Azərbaycanlılar arasında qorxulu trend: Yaşamağa da, ölməyə də <font color=red> QƏRİB ÖLKƏ</font>

Cəmiyyət

18.09.2019 - 10:10

Əlövsət Əliyev: “Hesab edirlər ki, Azərbaycan onlar üçün tükənib və qayıtsalar, onları fəlakət gözləyir”

 

Bir neçə gün öncə Almaniyanın Hermeskeil şəhərində, 34 yaşlı Emin Bağırov, Azərbayana deportasiya edilməmək üçün üzərinə benzin tökərək özünü yandırdı. Aldığımız məlumata görə, 2017-ci ilin yanvar ayında Almaniyaya gedən Emin Bağırov sığınacaq üçün müraciət etsə də, bu ilin sentyabr ayında ona vətənə qayıtmaq haqqında xəbərdarlıq məktubu göndərilib. Həmin məktubla sosial qurumun binasına gedən həmyerlimiz, orada mübahisəyə başlayıb və elə oradaca intihara cəhd edib. Ağır yanıq xəsarətləri alan şəxs hadisə yerinə gələn helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, bu, E.Bağırovun Almaniyada sığınacaq almaq üçün ikinci cəhdi olub. O, birinci dəfə 2016-cı ildə ailəsi ilə birlikdə Almaniyadan Azərbaycana göndərilmişdi. 

 

Təəssüflər olsun ki, bu, Almaniyada azərbaycanlılar arasında rast gəlinən ilk intihar hadisəsi deyil. Bundan öncə də bir neçə azərbaycanlı deportasiya olunmamaq üçün öz canına qıyıb və ya qıymağa cəhd edib.

Deportasiya edilmə səbəbləri daha çox nəylə bağlıdır, hansı səbəblərdən Almaniya hökuməti onları geri qaytarır? Həmçinin, miqrantların intihara əl atmalarının səbəbi nədir, vətənə hədsiz nifrət, yoxsa bilmədiyimiz başqa səbəblər var?

 

AYNA əməkdaşı bu və digər suallar ətrafında, Almaniyada yaşayan həmyerlimiz, hüquqşünas, miqrasiya məsələləri üzrə tanınmış ekspert Əlövsət Əliyevlə həmsöhbət olub.

 

- Əlövsət bəy, əvvəlcə Almaniyaya sığınacaq üçün müraciət edən azərbaycanlılarla bağlı ümumi məlumat verməyinizi xahiş edirik.

 

- Son illərin statistikasına görə, 2018-ci ildə Almaniyaya sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib. 2019-cü ilin ilk 6 ayı ərzində isə qaçqın statusu almaq üçün 999 nəfər azərbaycanlı müraciət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub.

 

Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəyə (BAMF) qaçqın statusu üçün müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir. 2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün Azərbaycan vətəndaşlarının müraciətləri üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə isə qaçqın statusu verilib. 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınaraq 558 nəfərin müraciətinə baxılmaqdan imtina edilib. Buna Dublin müqaviləsinə əsasən, başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir. Bu isə o deməkdir ki, ümumilikdə 1400 nəfərdən 1326 nəfərə bu və ya digər formada rədd cavabı verilib.

Картинки по запросу əlövsət əliyev

- Bəs, nə qədəri deportasiya olunub?

 

- 2018-ci ildə 398 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib. Həmin şəxslərdən əksəriyyəti təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb. Hava limanlarında göstərdiyi müqavimət və səhhətlərində yaranmış problemlər, həmçinin özünə xəsarət səbəbindən 9 nəfərin deportasiyası baş tutmayıb. 2018-ci ildə 300 nəfərə yaxın azərbaycanlı isə Dublin Konvensiyasına uyğun olaraq Avropa İttifaqı ərazisində gəldikləri ilk Şengen ölkəsinə göndərilib. Onların, təxminən 40 faizi 18 yaşına çatmamış şəxslər olub. 2019-cu ildə isə Almaniyadan deportasiya olunanların sayı, ümumilikdə 700 nəfərdən çoxdur. Onların bəziləri Azərbaycana, bəziləri isə Dublin sazişinə əsasən, viza aldıqları ölkələrə qaytarılıblar.

 

- Könüllü olaraq geri qayıdanlar varmı?

 

- Son iki ildə sığınacaqla bağlı mənfi cavab alan 600 nəfərə yaxın azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 500 nəfərə yaxın Azərbaycan vətəndaşı isə Almaniya hökumətinin həyata keçirdiyi repatriasiya proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olub.

 

- İstərdim, Almaniyada intihara cəhd edənlər barəsində danışaq. Son illərdə nə qədər belə azərbaycanlı olub?

 

- Bizdə olan məlumata görə, 2018-2019-cu illərdə 17 nəfər azərbaycanlı özünə və ya ailə üzvlərinə qəsd edib. Onlardan bəziləri bu yolla deportasiyanın qarşısını ala bilsələr də, bəziləri könüllü olaraq qayıdıblar və ya üçüncü ölkəyə gediblər. İntiharlar nəticəsində ölənlər də var, cəzaçəkmə müəssisəndə olanlar da, xəstəxanada olan da.

 

- Yəni, sırf Azərbaycana qayıtmamaq üçün intiharı seçirlər?

 

- Azərbaycanda bir misal var: qonşun pisdir, qaç qurtar. Bu mənada insanlar həmişə sistemdən qaçmırlar. Bəzən qohumundan, qonşusundan, düşdüyü mühitdən qaçırlar. Bəzən isə insanlar bu qaçış ücün çox böyük məbləğdə ödəniş edirlər. İnsanlar qaçdıqları qohum-qonşuya, sistemə geri dönməmək və satdıqları evin acısını dadmamaq ücün də özlərinə qəsd edirlər. İntihara əl atanlar Azərbaycana deportasiya olunmaqdan imtina edirlər, həm də Dublin sazişinə əməl etmədiklərinə görə, viza aldıqları ölkəyə göndərilməkdən xilas olmaq üçün bu üsullara əl atırlar. Sonuncu hadisədə isə Azərbaycana qayıtmaqla bağlı risk var idi, ona görə də 34 yaşlı Emil Bağırov özünə qəsd etdi.

- Nəyə görə, məhz canlarına qəsd edirlər? Vətənə bu qədərmi nifrət edirlər, yoxsa bilmədiyimiz başqa səbəblər var? 

 

- Özünə xəsarət yetirənlər haqqında fərqli düşünürəm. Çox təəssüf ki, onları tanımayan, Azərbaycandan uzaq olanlar, onların yaşadığı həyəcanı yaşamayanlar hesab edirlər ki, intihara bu adamlarda Azərbaycana olan nifrət, Azərbaycanda olan təqib, təhlükə səbəb olur. Əslində isə belə deyil. İnsanlar qaçdıqları həyata yenidən qayıtmağı faciə hesab edirlər. Bu, həm də psixoloji sarsıntı ilə bağlıdır. İntiharları xəstəliklə əlaqələndirirəm, yəni intihar edənlər xəstə insanlardır, psixi pozuntuları var. Ona görə də özünə qəsd edənləri Almaniya hüquq-mühafizə orqanları dərhal xəstəxanalara, ruhi-əsəb dispanserlərinə yerləşdirir. Normal, psixi pozğunluğu olmayan insan özünə qəsd etməz.

 

- Psixi pozğunluq deyərkən...? Azərbaycandan xəstə gediblər ora?

 

- Təbii ki, Azərbaycandan köç edənlərin bəzilərinin ailələri və yaxınları ilə də problemləri var. Azərbaycanda mövcud həyat bu insanları qəbul etmir. Mən ailəmizdə yaxınlarımla da ən çox mübahisə edən, onlarla razılaşmayan biri olmuşam. Yəni əsəblərim cəmiyyətinkindən fərqli olub ki, baş verənlərə etiraz etmişəm.   

 

Eyni zamanda psixi pozğunluq ondan yaranır ki, Almaniyada aylarla düşərgə həyatı yaşayırlar, gəldikləri gündən müvəqqəti yaşamaq icazəsi almaq üçün stress içində olurlar. Bu stresi yaşamaq da olduqca ağırdır. Almaniyada yaşamaq icazəsi verilməyəndə isə növbəti problemlər yaşanır. Məhkəmə prosesləri başlayır, aylarla ona hazırlaşırlar ki, bu da çox ciddi stresli mərhələdir. Sonda da uğursuz cavab alanda bəzi insanlar özünə qəsd etməkdən çəkinmirlər. Hesab edirlər ki, Azərbaycan onlar üçün tükənib, qayıtsalar, onları fəlakət gözləyir. O da doğrudur ki, axmaqların "at oynatdığı" ölkədə ağıllıların yaşaması çətindir, ya həbsdə olmalıdırlar, ya da ölkəni tərk etməlidirlər.

 

- Azərbaycanlıların intihara əl atmalarında görünməyən bir əlin təsiri ola bilərmi? Məsələn, Almaniyaya mühacirətin qarşısının alınması məqsədilə kimlərinsə hansısa formada təsir göstərmə ehtimalları varmı?

 

- Bu hadisələri törədənlərin kimlərsə tərəfindən öyrədilməsi fikri də mümkündür. Kimsə deyə bilər ki, dərman qəbul elə, özünə xəsarət yetir, özünü xəstə kimi göstər, səni başqa ölkəyə göndərməsinlər, Azərbaycana qaytarmasınlar. Belə məsələlər də ola bilər. Ancaq əsas insanların özündə olan gərginlik, stress buna səbəb olur. Həm də Azərbaycanda insanlar olduqca aqressivdirlər. Azərbaycanlı olmaq həm də aqressiv olmaq deməkdir. Bu da ölkənin idarə olunması ilə bağlıdır. Lakin bu halların arxasında birbaşa hakimiyyətin dayanması ehtimalı inadırıcı deyil.

Картинки по запросу almaniyada azərbaycanlılar intihar edir

- Baş verən intiharlara oradakı səfiriyimizin, əlaqəli təşkilatların reaksiyası hansı səviyyədədir?

 

- Çox təəssüf edirəm ki, bu vaxta kimi baş verənlərə, ümumiyyətlə Azərbaycandan miqrasiyaya, xaricdə olanların problemlərinə, təşkilatlanma potensialına normal cəhdlərin şahidi olmamışam. Azərbaycan vətəndaşları səfirlikdən uzaq olmağa calışırlar. Buna görədir ki, xaricdə olanların heç 5 faizi konsulluq qeydiyyatına dayanmır. Xarici İşlər Nazirliyi və səfirliklər azərbaycanlıların təşkilatlanmasına mane olur. Yalandan diaspor təşkilatlanması kimi ifadələri gündəmdə saxlamağa calışırlar. Diasporla bağlı yalan məlumatlar paylaşılır. Unudurlar ki, yalanın kolgəsində uğur əldə etmək olmaz.

 

Ən təsirlisi ondan ibarətdir ki, baş verən intiharlara aidiyyəti təşkilatların, qurumların münasibəti həddən artıq pisdir, laqeydlik göstərirlər. Berlindəki Azərbaycan səfirliyi özünü korluğa vurub. Baş verən hadisələrlə maraqanmırlar, diqqət ayırmırlar. Halbuki "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikası, harada yaşamasından asılı olmayaraq, bütün vətəndaşlarını himayə və müdafiə etməlidir.

 

Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Almaniyadakı nümayəndələri son vaxtlar aktivləşiblər. Baş verən hadisələrlə maraqlanır, yardımlarını təklif edirlər.

Müəllif: Rumiyyə Miraslan