Dövlət başçısı “Yüksəliş” müsabiqəsi təsis etdi: Kadr ehtiyatı bankı yaradılır

Cəmiyyət

26.07.2019 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılmasına göstəriş verilib

 

Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilsin.

 

2. Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

Təşkilat Komitəsinin sədri

 

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

 

Təşkilat Komitəsinin üzvləri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

 

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

 

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

 

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

 

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

 

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

 

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

 

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi:

 

3.1. Müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirsin;

 

3.2. Müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratsın və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etsin;

 

3.3. Müsabiqənin keçirilməsi qaydalarını təsdiq etsin.

 

4. Bu Sərəncamın 3.2-ci hissəsi ilə yaradılmış işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etsin.

 

5. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.

 

6. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.

 

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin”.

Müəllif: Ayna.az