Burnunun ucundakı reallıq, yoxsa uzaq ellərdəki “şən” həyat – <font color=red> SEÇİM BİZİM</font>

Mədəniyyət

06.09.2020 - 18:20

“Xarici serialları efir məkanımıza qaytarmaqla yerli məhsulların keyfiyyətini yüksəltmək mümkün deyil”

 

2012-ci ildən bu yana yerli televiziya kanallarının izləyicisi, “şən” həyatlara baxıb xəyallara dalmaq üçün xarici kanallara üz tutmalı olub. Belə ki, həmin tarixdən əcnəbi serialların yerli televiziya kanallarında yayımlanması dayandırıldı. Beləcə, serial həvəskarlarının bir qismi xarici kanallara və ineternetə üz tutmalı oldu. Lakin bu, o demək deyil ki, yerli kanallarımız izləyici üzünə həsrət qaldı.

 

Yox, elə rejissorların dili ilə desək, bundan sonra yerli serial bazarı inkişaf etməyə başladı. Bu sektordan olan, bəlkə də uzun müddət idi ki, yata-yata yanı ağrıyan, dura-dura beli quruyan insan iş başına keçdi. Yerli seriallar çəkilməyə başladı. Beləcə Azərbaycan izləyicisi də öz dilində, yaxınında olan obrazların performansına tamaşa etmək imkanı qazandı. Kimi “Mən, ümumiyyətlə, Azərbaycan kanallarını izləmirəm” deyib, eyni zamanda da hər efir işindən xəbər verərkən, kimi də izlədiyini səmimi şəkildə ifadə etdi, tənqidlərə qoşuldu.

 

Elə bu müzakirələr təzəcə qızışırdı ki, Milli Televiziya və Radio Şurasının yeni qərarı ilə müzakirələrin yönü dəyişdi. Qərara əsasən, əcnəbi serialların yerli televiziya kanllarında yayımı bərpa olundu. Beləliklə, izləyiciləri hansı əcnəbi serialların yayımlanacağı sualı, serial sektorundakıları isə bu rəqabətdən necə üzüağ çıxmağın qayğısı düşündürməyə başladı. Biz də elə işin mütəxəssisi ilə danışıb, onun fikirlərinə bələdçilik etməyə çalışdıq. AYNA-nın həmsöhbəti rejissor Rüfət Şahbazov oldu.

No description available.

Artıq 10 ildir ki, yerli serial sektorunda fəaliyyət göstərən rejissor düşünür ki, xarici serialların yerli telekanallarda yayımlanması az da olsa, yerli teleserial istehsalına təsir edəcək: “Həftədə bir dəfə yayımlanacaq xarici serialın yerinə yerli serial da çəkilib yayımlana bilərdi. Həmin serialda da 40-50 nəfər çalışa bilərdi. Xarici serialların efirdə yayımlanması, mən düşünürəm ki, maksimum bir mövsüm gedə bilər. Çünki artıq yerli tamaşaçıların yerli telekanallardan xarici seriallara Azərbaycan dilində baxacağı zaman deyil. Çünki ümumi serial izləyici kütləsi yerli seriallara öyrəşib, buna görə də Türkiyə serialına yerli kanaldan Azərbaycan dilində baxmayacaqlar. Baxsa da, bu, az adam olacaq və reytinqə təsir etməyəcək. Yerli seriallardan üstün reytinq gətirməyəcək”.

 

Müsahibimiz dünyaca məşhur olan digər xarici serialların da Azərbaycan dilində yayımlanmasına toxunub: “Bu seriallara da az bir qism baxacaq. Çünki Netflix, HBO və digər üst versiya seriallarını Azərbaycan dilinə dublyaj edəndə bu tip seriallara bizim yerli kanalları izləyənlərin az bir qismi maraq göstərir. Buna görə düşünürəm ki, bu seriallar da reytinq verməyəcək. Digər bir məqam isə budur ki, hər kəsin əlində telefon, evində internetə qoşulan televizor, xarici kanqallara baxmaq imkanı var. İnsanlar hər hansı sevdiyi məhsula birbaşa, birinci mənbədən baxa bilirlər. Bundan əlavə də həmin məhsulların türkcə, rusca dublyajları var. İnternetdə Azərbaycan dilində də olsa, lap yaxşı olar”.

 

Rüfət Şahbazovun proqnozlarına görə, əcnəbi seriallar gələn mövsümdən efir setkasında boş qalan yerləri doldurmaq üçün yayımlanacaq: “Əcnəbi serialların yerli televiziya kanallarında yayımlanmasının yerli serial sektoruna təsiri olsa da, mənim proqnozuma görə bu mövsümdən sonra gələn mövsümdə yerli kanallar xarici serial və filmləri gecə saatlarında efir setkasında boş yerləri doldurmaq üçün yayımlayacaq. Əsas saatlarda reytinq və sponsor gəlməsi, efirin imici üçün yerli serialların daha da ciddi və geniş inkişafına başlanılacaq”.

 

Mütəxəssis serial aləmindəki rəqabətə də toxunub: “Rəqabət rəqəmsal yayıma keçdikdən sonra başlamışdı. Bizim yerli kanallar onsuz da rəqabətdədir. Məsələn, axşam saat 10-da “Ata ocağı” bizim kanaldan yayımlanırsa, paralel olaraq Türkiyə kanallarında da o saatlarda bizim yerli camaatın izlədiyi seriallar da yayımlanır. Artıq rəqabət orada yaranır, beləcə tamaşaçı paylaşımı onsuz da əvvəldən var olan bir şey idi”.

 

Qərarın keyfiyyətə necə təsir edəcəyinə gəldikdə, rejissor düşünür ki, bu qərarla keyfiyyətin yüksəlməsini təmin etmək mümkün deyil: “Keyfiyyətin yüksəlməsinə belə şeylər təkan verə bilməz. 10 ildir bu sektorda olan adam kimi bu işin düsturunu bilirik. Yerli serialların qarşısına xarici serial çıxarmaqla keyfiyyəti qaldırmaq mümkün deyil. Keyfiyyəti qaldırmaq üçün maliyyəni artırmaq, reklam bazarını inkişaf etdirmək lazımdır. Məsələn, bizim çəkiliş qrupunda 20-25 nəfər adam varsa, hansısa xarici və ya elə Türkiyə serialının çəkiliş qrupunda 70-80 nəfər adam işləyir. Biz hansısa məkanda çəkiliş etmək üçün icazə məktubu yazıb günlərlə gözləyiriksə, Türkiyədə hazır “platolar” var ki, orada məhkəmə zalı, polis idarəsi, bank, holdinq, ofis çəkmək üçün imkanlar var”.

 

“Bundan başqa, bizdə aktyorun bütün işlərindən azad olub, sırf serialla məşğul olmasını tələb etmək olmur. Çünki bizdə aktyorlara, çəkiliş heyətinə verilən məvacib qat-qat aşağıdır. Biz günlük serial çəkirik, günlük serialın 5 seriasını bir həftəyə çəkirik. Bir həftəyə 5 seriya çəkdiyimiz maddiyyatla həftədə bir dəfə gedən seriala eyni pul ayrılmır. Həftədə bir dəfə gedən seriala çox az miqdarda pul ayrıldığına görə, həftəlik serial çəkənlər bir il efirə gedəcək serialı iki ayın içində çəkib bitirməklə məşğuldurlar. Yəni günlük serialın sürəti ilə həftəlik serial çəkilir”, - Şahbazov bildirib.

No description available.

“Serialların inkişafı üçün maliyyə yardımı ayrıldı və yerli serial çəkilişləri ondan sonra inkişafa başladı. İndiki vəziyyətdə yerli serial sektorunu inkişaf etdirmək, irəli aparmaq üçün sadəcə yerli seriallara ayrılan maliyyəni qaldırmaq lazımdır. Biz Azərbaycanın yerli kommersiya filmlərində istifadə olunan texnikaları yerli seriallarda istifadə edə bilmirik, çünki maliyyəsi bahadır. Yəni hər şey maliyyəyə bağlıdır”, - o, əlavə edib.

 

Həmsöhbətimizin dediyinə görə, tamaşaçıya doğma mühitindən bəhs edən, tanış obrazları izləmək daha maraqlıdır: “Biz artıq 4-cü mövsümdür ki, “Ata ocağı” serialını davam etdiririk. Bu serialdakı Şəfiqə, Nazim kimi öz içimizdən olan obrazları, başına gələn hadisələri qoyub, dünyanın hər hansı bir yerindən bəhs edən, vaxtilə populyar olan “Bu zalım dünyada doğulma” kimi (el arasında “Amaci” adlandırılırdı) seriala baxmayacaq. Qeyd edim ki, o serialların keyfiyyəti bizim seriallardan qat-qat aşağıdır. Türkiyə seriallarına da öz kanallarından, internetdən, öz dillərində baxırlar”.

 

“Mən ümid edirəm, bu qərar yerli serial sektoruna təsir etməyəcək. Burada çoxlu ssenaristlər, aktyorlar, rejissorlar, operatorlar və sair işləyir. Mən onu deyim ki, bu sektordan bildiyimiz və bilmədiyimiz adamlar var ki, ailəsinə çörək aparır, bu sahənin inkişafı üçün gecə-gündüz çalışırlar”, - deyə rejissor fikrini tamamlayıb. 

 

AYNA Milli Televiziya və Radio Şurasına (MTRŞ) “Yerli seriallarımızın izlənmədiyi deyilir, bəs, bununla bağlı MTRŞ tərəfindən sorğu keçirilibmi? Real vəziyyət əslində necədir, deyildiyi kimi yerli seriallara maraq azdır, yoxsa necə?” suallarından ibarət sorğu göndərib. Sorğuya cavab verən qurumun Aparat rəhbəri Fazil Novruzovun sözlərinə görə, Şura seriallarla bağlı hər hansı bir sorğu keçirməyib, lakin 2019-cu ilin Azərbaycan audiovizual industriyasının analizi aparılıb: “Araşdırmaların nəticələrinə görə, 2019-cu il ərzində prodüser qrupları televiziya kanallarından 7 milyon 800 min manat cəlb ediblər ki, bu məbləğin 7 milyon 450 min manatı (95%-dən çoxu) serial istehsalına sərf olunub. Bununla yanaşı, yerli serialların çəkilişinə xərclənən məbləğin 90%-dən çoxu 3 özəl telekanal tərəfindən cəlb olunub”.

MTRŞ 11 quruma yayım lisenziyası verib

“Həmçinin, məlum olub ki, 2019-cu ildə səhər 7-dən gecə yarısına kimi olan müddətdə televiziyaya baxış 3 saat 46 dəqiqə təşkil ki, bu da, dünyada olan televiziyaya baxış rəqəmləri ilə eynilik təşkil edir. Televiziyaya baxışın 2 saat 14 dəqiqəsi ümumi olaraq 2019-cu ildə ölçmələri aparılan televiziya kanallarına (ATV, “Xəzər”, ARB, “Space”, İTV, “Real”, “Lider”) baxış təşkil edib, 1 saat 32 dəqiqəsi isə xarici televiziya kanallarının və agentlik tərəfdən ölçmələri aparılmayan yerli kanalların baxışına aid olub. Azərbaycanda ödənişli televiziya xidməti təqribi olaraq 300 min ailə və ya əhalinin 12%-i tərəfindən istehlak olunur. Əhalinin 80%-ə yaxını televiziya siqnalını peyk antennaları vasitəsilə qəbul edir, 8-10% arası əhali isə ev antennalarından istifadə etməklə yerüstü yayımdan bəhrələnir”, - Novruzov bildirib.

 

Aparat rəhbərinin sözlərinə görə, yuxarıda qeyd olunan bütün rəqəmlər göstərir ki, 2012-ci ildən xarici teleserialların yayımına qoyulan qadağanın serial industriyasının təşəkkül tapması üçün mühüm addım olması ilə bərabər, bu tədbir həm də Azərbaycan kanallarına baxan tamaşaçıların böyük bir qisminin xarici kanalları (80% çanaq antenləri vasitəsilə televiziya istehlakı onu göstərir) izləməsinə gətirib çıxarıb: “Buna görə də yerli kanallara baxışı yenidən artırmaq, kanalların reytinqlərini qaldırmaq məqsədi güdən Şura əcnəbi serialların yayımlanması ilə bağlı qərarı qəbul edib. Şuranın gözləntilərinə görə, xarici kanallarda müəyyən seriallara baxan tamaşaçı qismi həmin serialların yerli kanallarda nümayişi nəticəsində yenidən yerli kanallara baxacaq, bunun sayəsində reytinqləri yüksələn yerli kanalların reklam gəlirləri müəyyən qədər çoxalacaq və nəticədə yeni serial çəkilişinə qoyulan yerli investisiyalar da artacaq”.

Müəllif: Aləmdə Nəsib