“Qaracahisarın fəthi Qarabağın azad edilməsini əks etdirirdi” – <font color=red> “Quruluş Osman”ın Gəncə bəyi</font>

Mədəniyyət

17.02.2021 - 23:30

Zabit Səmədov: “Serialın 37-ci bölümü Qarabağ zəfərinə həsr edilmişdi”

 

Məşhur azərbaycanlı idmançı, kikboks üzrə dəfələlərlə Dünya və Avropa çempionu olmuş, hazırda isə fəaliyyətini Türkiyənin “Quruluş Osman” serialında aktyor kimi davam etdirən Zabit Səmədov AYNA-ya müsahibə verib. Beləliklə:

 

- Zabit bəy, əsas sahəniz idmanla bağlı olsa da, hazırda Türkiyənin ən məşhur seriallarının birində aktyor kimi fəaliyyət göstərirsiz. Necə oldu ki, idman sahəsindən aktyorluq sahəsinə keçid etdiniz?

 

- Professional idmandan sonra fərqli və maraqlı bir sahə axtarırdım. Həm də axtardığım sahənin qazanc əldə etməklə yanaşı, maraqlı olmasını da istəyirdim. Ona görə də ən münasib variant olaraq özümü aktyorluq sahəsində sınamağa qərar verdim. Mənə də maraqlı bir təklif gəldi və götür-qoy edəndən sonra bu təklifi qəbul elədim. Hazırda da faəliyyətimə aktyor kimi davam edirəm.

 

- İdman fəaliyyətinizi yenidən davam etdirməyi düşünürsüz, yoxsa bütün potensialınızı aktyorluğa həsr edəcəksiz?

 

- Təbii ki, idman karyerarımı sona çatdırmamışam və fəaliyyətimi bu istiqamətdə də davam etdirməyi düşünürəm. Hətta, 2020-ci ilin aprel ayında Bakıda ingiltərəli idmançı Ceyms Maksvini ilə yarışımız da olmalı idi, lakin pandemiyaya görə bu görüş təxirə salındı. Hər şey yoluna düşəndən sonra, yəqin ki, bu görüş də baş tutacaq. Bu yarış baş tutmasa belə, avqustun 23-də Çeçenistanda bir yarışım olacaq. Bakıda nəzərdə tutulan yarış da, ondan sonra baş tuta bilər.

No description available.

- Qayıdaq aktyorluq fəaliyyətinizə. “Quruluş Osman” serialında canlandırdığınız “Gəncə bəy” obrazının serialla vidalaşacağı zaman məlumdurmu?

 

- Xeyr! Serial rəhbərliyi ilə elə bir razılaşmamız olmayıb. Əksinə, razılaşmaya görə, istədiyim zamana qədər serialda fəaliyyətimi davam etdirə bilərəm.

 

- Canlandırdığınız obraz seriala daxil olanda, serialın baş rol ifaçılarından olan Bamsı Beyrək (Nurəddin Sönməz) sizin hansı bölgədən gəldiyinizi soruşur və Qarabağdan gəldiyinizi öyrənəndə “Salam olsun, Qarabağ igidilərinə”, - deyərək, qarşılıq verir. Məsələyə bu prizmadan yanaşsaq, əslində, bu obrazın həm də Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətinin serial vasitəsi ilə əks olunması kimi başa düşə bilərikmi?

 

- Əslində, obrazın seriala daxil edilməsinin məqsədi də elə bundan ibarət idi və serialın baş prodüseri Mehmet Bozdağ da bu obrazı seriala buna görə daxil etmişdi. Obrazın adını da, təmsil etdiyi ölkəni də məhz Mehmet Bozdağ seçmişdi. Ki, bu da Azərbaycanla Türkiyənin qardaşlığını serial vasitəsi ilə göstərməyə xidmət edirdi. Hətta, mənim seriala daxil olduğum 37-ci bölüm Qarabağ zəfərinə həsr edilmiş və həmin bölümdə yer alan səhnələrlə Azərbaycanın Qarabağda əldə etdiyi zəfər nümayiş etdirilmişdi.

 

- Hansı səhnələr idi?

 

- Həmin bölümdə Osman bəyin (Burak Özcivit) öz alpları ilə birlikdə Qaracahisar qalasını düşməndən geri alması və ardı ilə mənim Qarabağdan gəldiyimi söylədiyim səhnə, Qarabağın düşmən işğalından azad edilməsini əks etdirirdi. Həmçinin, Qaracahisar qalası fəth ediləndən sonra qalada azan verilməsi səhnəsi Şuşa işğaldan azad ediləndən sonra Şuşa məscdində azan verilməsinin mesajını verirdi. Yəni, həmin bölüm Qarabağ zəfərinə həsr edilmişdi.

 

- Aktyorluq sənətini davam etdirməyi düşünürsüz?

 

- Az əvvəl də dediyim kimi, razılaşmaya əsasən, serialdan ayrılmağım sırf mənim istəyimdən asılıdır. Həm də canlandırdığım obraz serialın əsas obrazlarından biridir. Yəqin ki, bu sahədə fəaliyyətimi də davam etdirəcəm.

Müəllif: Mərahim Nəsib