Muəllif:

QUM KİTABI

Sirli qonaq kitabı İndostanda bir aborigendən aldığını dedi. Kitab “Qum Kitabı” adlanır, çünki, “O da qum kimidir, nə əvvəli var, nə də sonu”…

Elçin Şıxlının yubileyinə “Aynaçılar” bir film çəkiblər. Arif Əliyev ortaya bir qum saatı çıxarır o filmdə. İlk dəfə yubiley günü, dostlarla qohumların yubilyarı sevgi selinə bürüdyü axşam baxdıq filmə. Və qum saatı məni Dünya, zaman, son və sonsuzluq haqda çeşidli düşüncələrə daldırdı. Ən sevdiyim yazıçının ən sevdiyim hekayəsini xatırladım.

Borxes mətnlərində Zamanın təbiəti və Fəzanın ölçüsü haqda fikirlərə çox yer verir. O, zaman, məkan, sonsuzluq kimi anlayışları uşaq oyuncağı kimi əyir, bükür, dünyanın bütün nöqtələrini bir nöqtədə birləşdirir, qədimlərdən gələn arxetipləri bir səhifədə görüşdürür. Sonsuzluğun Peyğəmbəridir Xorxe Luis Borxes.

“Mən həyatı yaşamadım, oxudum” demişdi Borxes. Gənc yaşda gözləri zəifləyir və zamanla kor olur. Ən gözəl əsərlərini də məhz o vaxt yazır. 75 yaşında, artıq tamamən qaranlığa qərq olduğu dünyasında yaşarkən yazdığı “Qum Kitabı” hekayəsi onun zaman və fəza haqdakı fantasmoqorik fikirlərinin sintezidir – “Əgər fəza sonsuzdursa, biz fəzanın hər nöqtəsində varıq. Və əgər zaman sonsuzdursa, biz zamanın hər anında varıq”.

* * *

Yubiley və onun xoş təntənəsindən iki gün sonra Elçinlə “Torqovı”da gəzirik. “Hardan çıxartdı Arif bu Qum saatını?” deyirəm və  cavabını gözləmədən yenə sual edirəm – “Zaman nədir?”. Filmdəki kimi susur. 60 yaşına girmiş dostum sualdan qaçmaq üçün nəsə dəxilsiz bir şey deyir. Amma söhbət dolanıb yenə gəlir eyni yerə.

Sonun və sonsuzluğun nə olduğunu neçə dəfə düşünübsüz? Məktəbdə, aşağı siniflərdə iki nöqtənin birləşməsindən yaranan düz xəttin sonsuzluğa qədər uzandığını düşünəndə ən uzaq yer kimi ağlıma pinqvinlər yaşayan yerlər gəlirdi. O vaxt uzaqlıq anlayışımda Antarktida ən varılmaz yer idi. Sonra kimsə paralel xəttlərin sonsuzluqda kəsişdiyini dedi. İnanmadım, cırnadım, axşam atama sordum. Evklid və Lobaçevskinin adını ilk dəfə onda eşitdim.

16 yaşımda babam vəfat etdi, dünyam yıxıldı, son və sonsuzluğa başqa yöndən baxmaq istədim. Təsəlli üçün. Amma nə baxa bildim, nə də təsəlli tapdım. Ta ki, çox sonralar Borxesi kəşf edənə qədər. Onu oxuyandan sonsuzluq haqda daha çox düşünürəm. Elçinə danışmaq  istəyirəm, amma fikri başqa yerdədir. Sanki onun da düşüncələri “uzaq pinqvinlər ölkəsindədir” – iki paralel xəttin kəsişdiyi diyarda…

* * *

“Qum Kitabı” Kitablar Kitabıdır, başı və sonu olmayan bu kitab zamanın və kainatın sonsuzluq simvoludur. Hekayəni ilk oxuyandan sonra təkrar-təkrar qayıtmaq istəyir insan ona. Yalnız sonradan anlamağa başlayırsan ki, kitab Tanrı kimi bütün zamana və sonsuz fəzaya sahibdir, şüurumuzun obrazıdır elə bil. Şüur isə hər yerdə və hər zaman var.

Hekayə əsərin qəhrəmanı yaşlı bir kitabxanaçının (Borxesin ümumiləşdirilmiş obrazıdır) dilindən nəql olunur. Evinə gələn naməlum bir adam ona kitab satmaq istəyir. Ev sahibi əvvəlcə razılaşmır, satıcı israr edir, kitabın müqəddəs olduğunu deyir. Kitabxanaçı alıb kitabı  açır, 999-cu səhifədən sonra 40514-cünün gəldiyini görür. Hər səhifə fərqli və naməlum dildədir. Kitabı başdan açınca yeni səhifələr yaranır, sonu da yoxdur onun. Axırıncı vərəqi də çevirincə yeni səhifələr əmələ gəlir. Qum kimidir Kitab — nə başı var, nə də sonu.

Kitabxanaçı qonağa təqaüdü ilə Uiklifin qotik şriftli İncilini verib əvəzində sirli Kitabı alır. Onu “Min bir gecə” kitabının cildləri arasında gizlədir. Kimsəyə göstərmir, onunla yatıb, onunla qalxır. Belə nadir bir kitaba sahib olma sevinci qorxu ilə əvəz olunur. Dostlarından uzaqlaşır, küçəyə çıxmır, kitabın əsirinə çevrilir. Qeyri-adi bir şeylə qarşılaşdığını anlayan kitabxanaçı çılğına dönür, ağlı başından çıxır. Kitabdan qurtulmaq üçün yandırmaq istəyir, amma sonsuz Kitab sonsuza qədər yanar deyə çarəni onu yerli kitabxananın zirzəmisinə atıb gizlətməkdə tapır.

“Bu kitab insanın ağlını başından alır. Onun səhifələri qum dənəcikləri kimidirlər. Həqiqətən də səhifələr o qədər çoxdurlar ki, qum qədər sonsuzdurlar’’.

Realı irrealla toqquşdurmaq, tutaşdırmaq, bir-birinə düşürmək. Borxesin özəlliyi də bundadır. Qorxu janrının usta qələmi Hovard Lavkraft toqquşmanın dəhşətini təsvir edir, Borxes isə onu reallığa çevirir. “Tilsimli realizm”in zirvəsidir Borxes. Onun bir çox personajı sehr və mistika qarşısında çılğına dönür. Bu, insan psixologiyasının xüsusiyyətindəndir yəqin. Yetkin insan möcüzəyə inanmır. İnstiktiv olaraq sehri tryuk olaraq görür və bunu aydınlaşdırmaq istəyir. Buna təşəbbüs edən kimi də uduzur.

* * *

Ertəsi gün ildırım sürətilə kitab oxuyan dostumuz Yusif bizi — Ramiz Rövşən, Ramiz Həsənoğlu, Elçin və məni sakit bir yerə dəvət edir. Ramiz Rövşən böyük şair olmaqla yanaşı həm də çox erudisiyalıdır, nadir intellektualdır. Dayana bilməyib söhbəti yenə Borxes və “Qum Kitabı”na sürükləyirəm. Elçin “Yenəmi Borxes” deyə qımışır. Kitabxanaçının İncili verib “Qum Kitabı”nı almağını soruşuram Böyük Şairdən. “Borxes argentinalı olsa da, Avropa düçüncəli yazardır. Ona görə düşüncəsi miqyaslı, xəyal gücü sonsuzdur”,- deyir Ramiz Rövşən. “Yenəmi sonsuzluq?” deyə sakitləşə bilmirəm.

İncil xristianlar üçün insanlıq tarixidir, xeyir və şərin mübarizəsi, həyatın mənası o müqəddəs kitabdadır. Buna baxmayaraq kitabxanaçı onu “Qum Kitabı”na dəyişir, Əbədiyyətin sirrinin bu kitabda olduğunu düşünür çünki. Kitabda isə Həqiqət yoxdur. Borxes Həqiqəti başqa prizmadan görür. İnsanı intizarda qoyur. Həqiqəti tapmağı onun özünə buraxır.

Cavabsız suallar verməyi, soruya isə konkret cavab verməyi sevməzdi Borxes. Markesin dediyinə görə, Buenos-Ayresdə “Siz Borxessinizmi?” sualına Dahi Mistifikator “Bəli, hərdənbir” cavabını verir.

Elçində də var belə Borxesvari cavablar. Mən isə deyəsən, artıq Qum saatı ilə Qum Kitabını qarışdırmağa başladım. Borxesin hekayəsi və bir tərəfdən də Arifin filmdəki Qum saatı ilə Elçinin eyni adlı məqaləsi. Və nəhayət oxuduğunuz bu sətirlər.

Mən bu məqaləni yazan anda Borxes də “Qum Kitabı”nı yazır. Siz isə məqaləmi oxuyur və eyni anda “Qum Kitabı” hekayəsini yazırsınız.

Mən Bakıda başladığım məqaləmi İstanbulda yazmağa davam edirəm. Arada isə başımı qaldırıb Elçinin qürurla keçmişinə baxdığını görürəm…

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (13 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 523