bizə ciddi xeyri və təsiri olmayacaq, özümüz belə dəyişikliklərə təkan verməsək.

Müəllif: Ülviyyə Şahin