Türkiyə vətəndaşı Azərbaycan qanunlarına meydan oxuyur - <font color=red> 101-ci QURBAN</font>

Cəmiyyət

07.09.2019 - 10:58

“Türkiyə vətəndaşı öz ölkəmdə məni 8 ildir süründürür, Azərbaycanın qanunlarına məhəl qoymur, çarəsizəm”

 

"Hom Paş Prestij” Mənzil Tikinti Kooperativinin (MTK) sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdöl tərəfindən aldadıldığını deyən Afərim Abutalıb qızı Nəcəfova AYNA-nın redaksiyasına müraciət edib. O bildirib ki, 8 il öncə “Hom Paş Prestij” MTK-nın Xocalı prospekti, 1181-ci məhəllədə inşa etdiyi binadan 76.5 kvadrat metr qeyri-yaşayış sahəsi alsa da, indiyədək nə obyektini verirlər, nə də pulunu qaytarırlar.

 

Şikayətçi qarşılaşdığı problem barədə bunları deyib: “Evimizi, bağımızı satıb 2011-ci ildə "Hom Paş Prestij” şirkətindən "Xətai" metrostansiyası ilə üzbəüz tikilən binadan sərəncamla obyekt aldıq ki, icarəyə verib dolanaq. 76.5 kvadratmetr obyekt üçün 100 min ABŞ dolları, yəni 76 min 500 manat pul ödədik. Bu barədə şirkətlə müqavilə bağladıq. Bir müddət sonra getdim ki, "yerimi verin, adam tapmışam, satıram". Şirkətin sahibləri - Hikmət adlı Türkiyə vətəndaşı ilə Qabil adlı şəxs mənə nə obyekt verdi, nə də pulumu qaytardı”.

A.Nəcəfovanın sözlərinə görə, aldığı qeyri-yaşayış sahəsinin qarşılığında ona 40 kvadrat metrlik ev təklif ediblər: “Əvvəl razılaşmadım ki, axı mən ev yox, 76.5 kvadrat metrlik obyekt almışam. Həmçinin düşündüm ki, o evi də bir neçə şəxsə satmış olarlar və mən yeni problemlə üzləşərəm. Sonradan əlacsız qalıb təklif etdikləri evi istədim, ancaq onu da vermədilər. İndi nə pulumu qaytarırlar, nə obyektimi verirlər”.

 

"Hom Paş Prestij” MTK tərəfindən zərərçəkmiş A.Nəcəfova məhkəməyə müraciət edib və məhkəmə onun ödədiyi pulun geri qaytarılması barədə qərar çıxarıb: “Məhkəməyə vermişəm, Apellyasiya Məhkəmisi də daxil olmaqla, 3 məhkəmə işə baxıb və hamısı mənim xeyrimə qərar çıxarıb ki, pulum qaytarılmalıdır. Buna baxmayaraq, tikinti şirkəti pulumu qaytarmır. Müxtəlif bəhanələr gətirirlər. Gah deyirlər ki, "pulumuz yoxdur, yeni binanı tikək, sataq, pulunu qaytaraq", gah da mənə başqa mərtəbədən, cəmi 40 kvadratmetrlik yer təklif edirlər. Həmin obyektin qiyməti isə mənim verdiyim puldan çox azdır”.

 

Şikayətçi məhkəmə icraçılarından da narazılığını dilə gətirib: “Xətai rayon icra şöbəsinin icraçıları məhkəmənin qərarını icra etmirlər. Əvvəlcə icraçılar mənə dedilər ki, “50 min manat verək, çıx get”, razılaşmadım. Sonra da qızıma demişdilər ki, həmin pulun 15 faizini onlara verək. Onsuz da verdiyim pul 8 ildə xeyli dəyərdən düşüb, nəyim var ki, indi icraçılara da verim”.

 

Çarəsiz qalan A.Nəcəfova AYNA vasitəsilə ölkə başçısına müraciət edib: “Get-gəldən yorulmuşam, ağır xəstəyəm, hər dəfə ora gedib-gələndə günlərlə yataqda qalıram. Axı mənim də övladlarım, nəvələrim var, yaşamaq istəyirəm, niyə öldürürlər məni? Heç kimin cibinə girmirəm, oğurluq etmirəm, öz pulumu tələb edirəm. Bu da mümkün deyil. Bilmirəm, dərdimi kimə deyim, hara üz tutum, axı bizim ölkəmizin qanunları, Ədliyyə Nazirliyi var. Prezidentimiz, Birinci vitse-prezidentimiz var, mənə yaraşmaz axı Avropa Məhkəməsinə üz tutum. Sizin vasitənizlə bu ölkənin başında duranlardan - Prezident İlham Əliyevdən, Birinci-vitse prezident Mehriban Əliyevadan xahiş edirəm, yalvarıram ki, mənə kömək etsinlər”.

 

A.Nəcəfovanın şikayətini dinlədikdən sonra qarşı tərəflə əlaqə saxladıq. “Hom-Paş-Prestij” MTK-nın sahibi Hikmət Yiğitdöl və onun ortağı Qabil Əliyev bildirdilər ki, onlar şikayətçini obyektlə təmin etməyə hazırdılar. Aldığımız bu cavabdan sonra Afərim xanım və onun hüquqi nümayəndəsi ilə birlikdə şikayətin təmin ediləcəyi ümidi ilə tikinti şirkətinin yerləşdiyi məkana yollandıq. Təəssüflər olsun ki, ümidlərimiz suya düşdü. Səkkiz ildir A.Nəcəfovanı aldadan “Hom-Paş-Prestij” MTK rəsmiləri bu dəfə də bizi aldatdılar.

 

Orada olanda öyrəndik ki, A.Nəcəfovanın binanın ilkin layihəsinə uyğun olaraq aldığı qeyri-yaşayış sahəsi başqa şəxsə satılıb. Həmin şəxs də A.Nəcəfova kimi əvvəlcə aldadılıbmış. Ona görə də indi gecə-gündüz aldığı sahənin keşiyini çəkir.

 

Bizi obyektdə əvvəlcə Hikmət Yiğitdölün ortağı Qabil Əliyev qarşıladı. Bildirdi ki, o, bu işə zərəçəkmişlərin şikayətlərini təmin etmək məqsədilə dövlət tərəfindən təhkim olunub: “Mənə dövlət tərəfindən öhdəlik verilib, qarşılığında da mənimlə bağlı öhdəlik götürülüb. Burada ziyana getsəm də, dövlət digər tərəfdən qarşımda qapıları açır ki, 100-dən çox zərərçəkmişin şikayətini təmin edim. Ancaq mən onları Hikmətdən aldıqları qədər obyektlə təmin edə bilmərəm. Afərim xanıma isə pul qaytaracağımı söz verməmişəm, verə də bilmərəm. Bu gün ona ya A1 blokunun zirzəmisində, (zirzəmi yaşayış və qeyri-yaşayış yeri kimi istifadə üçün tam yararsızdır – müəll.) ya da yaşayış üçün nəzərdə tutulmuş ərazidən 40 kvadrat metrlik başqa yer verə bilərəm”.

 

A.Nəcəfova isə bu təkliflə razılaşmadı, bildirdi ki, o, təklif edilən məkanı bugünkü bazar qiyməti ilə satsa belə, 8 il əvvəl verdiyi pulu çıxara bilməyəcək. Həmçinin, ona təklif edilən yer istifadəyə yararsız olduğundan, ümumiyyətlə alıcısı yoxdur.

Daha sonra əraziyə Hikmət Yiğitdöl özü gəldi. Gələr-gəlməz də həm A.Nəcəfovaya, həm də bizə qarşı çox kobud davranış və danışıq sərgilədi. Alqı-satqı müqaviləsində imzası olmasına baxmayaraq, A.Nəcəfovaya obyekt satmadığını bildirdi: “Birincisi, mən bunlara heç nə satmamışam, Anar satıb, gedib Anardan da pullarını istəsinlər. Mən heç nə vermirəm, nə pul verirəm, nə yer. Sizə məlumat verməyə də borclu deyiləm. Bu qadın məni, azı 10 dəfə bura çağırıb, daha üzünü görmək istəmirəm. Getsin, tutdursun məni, 100 nəfər tutdurur, bu da olsun 101-ci”.

 

Adı çəkilən Anarın kim olduğunu araşdıranda isə öyrəndik ki, Anar Abbasov Hikmət Yiğitdölün şəriki olub. Guya vətəndaşlara qarşı dələduzluğu da Hikmət Yiğitdöl yox, Anar edib.

 

“Anarın atası mərhum general Akim Abbasovun oğludur, indi 80 yaşı var, təqaüddədir. Anar obyektləri Hikmət Yiğitdöldən xəbərsiz ona satıb. Anar o qədər fırıldaqçı olub ki, öz atasının bu binadakı 100 kvadrat metrlik mənzilini belə, özündən xəbərsiz satıb. Hikmətin özünə gəlincə, onunla mənim də məhkəmə çəkişməm olub. O, bu gün dediyi sözü sabah danır. 2017-ci ildə bizim aramızda müqavilə olmasına baxmayaraq, o, sənədlərdəki imzanın özünə aid olmadığını iddia edirdi. İş məhkəməyə qədər getdi və məhkəmədə sübut olundu ki, imza onundur”, - deyə Hikmət Yiğitdölün indiki şəriki Qabil Əliyev bildirdi.

 

Bir sözlə, "Hom Paş Prestij” MTK-nın sahibi Hikmət Yiğitdöl nümayişkəranə şəkildə Azərbaycan Respublikasının qanunlarına məhəl qoymur, məhkəmənin çıxardığı qərarları icra etmir. Bununla da Azərbaycanın vətəndaşlarını dövlətə, ölkə rəhbərliyinə qarşı qaldırır. Şəriki Qabil Əliyev isə, özünün dediyi kimi, dövlət qarşısında öhdəlik götürməyinə baxmayaraq, "topu" başqa qapıya ötürməklə məşğuldur.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Hom Paş Prestij” MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdöl barəsində cinayət işi açılıb. O, Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Cinayət işi üzrə 74 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Müəllif: Rumiyyə Miraslan