“Kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim” - Cemil Meriç
Koronavirus pandemiyası, sanki qaçaqaçda olan dünyaya bir “dur!” əmri verdi. Ölkəmizdə də sərt karantin rejimi elan olunduqdan sonra bir çox iş yerləri ya bağlandı, ya da onlayn satışa keçdi. Məlumdur ki, bizdə onlayn satış ənənəsi hələ formalaşmayıb, bu cür alış-verişə elə də etibar yoxdur. Lakin evdə də olsaq, tələbatlarımızı ödəməliyik və bunun üçün bağlı mağazaların açılmasını gözləməyimiz mümkünsüzdür.
Kitab da bir çox insan üçün hava-su qədər lazımlı tələbatdır və ona qovuşmaq üçün aylarca karantinin bitməsini gözləyə bilməz. Doğrudur, karantindən əvvəl də kitab alışını onlayn həyata keçirən insanlar var idi, lakin karantin dönəminə daxil olduğumuzdan sonra kitabsevərlər üçün bu, tək çıxış yolu oldu. Hazırda bir çox ictimai-iaşə obyektləri kimi kitab mağazaları da bağlıdır. Satışı onlayn həyata keçirirlər.
AYNA karantin dönəminin kitab satışına təsirini öyrənmək üçün, iri kitab mağazalarımızdan olan LİBRAFF və “Əli və Nino”ya müraciət edib.
“LİBRAFF” mağazalar şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmov deyir ki, hazırda kitab satışını onlayn həyata keçirirlər, lakin satış kəskin azalıb: “Pandemiya, karantin bütün sahələrdə olduğu kimi kitab biznesinə də böyük mənfi təsir göstərib. Kitab satışı kəskin azalıb. Bizim ümumilikdə 6 mağazamız var, lakin hazırda mağazalarımızın hamısı bağlıdır, onlayn fəaliyyət göstəririk”.
Bizdə hələ də onlayn satış mədəniyyətinin formalaşmamasına toxunan həmsöhbətimizin sözlərinə görə, kitab alan adamlar, adətən xoşlayırlar ki, kitab mağazasına getsin, kitabı vərəqləsin, orada seçsinlər: “Bir qisim insan pandemiyadan əvvəl də oxuyacağı kitabları xaricdən sifariş edirdi və bu dönəmdə də ənənələrini davam etdirir. Bizim mağazada əvvəlcə onlayn satış olmayıb, lakin onlayn satışa başlamağın ərəfəsində idik. Karantin rejimi elan olunub mağazalar bağlandıqdan sonra bu prosesi sürətləndirməli olduq”.
“Hazırda libraf.az saytına daxil olaraq müştərilərimiz kitabların özü və qiymətləri ilə tanış ola bilirlər, kitabların sayta yerləşdirilməsi prosesi gedir. Hazırda müştərilərimiz istədikləri kitabı səhifəmizə yazaraq sifariş edirlər, ödəniş isə çatdırılmadan sonra nağd və yaxud da postterminal vasitəsilə həyata keçirilir. Yaxın zamanda ödənişin sayt üzərindən edilərək, satışın birbaşa həyata keçirilməsini təmin etmək istiqamətində də iş aparılır”, - mağaza təmsilçisi söyləyir.
S.Rüstəmov qeyd edir ki, müraciət edənlər daha çox valideynlərdir: “Onlar uşaq ədəbiyyatı, məktəbəqədər hazırlıq, ibtidai sinifdə oxuyan uşaqlar üçün nəzərdə tutulmuş vəsaitlər axtarırlar. Eyni zamanda onlayn satış ənənəsi bizdə yavaş-yavaş formalaşdığı üçün onlayn müraciət edənlərin çoxu gənc nəsildir. Janrlara qaldıqda isə sevgi romanları, dedektiv, macəra və s. üstünlük verilir. Bu, elə karantindən əvvəlki dönəmdə də belə idi. Bir də daha çox dil öyrənmək, sürücülük imtahnı üçün vəsaitlər soruşulur. Bu da onu göstərir ki, insanlar evdə boş qalmır, özünü inkişafla məşğul olurlar”.
Müsahibimizin dediyinə görə, karantin elan olunan ilkin vaxtlarda satış daha yaxşı idi: “Oxucular qida azuqəsi kimi karantin günlərində oxumağa da kitablar alıb yığırdılar. Lakin iyun-iyul aylarında bu temp aşağı düşdü. Sanki insanlar artıq daha ehtiyyatlı davranmağa başladılar. Mən düşünürəm ki, bu, ola bilsin, insanların pula daha ehtiyatlı yanaşmasından qaynaqlandı, çünki karantinin nə vaxt bitəcəyi bəlli deyil. Əslində, yay dönəmində insanlar oxumağa daha çox meyilli olurlar. Çünki iş olmur, istirahət dönəmi olduğundan vaxt çox olur. İndi alıcılıqdakı zəiflik karantinlə bağlıdır. Ümid edirik ki, avqust ayından kitab mağazalarının açılmasına icazə verilər”.
“Təhsil müəssisələrinin bağlı olması da satışa mənfi təsir göstərən amillərdəndir. Çünki bizim mağazalarımızın əksər müştəriləri elə universitet tələbələri, məktəblilər və onların valideynləridir. Son dönəmdə gündəm çox sürətlə dəyişdi, baş verən hadisələr də insanların fikrini yayındırdı. Düzdür, müraciətlərin sayı azalıb, amma yox səviyyəsində də deyil. Problemə müsbət tərəfdən baxası olsaq, karantin dönəmində yaranmış onlayn satış mədəniyyətinin sonrakı dönəmdə davam edəcəyini düşünə bilərik. İnsanlar artıq əmin oldular ki, heç bir problem olmadan onlayn da alış-veriş etmək mümkündür”, - deyə Rüstəmov vurğulayır.
“Əli və Nino” mağazalar şəbəkəsinin satış meneceri Lalə Rəhmanova da karantin rejiminin kitab satışında durğunluq yaratdığını bildirir: “Bir çox sahələrdə olduğu kimi pandemiya ilə bağlı tətbiq olunan karantin rejimi kitab satışında da çətinlik və durğunluq yaradıb. Mağazalarımız bağlıdır və bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb oldu”.
“Bu dönəmdə kitabsevrələrin tək ümidi isə onlayn satışdır. Biz artıq illərdir ki, müştərilərimizə mağazalarımızla yanaşı, saytımız və sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə onlayn satış təqdim edirik. Karantin dönəmi onlayn satış sahəsində müəyyən canlanma yaratdı. Lakin çatdırma ilə bağlı da müəyyən çətinliklər yaşanır. Heç nəyə baxmayaraq, əlimizdən gəldiyi qədər oxuculara yüksək xidmət göstərməyə çalışırıq”, - menecer əlavə edir.