Neft səltənətinin"əjdahası"

Mədəniyyət

02.08.2022 - 13:42

"Neft və milyonlar səltənətidə"nin sakinləri "Nə gözəldir bu dünya..." söylədi

"Deyirlər o əjdaha xaricdə yenə peyda olub"... 1895-ci ilin 28 dekabrında ikinci dəfə  "Grand cafe"də görünən bu "əjdaha" Lümyer qardaşlarının ixtirası idi. Onun ilk nümayişi isə 1895-ci ilin 22 martında baş tutmuşdu. Düz 2 il  bakılılar Amanoğlu ("Bəyin oğurlanması", Mirzə Babayev) kimi "Bəs niyə bizdə o əjdahadan yoxdur?" deyir. 1897-ci ildə "Bibiheybətdədə neft fontanı yanğını" adlı o "əjdaha" nümayiş olunur. 

Nəysə, Əhməd əmi ("Bəyin oğurlanması", Rəsmi Cəbrayılov) demiş biz də keçək mətləbə. İnsanların həyatına birdən daxil olmuş bu sehr canlı deyildi. Canlıların canlandırdığı bir möcüzə-kino idi. Sovxoz müdiri Hidayət müəllimin ("Bəyin oğurlanması", Səməndər Rzayev) dediyi kimi, "həm qəliz, həm də ki vacib olan kino" Bibixanımın ("Bəyin oğurlanması", Nəcibə Behbudova) maraqla dinlədiyi "əl-ələ verib mikrorayon qurmağa gedən gənclərin" hekayəsi kimi sadə şəkildə  yaranmamışdır. 

Bibiheybətdəki fontandan sonra Bakı neft səltənətinə  çevrilir. Beləliklə, 1915-ci ildə "Neft və milyonlar səltənətidə" ilə Azərbaycanda ilk bədii filmin əsası qoyulur.

Gülçöhrəni "iplik kimi incələdən bu iş"in sehirli qutuda görünməsi bir çoxlarını onun kimi "bir uzun sövdayə salır". İlk  Azərbaycan kinokomediyası "Arşın mal alan" 1916-cı ildə  səssiz versiyada ekranlaşdırılır. Səhnənin arxasında müğənnilər və Azərbaycan musiqi alətləri ansamblı yerləşdirilir. Cabbar Qaryağdıoğlu və digər məşhur müğənnilər pyes gedişatında mahnılar ifa edirlər. 1917-ci ildə isə Peterburqlu rejissor Belyakov operettanı Üzeyir Hacıbəylinin icazəsi olmadan ekranlaşdırır. Qəzetlərdə yanvarın 3-dən başlayaraq “Arşın mal alan” filminin Bakının “Forum” kinoteatrında nümayiş etdiriləcəyi barədə elanlar çap edilməyə başlayır. Bu haqda xəbər tutan bəstəkar vəkili Əlimərdan bəy Topçubaşovla birgə qradonaçalnik Kovalyovun yanına gələrək filmin nümayişinin dayandırılmasını xahiş edir. 1917-ci ilin yanvarın 4-də bütün biletlərin satılmasına baxmayaraq film nümayiş etdirilmir. 

Bundan sonra isə  filmin ssenarisi 1944-cü ilin martın 22-də Moskvada təsdiq olunur. Bakı kinostudiyası  filmi türk və rus dillərində çəkməyə başlayır. Çəkilişlər 1945-ci ildə tamamlanır. Film 136 ölkədə nümayiş olunur və 86 dilə dublyaj edilir. Təkcə SSRİ-də filmə 16 milyondan çox tamaşaçı baxır. Onun büdcəsi 5 milyon 807 min rubl təşkil etdiyi halda, gəliri 5 milyard rublu ötür. 1965-ci ildə  isə Tofiq Tağızadə rejossorluğu ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bir daha lentə alınır. "Bissimillah" deyilənə qədər Bakıya  Mirişin ("Bəyin oğurlanması",  Arif Quliyev) harayındakı kimi "şəhərdən kinoçəkənlər gəlir". Onun rejissoru ilk milli kinorejissorumuz Abbas Mirzə Şərifzadə olur. 1925-ci ildə çəkilmiş "Bissimillah" filmininin məqsədi fanatizm əleyhinə təbliğat aparmaq olub. Filmdə həmçinin Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazı da öz əksini tapıb. Abbas Mirzə Şərifzadənin rejissoru olduğu "Gilan qızı" filmində isə  ilk dəfə qısa montajdan istifadə olunub.

Və "Neft və milyonlar səltənətidə"nin sakinləri  "Bəxtiyar" (1955)  ömür sürəcəklərinə inanaraq maraqlı və çətin "Yol əhvalatı"ına (1980) qoşulub bütün "Xüsusi vəziyyət"lərə (1986) hazır olsalar da, həyat onlara "Ölsəm...bağışla" (1989) deməyi öyrədib "Otel  otağı"nda (1998) ümidlərini öldürsə də, yeni ümidlərin doğacağını vəd edib "Nə gözəldir bu dünya..."(1999) söyləyir.

Müəllif: Günel Natiqqızı

Müəllif: Ayna.az