“Məzar”ın sirri açıldı - <font color=red> FOTOLAR</font>

Mədəniyyət

24.12.2019 - 13:09

Asəf Quliyev: “Məni ermənilərlə işbirliyində ittiham edirdilər”

 

“Bu film mənim 10 ilə yaxındır çəkdiyim əməyin nəticəsi də sayıla bilər, artıq istəyimə qismən çatmışam, bir qədər də vicdanım rahatlıq tapıb, amma bu, o demək deyil ki, fəaliyyətimə ara verəcəm”.

 

Bunları araşıdırmaçı jurnalist Asəf Quliyev müəllifi olduğu “Məzar” (“Могила”) sənədli filminin təqdimatında deyib. Jurnalistin sözlərinə görə, araşdırma aparmasına 2007-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun Ağdamda Şəhidlər Xiyabanındakı qorunan yeganə məzarı səbəb olub: “Necə ola bilərdi ki, ətrafda bütün məzarlar dağıdılmışdı, amma bu məzar baxımlı halda idi. Bu məzarı kim qoruyur? Nə üçün qoruyur? Bu suallarla araşdırmaya start verdim. Kiçik yaradıcı qrupumla filmi hazırlamaqda bir neçə məqsədim vardı. Göstərmək istəyirdim ki, bir şəhər - Ağdam yer üzündən silinib”.

 

“Araşdırmamın ikinci mərhələsi, Ağdamın yoxluğu ilə yanaşı, 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adını almış şəxsin - Allahverdi Bağırovun müharibənin ən ağır vaxtlarındakı fəaliyyətinə həsr olunmuşdu. O, hərbçi olmağı ilə yanaşı, hələ o illərdə erməni tərəflə əsirlərin, girovların, meyitlərin dəyişdirilməsi işini aparırdı. Və o, bu işdə elə davranış qaydalarına əməl etmişdi ki, sonradan bu qaydalar Cenevrə Konvensiyasında əksini tapırdı. Filmlə dünyaya onu göstərmək istəyirəm ki, bizim belə qəhrəmanımız olub. Bizim problemimiz odur ki, biz qəhrəmanlarımızı heç vaxt doğru təqdim etməmişik. Qəhrəmanlarımızı baş kəsən yox, bax beləcə hərbi sahədə qətiyyətli şəxs kimi təqdim etsək, dünyadan daha doğru qiymət alarıq. Elə filmin rus dilində hazırlanması da onun beynəlxaq arenaya çıxması üçün edilib”, - Quliyev bildirib.

 

O, qeyd edib ki, filmin çəkilişləri üçün Dağlıq Qarabağa, Ağdama gedə bilmədiyi üçün, erməni tərəfdən kimlərləsə əlaqə saxlayıb suallarına cavab tapmalı imiş: “İnternet vasitəsilə uzun yazışmalardan sonra ermənilərlə Gürcüstanda görüşə bildim, görüşə hansısa beynəlxalq təşkilatın çətiri altında deyil, təkbaşına gedirdim, təhlükəsizlik barədə belə, düşünmürdüm. Təəssüf ki, araşdırma müddətində mənim haqqımda yalnış təəssüratlar yaradırdılar, öz tərəfimiz məni ermənilərlə əlbir olmaqda təqsirləndirirdi, hətta son səfərimdən sonra AzTV-dəki işimdən azad olundum. Bu qədər mənəvi təqiblərə baxmayaraq, araşdırmamı davam etdirdim və istəyimə nail oldum. Allahverdi Bağırovun məzarının kim tərəfindən qorunması sualının cavabını tapdım. Film hazır olandan sonra erməni tərəfdə səs-küyə səbəb oldu. Hətta ermənilər belə şayiə yaydılar ki, guya film üçün faktların toplanmasında ermənilərə külli miqdarda pul vermişəm, bu, gülməlidir. Axı, mənim pulum haradan ola bilərdi? Filmin çəkilişində maddi sıxıntılarım da vardı”.

Raminə Eyvazqızı