“Türk Dünyası Muzeylər Həftəsi” nin bağlanış mərasimi olub

Mədəniyyət

25.05.2020 - 16:02

Türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib

 

Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Beynəlxalq Fondunun birgə əməkdaşlığı ilə 18-24 may 2020-ci il tarixlərində “Türk dünyası muzeylərinin həftəsi” proqramı üzrə məktəblilər üçün muzey həftəsi başa çatıb. AYNA-ya bu barədə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən məlumat verilib.

 

Məlumatda, proqramın məqsədinin COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkələrdə yaradılan karantin rejimində məktəbliləri Türk dünyası ilə tanış etmək, gəncləri Türk ölkələrinin tarixini, mədəniyyətini və incəsənətini daha dərindən öyrənməsinə cəlb etmək olduğu bildirilib: “24 May 2020-də onlayn platformada “Türk Dünyası Muzeylər Həftəsi”nin bağlanış mərasimi keçirildi. Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, layihədə iştirak edən türkdilli ölkələrin muzeylərinin rəhbərləri, eləcə də çox sayda məktəblilər iştirak etdilər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında layihənin bütün iştirakçılarına təşəkkürünü bildirərək, bu ekskursiyaların türk dünyasının tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa və türk xalqlarının milli və mənəvi dəyərləri ilə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. O, gələcəkdə bu layihənin ənənəvi xarakter alacağına və bütün türk dünyasının məktəblilərini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə öz növbəsində layihə müddətində iştirakçı türk dünyası muzeyləri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayaraq, onlayn platformada yaradılaraq keçirilən proqramın Azərbaycan və türk dünyası məktəbliləri arasında genişləndirilməsi, iştirakçıların və muzey saylarının artırılmasının razılaşdırıldığını qeyd edib. Daha sonra bütün iştirakçılara muzey həftəsinin uğurla həyata keçirilməsinə görə, minnətdarlığını bildirib və layihənin qaliblərini müəyyənləşdirən müsabiqənin başlanğıcını elan edib”.

 

Rəsmi çıxışlardan sonra məktəblilər tərəfindən müxtəlif muzeylər haqqında videoçarxlar göstərilib, türk ölkələrinin muzeyləri tərəfindən nümayiş olunan tarixi və mədəni məlumatlar haqqında ən yaxşı biliklərə dair müsabiqə keçirilib. Ən fəal iştirakçılara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və hədiyyələri təqdim edilib. RUGİM-in gənc bələdçiləri və məktəblilər arasında keçirilən muzeylərə virtual tur müsabiqəsinin nəticəsinə görə, Əsədli Nilüfər, Nuriyev Hüseyn, Lətifzadə Aysel, Hüseynli Şərqiyyə, Həsənov Nihad, Mahmudova Əsma və Rəhimov Ərəstun - III yerə; Ağazadə Mehdi və Mehriban Əli - II yerə; Cəbrayılzadə Murad və Əsədov Muhamməd - I yerə yayiq görülüblər”-deyə məlumatda qeyd olunub.

 

Qeyd edək ki, lahiyə çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunа üzv və müşahidəçi olan ölkələrin muzeylərinə: 18 may Azərbaycan Milli Xalça Muzeyinə, 19 May Qazaxıstan Milli Muzeyinə, 20 May Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyinə, 21 May Türkiyə Troya Muzeyinə, 22 May Özbəkistan Dövlət Tarixi Muzeyinə, 23 May Macarıstan Milli Muzeyinə virtual ekskursiyalar təşkil olunmuşdur. Sosial şəbəkədə canlı yayımlanan muzey həftəsinə ümumilikdə bir həftə ərzində baxış sayı 5000-ə yaxın müşahidə edilib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə