Bakıda mühüm eksperiment: bloger nələri üzə çıxardı?

Cəmiyyət

19.04.2022 - 16:54

“Park Bulvar”da baş verənlərin izi ilə...

Aprel ayının 17-də Bakıda yerləşən “Park Bulvar” ticarət mərkəzində, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov izləyiciləri ilə görüşüb. Blogerin görüşünə xeyli sayda yeniyetmə, gənc toplaşıb. Karantin qaydalarının tələbləri pozulan, xoş olmayan görüntülərlə yadda qalan görüş ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. Daha çox görüşə getmiş şəxslərə ünvanlamış tənqidin yanğısı hələ də davam etməkdədir.

“Bizim gənclik bu gündədir. Bahalı telefon hədiyyəsi vədinə inanan bu gənclər özünü döydürməyə, söyülməyə də hazırdır” və s. bu qəbildən fikirlər səsləndirilməkdə davam edir.

Qısa müddətdə şəhərin mərkəzində yerləşən bir məkana, bir blogerin dəvəti ilə yüzlərlə adamın toplaşması başqa bir narahatlıq da yaradıb. Belə ki, bunu Rusiyanın hansısa maraqları ilə əlaqələndirib, işin arxasında siyasi məqsəd düşünənlər də var.

AYNA bu və digər məqamlara ekspertlərlə aydınlıq gətirməyə çalışıb.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, sosial psixologiyadan, sosiologiyadan geniş məlumatı olan adamlar üçün bu, adi bir haldır: “Burada qeyri-adi bir hal yoxdur. Şəxsən şahid olduğum bu cür ekperimentlər dəfələrlə keçirilib. Bunu bəzən kütlənin psixologiyasını yoxlamaq üçün qəsdən edirlər. Bu, elmdə öz əsasını tapıb. Bəzən kütlənin təhsil səviyyəsini, mədəni davranış formasını, kütləvi hadisələrdə özünü necə aparmasını müəyyənləşdirmək üçün belə eksperimentlərdən istifadə olunur və dəfələrlə olunub da”.

Həmsöhbətimiz yaxından iştirak etdiyi bu cür eksperimentlərdən birini nümunə çəkərək, “Park Bulvar”da baş verənlərə görə əhalini qınamağın tərəfdarı olmadığını deyib: “1994-cü ildə Qahirədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Əhali və inkişaf” adlı sammitinin iştirakçısı, Azərbaycan ekspert qrupunun rəhbəri idim. Orada da bu cür eksperiment keçirdilər. Elan etdilər ki, üstündə sammitə aid şəkillər olan maykalar paylanacaq. O vaxt da o cür maykalar az tapılan bir şey idi. Mən də Moskvada və başqa yerlərdə belə eksperimentlər keçirildiyini eşitmiş, şahidi olmuşdum. Başa düşdüm ki, eksperiment keçirirlər. Müşahidə etdim, bir müddətdən sonra bizim ticarət mərkəzində yaşananan hallara bənzər vəziyyət yaşandı. Baxmayaraq ki, eksperiment iştirakçıları öz ölkələrinin sayılıb-seçilən məmurları, nümayəndələri idi, amma ölkəsinin adı yazılmış maykalardan götürmək üçün canfəşanlıq edirdilər”.

“Yəni indi “Park Bulvar”da baş verənlərə görə əhalini qınamaq, “ayıb olsun” demək düzgün deyil. Eksperiment aparılsa, bir çox ölkədə bu hal yaşanar. Amma məsələn, Yaponiyada yaşanmaz”, - deyə sosioloq bildirib.

Əksəriyyətin yeniyetmə və gənc olduğuna qaldıqda, Qəşəmoğlunun fikrincə, buna səbəb belə şeylərə gənclərin daha maraqlı olmasıdır: “Belə məsələlərdə adətən elə gənclər, yeniyetmələr həssas olur, tez reaksiya verirlər. Əslində kənardan müşahidə edən bir mütəxəssis üçün də hansı yaş qruplarının iştirakı önəmlidir. Blogerin özünün reklamı idi və ya deyildi, özü bilərək etdi, ya bilməyərək - hər bir halda kifayət qədər ciddi bir eksperiment həyata keçirilmiş oldu. Bu da mütəxəssislər tərəfindən təqib oluna bilər. Orada baş verənlərin hamısı eksperiment üçün mühüm xüsusiyyətlər idi”.

Psixoloq Vüsalə Əmiraslanova hesab edir ki, oraya toplaşanların hamısını blogerlə görüşə getmiş saymaq olmaz: “Bəziləri oraya bahalı telefon, bəziləri televiziyada görünmək, bəziləri də “kütlədən geri qalma, sürprizlərə hazır ol” şüarı ilə getmişdilər və onlara maraqlı idi ki, orada nə var, nə baş verəcək. Onlar arasında blogerə böyük simpatiya bəslədiyinə görə gedənlər çox az idi. Ümumilikdə isə həmin mənzərə çox üzücüdür. Əvvəla, pandemiyanın bitmədiyi bir dövrdə insanların belə toplaşması, ikincisi də kütlə psixologiyası özünü göstərir. Kütlə hara meyillənirsə, maraq oraya doğru gedir. Deməli, nə qədər çox adam gedirsə, o qədər maraqlıdır”.

Ticarət mərkəzinə toplaşmış həmin yeniyetmə və gənclərin təhsilə az meyilli şəxslər olması və buna görə qınanmasına qaldıqda, ekspertin fikrincə, tam belə olduğunu demək düzgün olmaz: “Bu, savadsızlıqdan çox dünya görüşünə bağlı məsələdir. İnsanın məntiqi araşdırması, analitik düşünməsi, kənardan özünə baxma bacarığı, insanın özünün yanaşma tərzi və s. bu cür məqamlarda özünü büruzə verir. Oraya gedən adam özünə kənardan baxmalıdır. Orada olanlar özlərinə kənardan baxdıqlarında ikinci dəfə bir də getməzlər”.

“Çünki kənardan heç də yaxşı görünmədiklərini, qınandıqlarını gördülər. Bu baxımdan birmənalı yanaşmaq və problemi savadsızlıqda görmək də düzgün olmaz”, - deyə psixoloq söyləyib.

Əmiraslanova əmindir ki, hazırda insanları sosial şəbəkələr idarə edir: “Biz sosial şəbəkələrdə nə görürüksə, ona inanırıq. Ona görə də bir çox hallarda fəaliyyətini sosial şəbəkədən kənarda, sakit bir bir formada davam edən insanlar tanınmır və sevilmirlər. Yəni sosial şəbəkədə fəal olmalısan ki, bəyəniləsən. Bu baxımdan blogerin çağırışı effektiv oldu və yüzlərlə insanı bir məkana toplaya bildi”.

Professor Qulu Məhərrəmli o qənaətdədir ki, blogerlə görüş zamanı yaşananlar müəyyən qədər təəssüf doğurur, lakin bunu bütünlükdə Azərbaycan gəncinin ayağına yazmaq, qınamaq doğru deyil: “İnternetdə belə qəhrəmanların sayı çoxdur. Onlara maraq var, izlənilirlər. Lakin bu görüşü “Azərbaycan gəncinin səviyyəsi”, “hamı bu cürdür” deyərək qələmə vermək də düzgün deyil. Təbii ki, həmin görüşdə olanlar arasında nə baş verdiyini anlamayanlar da olub. Bu görüşdən yola çıxaraq gəncləri çox qınamağın tərəfdarı deyiləm. Düzdür, gənclərimizin bu rəngləri də var, amma mənim üçün gənclər 44 günlük müharibədə döyüşənlər idi. Bizim gəncliyi, gənclərimizin ruhunu onlar təmsil edirlər. Bu fikrim pafoslu səslənə bilər, amma gerçəklik belədir”.

Bu hadisədə Rusiyanın müdaxiləsi və ya hansısa mesaj verməsinə qaldıqda isə Məhrrəmlinin fikrincə, burada heç bir siyasi izdən söhbət gedə bilməz: “Burada heç bir siyasi iz görmürəm. O bloger Türkiyədən də gələ bilərdi. Türkiyədən hansısa müğənni gələndə saysız-hesabsız adamlarımızın görüşünə getdiyinin, alqışladığının şahidi olmuşuq. Fanatiklər həmişə belə olur. Onlar üçün heç bir hissi çərçivə yoxdur və davranışlarına da hədd qoya bilmirlər. Normal olmasa da, mən bu baş verənləri adi bir hadisə kimi qəbul edirəm”.

Müəllif: Aləmdə Nəsib