FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir
İyulun 12-də Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun çaya düşməsi ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
AYNA.AZ xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, ilkin məlumata əsasən, azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb. Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.
Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.