Vətəndaş cəmiyyəti tərəfindən qəbul edilən təkliflər dəstəklənib

Cəmiyyət

24.07.2019 - 15:31

Samir Əliyev: “Məqsəd Yol Xəritəsində vətəndaş cəmiyyəti institutları üçün əlverişli mühitin yaradılmasını nəzərdə tutan təkliflərin əksini tapmasına nail olmaq idi”

 

“İyulun 19-da Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı (MFP) layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupun (İQ) növbəti toplantısı keçirilib. Toplantıda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yaradılması əlaqədar təkliflər müzakirə edilib”.

 

AYNA xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev şəxsi “Facebook” hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, görüşdə iştirak edən vətəndaş cəmiyyəti (VC) təmsilçilərinin əsas hədəfi bu ilin fevral ayında VC ekspertlərinin iştirakı ilə hazırlanmış Yol Xəritəsində vətəndaş cəmiyyəti institutları üçün əlverişli mühitin yaradılmasını nəzərdə tutan təkliflərin əksini tapmasına nail olmaq idi.

 

Ekspert fikrinə belə davam edib:

 

“Qeyd edim ki, İşçi Qrupu Yol Xəritəsində nəzərdə tutulan və VC-nin əksəriyyəti tərəfindən qəbul edilən təkliflərin Milli Fəaliyyət Planına daxil edilməsini dəstəkləyib. Həmin təklifləri bir daha xatırladıram:

 

1. Vətəndaş cəmiyyəti institutları üçün əlverişli mühitin yaradılması

1.1. QHT-lərin o cümlədən xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydyyatının kommersiya qurumlarının dövlət qeydiyyatna uyğunlaşdırılması; Xarici hüquqi şəxsin qanuni təmsilçisi və təsisçisi üçün nəzərdə tutulan məhdudiyyətlərin ləğvi;

1.2. QHT-lərin aldıqları qrantların və ianələrin dövlət qeydiyyatının icazə sisteminin məlumatlandırma ilə əvəzlənməsi;

1.3. Vətəndaş Cəmiyyəti Təşkilatları və onların nümayəndələri barəsində aparılan inzibati və cinayət təqibinə və mülki qaydada icraatlara xitam verilməsi, sanksiya, yoxlama və digər məhdudiyyətlərin aradan qaldırılması;

1.4. Xarici donorların ölkədə rezident olmaq (Nümayəndəliyini qeydiyyata alınması) tələbinin ləğvi;

1.5. QHT-lərin fəaliyyətinə dövlət nəzarətinin və sanksiyaların minimum endirilməsi;

1.6. Azərbaycan Açıq Hökumət Platformasına institusional dəstəyin genişləndirilməsi.

 

Ümid edək ki, bu təkliflər Milli Fəaliyyət Planında tam əksini tapacaq. Bu məsələdə VC təmsilçilərinin həmrəyliyi çox vacibdir”.

Müəllif: Ayna.az