"Nadir Qafarzadə ölkənin hüquq anlayışını təhdid etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır"

Mədəniyyət

27.08.2019 - 10:40

"Qadına azadlığı Nadir Qafarzadə vermir, qanun verir"

 

"Məlum mühitdə heç bir hadisəyə yanaşma dəqiq və ədalətli deyil. Müğənni, sənət adamı necə "baş kəsməyə" çağırış edə bilir, anlamıram. Bu, həmin müğənninin sənətin ali dəyərlərindən xəbərsiz olduğunu göstərir". AYNA xəbər verir ki, bu fikirləri yazıçı, şair, dramaturq Orxan Bahadırsoy müğənni Nadir Qafarzadənin Türkiyədə baş vermiş Emine Bulut cinayəti ilə bağlı mövqeyinə münasibət bildirərkən səsləndirib. 

 

Yazıçının sözlərinə görə: "Normal cəmiyyətlərdə əsl sənət adamları belə hadisələr baş verdikdə, cəhalətə qurban getmiş həmin mərhum xanıma şeirlər, mahnılar həsr edər, onun qatilinə və həm də qatillərinə üsyan əlaməti olaraq, qızının gözü önündə qətl edilən ananın xatirəsini əbədiləşdirər. Bizim kimi kütlələrdə isə qaniçənlər, başkəsənlər qəhrəmana çevrilir. Çoxluğun cəhalətinə dəstək olmağa nə var ki? Əsl sənətkar mövqeyi həmişə tərəfdarı az olan haqqa, həqiqətə dəstək olmaqdır. Sənətin bu sadə və mühüm prinsipini bilməyən adam "mən sənətkaram", "tarix yaratmışam" kimi, ifadələr işlətməməlidir. Bir də ki, Nadir Qafarzadə hansı tarixi yaradıb? "Füzuli kontatası" və "O sənli günlərim" kimi, iki-üç ortabab ifaları var, vəssalam. Bunlar da ötən əsr sənətkarlarının repertuarından götürülüb, özünə məxsus deyil. Repertuarının qalan hissəsi toya, pula hesablanıb. "Maral, maral" kimi mətnində azyaşlıya şəhvət hisləri ehtiva edən, "uzandıqca boyun sənin... böyüyüb olasan gəlin... mənim olasan Maral"  kimi ifadələrlə içində gizlicə çırpınan pedofiliya arzularını təsvir edən sənətdənkənar nümunələrlə sənətkar olmaq mümkün deyil. Ümumiyyətlə, yaşadığı ölkənin konstitusiyasını da bilməyən bir adam azərbaycanlılıqdan, vətəndaşlıqdan danışmamalıdır. Əvvəlcə, bir vətəndaş kimi bu ölkənin qanunlarını bilməli, anlamalıdır ki, qadına azadlığı Nadir Qafarzadə vermir, qanun verir. Bu qanunlarda isə heç bir halda qadının başının kəsilməsinə dair maddə yoxdur. Bir toy müğənnisi bu ölkənin qadınlarının konstitusion hüquqlarını açıq-aydın təhdid altında qoyur və ölkənin hüquq-mühafizə sistemi bu insanla bağlı heç bir tədbir görmür. Bunun adı dərəbəylikdir".

 

Orxan Bahadırsoy onu da qeyd edib ki: "Sözümün əvvəlində də bildirdiyim kimi, hadisələrə münasibət, məntiqi qənaət, konkret, dəqiq və qərəzsiz fikir çatışmazlığı var mühitimizdə. Nadir Qafarzadə Türkiyədə baş vermiş məlum amansız cinayətlə bağlı insani normalara sığmayan, hüquqi prinsipləri təhdid edən, sənətsəl düşüncəyə tamamilə yad olan, radikal fikirlər səsləndirir. Bu fikirlər qalır bir kənarda və kütlə ona irad bildirir ki, "slikon dodaqlı adamın bunları deməyə haqqı yoxdur", "qaşını alan, saçına rəng qoyan biri belə danışa bilməz" və s. Bu nə deməkdir? Məgər slikon dodağı olmayan, qaş almayan, saçını rəngləməyən biri qadınların başını kəsməyə çağırış edə bilər? Onun zahiri görünüşünün söz-söhbət olmasının da tərəfdarı deyiləm. Bu mənasız söhbətlərə vaxt sərf edincə, onun qanun qarşısında məsuliyyətə cəlb edilməsi üçün imza kampaniyasının başladılması, ölkənin hüquq anlayışını təhdid etdiyi üçün bu məsələyə hüquq-mühafizə orqanlarının tez və ədalətli müdaxiləsini tələb etmək daha yaxşı olardı". 

 

"Nadir Qafarzadənin toylarda tər tökməkdən başı açılır ki, sənətə vaxt sərf edib Kamran Ağabalayevin filmlərinə baxsın və onu tanısın? Sənətə xidmət, tarix yaratmaq məsələsində Nadir Qafarzadə Kamran Ağabalayevlə müqayisəyə gəlməz. Tarixə Nadir Qafarzadə yox, Kamran Ağabalayev qalacaq. Burda şübhəyə yer yoxdur. Elə indi onların adını bir cümlədə işlətdiyim üçün mən xəcalət çəkirəm. Özbaşınalığın üzünə lənət! Görün, adamı nələrə vadar edir?! Kaş ki, Kamran bəy o müğənninin zahiri görünüşündən danışmayaydı.  Mən Kamran Ağabalayevin düşüncə etibarı ilə belə məhdud çərçivəli adam olmadığına əminəm və zənnimcə, o fikirlər anında emosional yanaşmanın nəticəsidir" - deyə, yazıçı bildirib.

 

Qeyd edək ki, müğənni Nadir Qafarzadənin Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Hadisə haqqında danışan ifaçı “Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir?”, - deyə bildirib. Aktyor Kamran Ağabalayev isə müğənnin fikirlərinə qarşı: “Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır!”, - deyib.
Müəllif: Ayna.az