Avtomobili qarət edilmiş jurnalist müşahidələrini paylaşıb
Xəbər verdiyimiz kimi, iyunun 26-a keçən gecə tanınmış jurnalist və PR mütəxəssisi İlham Məmmədzadənin avtomobili qarət edilib. O, AYNA-ya açıqlamasında bildirib ki, hadisə gecə 01:25 radələrində Sumqayıt şəhərində yaşadığı binanın qarşısında baş verib.
“Həyətdə saxladığım maşının şüşələrini qırıblar. Bu zaman avtomobilimin siqnalizasiya sistemi işə düşdü. Həmin vaxt oyaq olduğum üçün məhləyə çıxdım. Gördüm ki, mənim “Mercedes” markalı 99 CM 808 nömrəli avtomobilimin şüşəsini qırıblar” – deyə Məmmədzadə vurğulayıb.
Hadisədən bir gün sonra jurnalist sosial şəbəkədə başına gələnlərdən çıxardığı nəticə barədə paylaşım edib. AYNA xəbər verir ki, o yazıb:
“Baş verən məlum hadisə - mənə məxsus avtomobilimin qarət olunması ilə bağlı ilk gündə müşahidə etdiklərim:
1. DİN-in 102 “qaynar xətt”inə edilən müraciətdən 1 saatdan artıq vaxt keçdikdən sonra polisin hadisə yerinə gəlməsi;
2. Sığorta şirkətinin zənglərə cavab verməməsi;
3. Ərazidəki müşahidə kameralarının hamısının işlək vəziyyətdə olmaması;
4. Yazdığım statusun altında yazılan şərhlər və dost-tanışların da söylədiklərinə əsasən, başlarına gələn bu kimi hadisələrin tez-tez olması və cinayətkarın tapılmaması faktları;
5. Maşınların soyulması hallarının daha intensiv olması;
6. Bölmələrdə polis əməkdaşlarının, ekspertlərin yetərincə olmaması;
7. Zədələnmiş maşınımı yuyan avtoyuyucu əməkdaşının son 1 gündə 3 eyni halı yaşamış avtomobili yuması;
8. Ehtiyyat hissəsi aldığım dükan sahibinin də insanların eyni hal ilə tez-tez müraciət etdiklərini söyləməsi;
9. Eyni halı yaşamış insanların müraciətlərinin müsbət həll olunmadığını bildirmələri;
10. Narkomanların çoxalması ilə bağlı insanlarda düşüncələrin olması (Ən azı bunu yaşadığım binanin “podezd”ində tez-tez rastlaşdığım şprislərin olması deməyə əsas verir).
Ən əsas və maraqlı müşahidəmi isə yaxın bir neçə günə bildirəcəm.
P.S. Bütün bunlara baxmayaraq, polis orqanlarında peşəkar, vətənpərvər və ləyaqətli insanların olmasını da müşahidə etdim və bu, məni sadaladıqlarımın fonunda nisbətən sakitləşdirir”.